Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həbs edilən Vüsal Babayevlə bağlı açıqlama verib.
Xidmətdən AzadMedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsində yoxlamalar keçirilib: “Xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb, xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib.
Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb. Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim aparılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir”.
Qeyd edək ki, Vüsal Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.
O, rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.