Xalqa yox, özünə xidmət edən “balaca padşahlar”... - Nökər ağadan yaxşı yaşayırsa...
Yerli icra strukturları, icra hakimiyyəti başçılarının fəaliyyəti narazılığa səbəb olur.
Vətəndaşların çoxsaylı şikayətləri, zaman-zaman yüksək səviyyəli toplantılarda dövlət başçısının konkret iradları bunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu məsələyə mütəmadi olaraq toxunur, icra başçılarına, qurum rəhbərlərinə sərt şəkildə xəbərdarlıq edir. Əsas narazılıq isə “balaca padşahlar”ın əhalinin şikayətlərinə laqeyd münasibətindəndir. Qəribədir ki, icra başçılarının, aşağı ranqlı məmurların səlahiyyətində olan ən xırda məsələ belə, ən yuxarı səviyyədə həll olunur.
Son aylar ölkədə bir sıra sosial-iqtisadi islahatlar həyata keçirilir, struktur və kadr dəyişikliyi aparılır. Yelri icra hakimiyyətlərindən narazılıqlar bu strukturlarda islahatları zəruri edir. Mütəmadi olaraq xəbərdarlıqdan nəticə çıxarmayaraq, xalqı narazı salan icra başçılarının vəzifəsini itirəcəyinə dair xəbərlər dolaşır. Hətta barəsində şikayətlərin çox olduğu bəzi başçılar artıq vəzifəsi ilə vidalaşmalı olub.
Bu günlərdə isə Kəlbəcər rayon İcra Hakimiyyəti gündəmə gəlib. Belə ki, icra hakimiyyətinə xidməti avtomobil alınması ilə bağlı tender elan olunub. Bu tenderin elanı uzun zamandır ki, adı çəkilməyən, fəaliyyəti gözə dəyməyən daha bir icra başçısını- Aqil Məmmədovu gündəmə gətirib. Qeyd edək ki, tenderdə alışı nəzərdə tutulan “Mercedes Benz S 350” markalı avtomobildir. Avromobilin bazar qiyməti 250 min manatdır.
Sözügedən tender elanının böyük səs-küyə səbəb olduğunu görən icra hakimiyyəti məsələyə aydınlıq gətirmək istəyib. Belə ki, həmin tender elanında adı qeyd olunan sektor müdiri Kazım Zamanov mətbuata açıqlamasında deyib ki, hələ maşın alınmayıb, sadəcə, tender elanı yayılıb:
“Bizə maşın almaq üçün dövlət büdcəsindən 55 min manat vəsait ayrılıb. Sadəcə, biz işlənmiş maşın nəzərdə tutmuşduq. Düzdür, tender elanında bu göstərilməyib, amma niyyətimiz o idi ki, bu qiymətə işlənmiş maşın alaq. Bizim o qiymətə maşın almağa nə imkanımız var, heç olsa da, o qiymətə almarıq. Sadəcə, başçı istəyirdi ki, 50-55 minə maşın təklifi olarsa, alınsın. Bu da hökmən tenderdən keçirilməli idi”.
K. Zamanov bildirib ki, elan dərc olunandan sonra böyük səs-küy yaranıb. Buna görə də, dünən icra hakimiyyətində məsləhətləşmə aparılıb, maşının alınması təxirə salınıb: “Ehtiyac yoxdur...”
Nəzərə alsaq ki, avtomobillər müəyyən müddət istifadə olunduqdan sonra dəyərinin yalnız 20-30 faizini itirir, bazar qiyməti 250 min manat olan avtomobil, hətta 50 faiz ucuzlaşsa belə, icra hakimiyyətinin rəsmisinin dediyi kimi onu 55 min manata almaq mümkünsüzdür. Göründüyü kimi, icra başçıları büdcə vəsaitini qənaətlə xərcləmək əvəzinə, yalnız öz komfortlarını düşünürlər.
Bu, təkcə Kəlbəcər rayon İcra Hakimiyyəti ilə bağlı məsələ də deyil. Bir çox “balaca padşah”lar var ki, xidməti maşınlarının dəyəri yüz min manatlarla ölçülür. Baxmayaraq ki, ölkə başçısı məmurlara yerli istehsal olan avtomobillərdən istifadəni dəfələrlə tövsiyə edib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılmasının vacibiyini bildirərək məmurlara səslənib: “Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.
Bu məsələni stimullaşdıracaq qərar da mövcuddur. Belə ki, cari ilin yanvar ayında ölkə başçısının imzaladığı "Bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanda Nazirlər Kabinetinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısının Prezident ilə razılaşdırmaqla müəyyən etmək tapşırılıb. Bundan başqa siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsini təmin ediləcək. Nəticə barədə isə dövlət başçına məlumat verilməlidir.
Amma görünən odur ki, rayonlara rəhbərlik edən “balaca padşah”lar öz komfortlarına o qədər düşkündürlər ki, ölkə başçısının bu tövsiyələrinə əməl etmək niyyətində deyillər. Onlar üçün ölkə Prezidentinin dediyi kimi, xalqın xidmətçisi olmaq vəzifəsi arxa plandadır. Hətta qarajlarında dəyəri 200-500 min dollar olan “Ferrari”, “Porshe” və digər lüks avtomobillərdən koleksiya yığan icra başçıları da var. Bu haqda bu günə qədər kifayət qədər məlumatlar yayılıb.
İcra başçıları, bütün məmurları dövlət başçısının dediyi kimi, xalqı qidmət etməli olsalar da, əksinə pis nümunə göstərərək özləri barədə mənfi rəy formalaşmasına birbaşa zəmin yaradırlar.
Cebhe.info