AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin iki komitəsinin birgə iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə olunub

  • + A
  • - A
  • 4-11-2023, 21:40

    Milli Məclisin iki komitəsinin birgə iclasında 2024-cü ilin  dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə olunub

    Noyabrın 4-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
    Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, iclasda 6 məsələ - birinci oxunuşda təqdim olunan “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunacaq.
    Sonra Musa Quliyev həmin qanun layihələrini təqdim edib.
    Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycan dövləti öz tarixinin ən şərəfli, ən qüdrətli dövrünü yaşayır. Ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib, azad Qarabağda və Şərqi Zəngəzurda nəhəng infrastruktur layihələri icra olunur, sosial islahatlar uğurla davam etdirilir. Aparılan islahatlar nəticəsində 2018-2023-cü illər ərzində orta aylıq əmək haqqı 70%, minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,1 dəfə, sosial müavinətlər və təqaüdlər üzrə xərclər 5 dəfə, median əmək haqqı 2,1 dəfə, əmək haqqı fondu 2,6 dəfə artmış, ehtiyac meyarı yaşayış minimumuna çatdırılmışdır.
    Diqqətə çatdırılıb ki, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun tələblərinə və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb. Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur.
    Fondun gəlirlərinin 5 milyard 288,1 milyon manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması proqnozlaşdırılır ki, bu da cari ildəkindən 10,5%, yaxud 504,5 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 64,0%-i qeyri-büdcə sektorunun, 36,0%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.
    Qeyd edilib ki, orta aylıq əmək haqqının cari ilin sonuna 930 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 11% artırılmasını təmin etməyə imkan yaradacaq.
    2024-cü ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 392 milyon manat proqnozlaşdırılır və bu 2023-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 75,8 milyon manat və ya 5,2% azdır.
    Musa Quliyev Dövlət Sosial Müdafiə Fondunun xərcləri ilə bağlı qeyd edib ki, Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 6 milyard 681 milyon 580 min manatını əhaliyə ödənişlər təşkil edəcək. Əhaliyə ödənişlər üzrə xərclərin 6 milyard 500 milyon manatı əmək pensiyalarının, 181,6 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin payına düşür.
    Bildirilib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cü ildə 483 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq 454 manata yüksəlməsi proqnozlaşdırılır. Cari və növbəti illərdə əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 46,8% və 49,3% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcək.
    Qeyd edilib ki, növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi, pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri ümumilikdə 78,5 milyon manat məbləğində proqnozlaşdırılır.
    Komitə sədri nəzərə çatdırıb ki, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, pensiyaçıların sosial rifahının qorunması məqsədilə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş əmək pensiyaçılarına ödənilən maddi yardımlar 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksləşdirilmişdir.
    2024-cü ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 181,6 milyon manat vəsait nəzərdə tutulur. Bu, cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 6,6%, yaxud 11,2 milyon manat çoxdur.
    Bildirilib ki, büdcənin xərclər hissəsində sair xərclər olaraq nəzərdə tutulmuş vəsaitin məbləği Hesablama Palatasının da tövsiyələri nəzərə alınmaqla, ilk dəfə olaraq Dövlət Sosial Müdafiə Fondu büdcəsində xərc istiqaməti kimi nəzərdə tutulub.
    Qeyd edilib ki, cari il ərzində Fondun investisiya fəaliyyətinin həyata keçirilməsi məqsədilə müvafiq normativ-hüquqi baza formalaşdırılıb və cari ilin əvvəlinə Fondun formalaşmış olan 1.050 milyon manat sərbəst vəsaitinin investisiya yönəldilməsi təmin edilib.
    Komitə sədri DSMF-nin fəaliyyəti üzrə iqtisadi fəallığın daha da artırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən xidmətin dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra təklifləri səsləndirib.
    Sonra Musa Quliyev "İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi barədə danışıb. O, bildirib ki, 2024-cü ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 20,3 milyon manat, yaxud 9,3% çoxdur.
    Diqqətə çatdırılıb ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 179,98 milyon manatı, yaxud 75,6%-i işsizlikdən sığorta haqları üzrə yığımın, 57,95 milyon manatı, yaxud 24,4%-i isə cari ilin sonuna qədər istifadə olunmamış vəsait hesabına formalaşacaq. Sığorta haqları üzrə yığımın 74,8%-i qeyri-büdcə sektorunun payına düşəcək.
    Növbəti ildə Fondun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 30,7%-i özünüməşğulluq tədbirlərinin, 23,1%-i məşğulluq xidməti orqanının saxlanmasının, 18,9%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 14,7%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək.
    Cari il ilə müqayisədə 2024-cü ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 4 milyon manat, yaxud 26,6 %, peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin 13 milyon manat, yaxud 37%, sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin ödənilməsi xərclərinin 2 milyon manat, yaxud 50% artırılması, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 14,5 milyon manat, yaxud 16,6% azaldılması nəzərdə tutulur.
    Qeyd edilib ki, 2024-cü ildə də özünüməşğulluq layihəsi davam etdiriləcək və bu proqram çərçivəsində 10.000 nəfərin İşsizlikdən Sığorta Fondunun xərcləri hesabına, daha 6.000 nəfərin isə Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə cəlb olunması nəzərdə tutulur. Beləliklə özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı 80.000 nəfərə çatacaq.
    Sonra komitə sədri Musa Quliyev gündəlikdəki digər məsələləri təqdim edərək, bildirib ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə uyğun olaraq, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir.
    O, qeyd edib ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində nəzərdə tutulur.
    Sonra Musa Quliyev “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. Sənədə əsasən, sığortaolunanın seçim hüququ il ərzində yarandıqda hüququn yarandığı gündən 15 gün ərzində öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və məcburi dövlət sosial sığorta haqqının minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından hesablanması seçim hüququnun yarandığı gündən etibarən tətbiq edilir. Eyni zamanda, sığortaolunan seçim hüququnu itirdikdə, məcburi dövlət sosial sığorta haqqının minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından hesablanması seçim hüququnun itirildiyi gündən etibarən dayandırılır. Bununla yanaşı, layihədə qanunun 14.8-ci maddəsinin əmək müqaviləsi əsasında işləyən işçilərə münasibətdə tətbiqi ilə bağlı dəqiqləşdirmə aparılıb.
    Komitə sədri “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair qeyd edib ki, təklif olunan düzəlişlər işsizlikdən sığorta haqqı ala biləcək vətəndaşların kateqoriyasının genişləndirilməsinə, sığorta stajının azaldılmasına və uşaqlara görə əlavə ödənişlərə qoyulan məhdudiyyətin aradan qaldırılmasına xidmət edir.
    Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili müzakirəyə təqdim olunan qanun layihələri ilə bağlı fikirlərini bildirib. Komitə sədri qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri dövlət büdcəsi xərclərinin təxminən 20 faizinə bərabər olmaqla 1 milyondan çox insana xidmət edir. Layihələrdə DSMF-nin gəlirlərinin növbəti ildə təxminən 10 faiz artırıldığını deyən komitə sədri bu təklifin gələn ildə iqtisadi artımla bağlı gözləntilərə uyğun olduğunu bildirib.
    Komitə sədri növbəti 3 il üçün də təqdim olunmuş proqnoz göstəricilərdə fondun gəlirlərində artımın proqnozlaşdırılmasını da müsbət dəyərləndirib.
    DSMF-nin gəlirlərinin idarə olunması ilə bağlı keçən il qanunvericiliyə edilən dəyişikliklər nəticəsində fondun əlavə gəlir imkanları əldə etməsindən danışan Tahir Mirkişili cari ildə bu istiqamətdə müəyyən vəsaitlərin daxil olacağını qeyd edib.
    İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında komitə sədri müsbət rəyini bildirərək, məşğulluğun təmini ilə bağlı daha çox vəsaitlərin sərf olunmasını, vətəndaşların peşə hazırlığı və əlavə təhsilin təşkili kimi tədbirlərin daha geniş və səmərəli şəkildə həyata keçirilməsini müsbət qiymətləndirib.
    İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ümumilikdə fondların gələn il gəlir və xərclərinin yerinə yetirilməsinə heç bir iqtisadi təhlükə görmədiklərini diqqətə çatdırıb, onların dayanıqlığının artırılması ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndirib.
    Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edib. O, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin ümumi büdcənin 10,4 faizini təşkil etdiyini söyləyib. Burada məcburi dövlət sosial sığorta üzrə gəlirlərin 11 faiz proqnozla artırıldığını və onun daxilində qeyri-büdcə sektorunun 13 faiz artırıldığını söyləyib. Növbəti ildə cari ildəkindən 5 faiz, yəni 76 milyon manat az olaraq, dövlət büdcəsindən transfert ediləcək. Bu o dəməkdir ki, DSMF-nin büdcəsində dövlət büdcəsindən ödənilən vəsaitin həcmi cəmi 20 faiz təşkil edir, 80 faiz isə sosial sığorta haqları hesabına yığılan vəsaitdir. Bu, DSMF-nin müstəqilliyi, maliyyə dayanıqlığı və gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
    Nazir bildirib ki, əmək pensiyalarının maliyyələşdirilməsi üçün 10 faizdən daha çox vəsait nəzərdə tutulub. Yaradılmış sığorta ehtiyatı, onun investisiyaya yönəldilməsi məsələsi ilə bağlı qeyd edilib ki, bu ilin avqust ayından başlayaraq, noyabrın 1-dək 600 milyon manat artıq yerləşdirilib. Bu investisiyadan gələn gəlirlər pensiya və sosial islahatlara, şəhid ailələrinin, müharibə əlillərinin təminatına və digər sosial məqsədlərə yönəldiləcək.
    O, DSMF-nin xidmətlərinin elektronlaşdırılması sahəsində görülən işlər, orta aylıq pensiya məbləğinin artım dinamikası, pensiya xərclərinin ÜDM-də nisbəti, pensiya fondunun dayanıqlığı baxımından həyata keçirilən tədbirlərdən də bəhs edib.
    Sahil Babayev İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı fikirlərini açıqlayaraq, bildirib ki, qarşıdakı dövrdə əsas məsələlərdən biri qeyri-büdcə təşkilatlarından daxilolmaların artırılmasıdır və növbəti ildə bu göstərici 17 faizdən çox planlaşdırılır. O, Fondun büdcəsində hər il ehtiyatın yarandığını və bunun proqnozlaşdırılan gəlirdən artıq yığılan gəlirlə bağlı olduğunu deyib. Qeyd edib ki, işədüzəltmə ilə bağlı işlər daha da aktivləşib və son 5 il ərzində ümumilikdə 1 milyon vətəndaşa məşğulluq xidməti göstərilib. O. işsizliyə görə sığorta ödənişləri ilə bağlı artımın nəzərdə tutulduğunu söyləyib.
    Daha sonra nazir Sahil Babayev növbəti ildə yaşayış minimumu, ehtiyac meyarının həddi, habelə “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklər barədə danışıb.
    İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün büdcə layihələrinə dair rəyləri təqdim edib.
    O, bildirib ki, rəyin məqsədi Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlir və xərc istiqamətləri üzrə proqnoz göstəricilərinin əsaslılığının və nəzərdə tutulan sosial-iqtisadi inkişafın məqsədləri ilə uyğunluğunun, qanun layihələrinin tərtibi və təqdim edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələblərə əməl edilməsi vəziyyətinin qiymətləndirilməsindən ibarətdir.
    Qeyd edilib ki, məlumat bazası kimi hər iki fondun büdcələrinin 2022-ci il və 2023-cü ilin birinci yarısı üzrə icrası, habelə illik proqnoz, gözlənilən icra göstəricilərindən, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsi ilə birgə təqdim edilmiş məlumat və göstəricilərdən, fondların statistik məlumatlarından, Hesablama Palatasının əvvəlki illərdə həyata keçirdiyi nəzarət tədbirlərindən, verdiyi rəylərdən və analitik məlumat bazasından, Dövlət Vergi Xidmətinin və Dövlət Statistika Komitəsinin məlumatlarından istifadə edilib.
    Vüqar Gülməmmədov hər iki fondun büdcə layihəsi ilə bağlı Hesablama Palatasının tövsiyələrini diqqətə çatdırıb.
    Sonra iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxış edib. O, təqdim olunan büdcə layihələrinin Azərbaycan Respublikasının 2026-cı ilə qədər dövrü əhatə edən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq hazırlandığını söyləyib, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətdə bütün sahələrdə görülən işlərin vacibliyini qeyd edib.
    Nazir müavini bildirib ki, ötən ilin büdcə göstəriciləri, həm dövlət və icmal büdcələri, həm də DSMF və İşsizlikdən Sığorta Fondunun büdcələri yaxşı səviyyədə icra olunub. Ölkə başçısının rəhbərliyi ilə son illərdə aparılan islahatların iqtisadiyyatın dayanıqlığını təmin etməsi buna imkan yaradıb.
    O, cari il və növbəti ildə neft və qaz sahəsində gözlənilən dəyişikliklər barədə danışıb. Vaxtında görülmüş tədbirlər nəticəsində növbəti il və sonrakı 3 ilin büdcə layihələrinin nikbin olduğunu, bunun üçün yaxşı zəmin yaradıldığını deyib.
    Diqqətə çatdırılıb ki, sosial sığorta yığımları üzrə artım dinamikası müşahidə olunur. Belə ki, bu ilin 9 ayı ərzində dövlət sosial sığortası üzrə daxilolmaların proqnozu 109 faiz icra olunub və 3,8 milyard manat vəsait toplanıb. İşsizlikdən sığorta üzrə daxilolmaların proqnozu 112 faiz icra olunub, bu daxilolmalar 15 faizdən çox artıb. İcbari tibbi sığorta haqları üzrə daxilolmaların proqnozu 106 faiz icra olunub və 683 milyon manat vəsait daxil edilib. Qeyd edilib ki, bu göstəricilərin gələcəkdə də dayanıqlığının təmin olunması və artıma nail olunması üçün sahibkarlığın dəstəklənməsi məsələsinə diqqət yetirilməlidir. Bildirilib ki, 2022-ci ilin yekunlarına görə dövlət vergi orqanları və gömrük orqanları tərəfindən sahibkarlara edilən güzəştlərin həcmi 7,6 milyard manat təşkil edib.
    Sahib Ələkbərov təqdim olunan büdcə proqnozlarının yüksək səviyyədə yerinə yetirilməsi üçün gələcəkdə daha yaxşı imkanların olacağını söyləyib.
    Sonra Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov çıxış edərək, 2024-cü ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələrinə Dövlət Statistika Komitəsində baxıldığını, bununla bağlı informasiya təminatının həyata keçirildiyini və vaxtlı-vaxtında rəqəmlərin təqdim edildiyini, habelə müxtəlif proqnozların ssenarilərinin hesablanması üçün istifadə olunan rəqəmlərin yoxlanıldığını və heç bir fərqin olmadığını bildirib.
    Sonra təqdim olunan sənədlər ətrafında müzakirələr aparılıb.
    Parlamentin komitə sədrlərinin müavinləri Məlahət İbrahimqızı, Əli Məsimli, üzvləri Vüqar Bayramov, Rüfət Quliyev, Arzu Nağıyev, İlham Məmmədov, Soltan Məmmədov, Aydın Hüseynov, Jalə Əliyeva, Ziyad Səmədzadə, Sevinc Hüseynova çıxış ediblər, qanun layihələri barədə fikirlərini və qeydlərini diqqətə çatdırıblar.
    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatların suallarını cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətirib.
    Müzakirələrin sonunda gündəliyə daxil edilən qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
    İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Hesablama Palatasının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR