Oktyabrın 29-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Milli Məclisin nümayəndə heyətinin oktyabrın 20-dən 22-dək Yunanıstanın paytaxtı Afina şəhərinə işgüzar səfəri barədə qısa məlumat verib. Bildirib ki, səfərdə məqsəd Parlament sədrlərinin Avropa konfransında iştirak etmək idi.
Milli Məclisin sədri qeyd edib ki, Parlament sədrlərinin ilk Avropa konfransı 1975-ci ildə baş tutub. O vaxtdan bəri bu tədbir ənənəvi olaraq 2 ildən bir ya Strasburqda, ya da Avropa ölkələrindən birinin paytaxtında keçirilir. Bu dəfəki konfransda Avropa Şurasının üzvü olan 47 ölkənin parlament sədrləri, habelə müşahidəçi dövlətlərin 400 nəfərədək təmsilçisi iştirak edirdilər.
2 gün davam edən toplantıda müxtəlif mövzular ətrafında səmərəli müzakirələr aparıldı. Mən də 2 mövzu üzrə çıxış etdim.
Oktyabrın 21-də konfransın açılış mərasimində "Demokratiya COVID-19 pandemiyasının səhiyyədə yaratdığı böhranla üz-üzə: təcrübə mübadiləsi, növbəti addımlar" mövzusunda aparılan müzakirələrdə iştirak etdim.
Çıxışımda mən bu qlobal bəlaya qarşı ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verdim. Pandemiyanın bir çox ölkələrdə ciddi çətinliklərə səbəb olacağı, inkişaf meyillərinə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlığımı ifadə etdim.
Həmçinin, ölkəmizin pandemiyaya qarşı qlobal mübarizəyə və beynəlxalq təşəbbüslərə dəstəyi haqqında da danışdım. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təklifi ilə ötən ilin dekabrında Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirildiyini, bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsi üçün yenə də Qoşulmama Hərəkatı adından Azərbaycanın irəli sürdüyü qətnamə layihəsinin BMT-nin İnsan Hüquqları Şurasında bu ilin mart ayında yekdilliklə qəbul edildiyini də xatırlatdım.
Onu da bildirdim ki, Azərbaycan dünyanın pandemiyadan daha tez və daha az itkilərlə çıxması məqsədi ilə qlobal tədbirlərə dair tövsiyələr verə biləcək BMT-nin Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını məqsədəuyğun hesab edir.
Sahibə Qafarova diqqətə çatdırıb ki, oktyabrın 22-də konfransda “Bütün Avropa vətəndaşlarının ümumi gələcəyi” mövzusunda keçirilən müzakirələrdə onun növbəti çıxışı olub. Çıxışında belə bir fikrini ifadə edib ki, müasir dövrün çağırışları demokratik idarəçilik problemlərinin ötən dövrdə təşəkkül tapmış paradiqma çərçivəsində həllinin mümkün olmadığını göstərir.
Çıxışında qeyd edib ki, demokratik dəyərlər sistemi üçün təhdidlər doğuran təhlükəsizlik problemlərinin, xüsusən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qəsdlərin, etnik separatizmin, davakar millətçiliyin qarşısının alınması üçün vahid yanaşma formalaşdırılması zəruridir.
Ermənistanla Azərbaycan arasında mövcud olmuş və artıq keçmişdə qalmış münaqişənin həlli ilə bağlı danışıqların uğursuzluqla nəticələnməsini ortaq həll yolunun tapılmaması ilə əlaqələndirib. Bildirib ki, uzun illər münaqişənin sülh yolu ilə nizama salınması üçün göstərilən beynəlxalq səylərin nəticə verməməsinin bir səbəbi Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymaması, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması idisə, digər səbəbi isə təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, bir sıra hallarda işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, beynəlxalq birliyin tələblərinə məhəl qoymayan, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyət göstərilməməsi də olub. Əgər münaqişənin həllində ikili standartlara yol verilməsəydi, Azərbaycan işğal edilmiş torpaqlarının azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini, digər beynəlxalq təşkilatların sənədlərini öz gücü ilə icra etməyə məcbur olmazdı.
Sahibə Qafarova xatırladıb ki, ötən il sentyabrın 27-də Ermənistanın daha bir təxribatından sonra Azərbaycan BMT-nin Nizamnaməsi ilə nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı dayandırmaq və Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün əks-hücum əməliyyatlarına başladı. Xalqımızın 44 günlük Vətən müharibəsi nəticəsində biz beynəlxalq ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Bununla da Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıq yarandı.
Ermənistan yeni reallıqla barışaraq onu qəbul etməli, 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış və bölgənin sülh və təhlükəsizlik məkanına çevrilməsinin parametrlərini özündə ehtiva edən üçtərəfli bəyanatları tam yerinə yetirməlidir.
Milli Məclisin sədri qeyd edib ki, konfransın davam etdiyi günlərdə bir sıra ikitərəfli görüşlər də keçirilib. Sahibə Qafarova Avstriya Parlamenti Milli Şurasının sədri cənab Volfqanq Sobotka, İsveçrə Federal Assambleyası Milli Şurasının sədri cənab Andreas Aebi, Monteneqro parlamentinin sədri cənab Aleksa Becic, Moldova Parlamentinin sədri cənab İqor Qrosu ilə aparılan danışıqların faydalı olduğunu deyib. Sədr səfər çərçivəsində ATƏT-in Parlament Assambleyasının sədri xanım Marqareta Sederfeltin istəyi ilə onunla da görüş keçirdiyini diqqətə çatdırıb.
Sahibə Qafarova bildirib ki, bütün bu görüşlərdə o, 44 günlük Vətən müharibəsində Azərbaycanın 30 ildən bəri Ermənistanın işğal altında saxladığı torpaqlarını azad edərək, ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. Qeyd edib ki, bununla da ölkəmiz BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini özü yerinə yetirib. Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla münaqişəyə son qoyulub və Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb.
Görüşlərdə Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan üçtərəfli Bəyanatda əksini tapan bütün öhdəliklərini yerinə yetirir, lakin Ermənistan tərəfindən törədilən təxribatlar regionda davamlı sülhün təmin olunmasına maneçilik törədir. 10 noyabr Bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Təqdim olunan bəzi xəritələrin dəqiqliyi isə yalnız 25 faizdir. Görüşlər zamanı Sahibə Qafarova xüsusi vurğulayıb ki, Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində bu günədək 150 mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb.
Nəzərə çatdırıb ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmanla Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü müəyyənləşdirilib, iki yeni rayon – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur və bəzi beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin hələ də işlədilməsi yolverilməzdir. Artıq Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb. Həyata keçirilən quruculuq işləri bölgənin inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə əlverişli şərait yaradacaqdır.
Milli Məclisin sədri səfərin uğurlu keçdiyini bildirib və bununla əlaqədar nümayəndə heyətimizin hər bir üzvünə minnətdarlığını bildirib.
Sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.