"Rüşvət vermirəm deyə, universitetlər mənə qapı açmır" - Mikayıl Cabbarova müraciət
Ayyət Əhməd: "Rüşvət vermirəm deyə universitetlər üzümə qapı açmır”
"Şərq” qəzetinin redaktoru Ayyət Əhməd sosial media vasitəsi ilə təhsil naziri Mikayıl Cabbarova sual ünvanlayıb.
AZXEBER.COM-un məlumatına görə, universitetlərin rüşvət vermədiyi üçün ona qapı açmadığını iddia edən jurnalist, məsələ ilə bağlı birinci vitse prezident Mehriban Əliyevaya müraciət edəcəyini bildirib: "Elmi yolum magistratura pilləsi ilə sona çatdı. Heç bir ali təhsil müəssəsi, konkret olaraq Azərbaycan Dillər Universiteti, Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Univesiteti və İdman Akademiyası üzümə qapı açmadılar. Halbuki dəfələrlə Səməd Seyidovun dövründə onun, eyni zamanda xələflərinin, APİ və İdman Akademiyası rektorlarının qəbulunda oldum. Dil səviyyəmi ekspertlərinə yoxlatdırdılar və gözümün qabağında da müsbət RƏY verdilər.
"Gedin sənədlərinizi Kadrlar Şöbəsinə təqdim edin, növbəti dərs ilində dəvət edəcəklər" deyib sevindirib yola saldılar. Hələ də gözləyirəm. Sonradan dəfələrlə həmin ali təhsil müəssəsinə baş çəksəm də "Yer yoxdur, dərs saatı yoxdur. ştat yoxdur" deyib əli boş yola saldılar. Amma başımın üstündən 5-6 min pulunu alıb, fransız dilində cümlə qura bilməyənləri universitetə cəlb etdilər. Axı elm yolunu və ya illərimi sərf edib, öyrəndiyim bir dili tətbiq edib, daha da inkişaf etdirmək üçün bundan başqa nə etməliyəm? 2 ildir magistraturanı bitirmişəm.. Baxıram ki, fransız dilimi itirirəm... Hər ötən gün bir amil, detal passiv beynə keçir. Təhsil naziri Mikayıl Cabbarova müraciət edirəm. Cənab nazir, şam işığında oxuyub, bir qəpik belə olsun rüşvət vermədən magistratura pilləsini qazanmış və ixtisasına mükəmməl şəkildə yiyələnmiş bir gənc iş tapa bilmirsə, gənclərin qarşısında bu cür maneələr varsa, gənclər elmə necə və hansı yolla gələ bilər? Mövcud durum elm yolunu davam etdirmək istəyən gəncləri rüşvətə məcburetmədir. Birinci vitse prezidenti, respubikamızın birinci xanımı Mehriban xanım Əliyevaya məktubla müraciət edəcəm..Elmi yolumu davam etdirmək istəyirəm. Amma universitetlər qapı açmır. Səbəb isə rüşvət vermirəm”