Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın əmək miqrasiyası üzrə işçi qrupunun təşəbbüsü ilə hüquq fakültəsinin bir qrup tələbəsi üçün Zoom platforması üzərindən online seminar keçirilib.
Miqrasiya qanunvericiliyinin ayrı-ayrı komponentləri barədə məlumat verən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədr müavini, əmək miqrasiyası üzrə işçi qrupunun rəhbəri Kəmalə Məmmədova toxunduğu məsələlərin həm nəzəri, həm də praktiki aspektlərinin şərhini verib. Belə ki, seminarda əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasında daimi və müvəqqəti yaşamaq icazələri, iş icazələrinin alınması qaydaları və qanunvericiliyin əsas tələbləri haqqında ətraflı məlumat verilib. Tədbirdə həmçinin Azərbaycan Respublikası vətəndaşlığına qəbulun əsas şərtlərinə, qanunvericilik tərəfindən müəyyən olunan zəruri qaydalara və əməl olunması tələbi göstərilən müddəalara müfəssəl şəkildə aydınlıq gətirilib.
Seminarda iştirak edən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov səslənən fikirlərə əlavə olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin müvəqqəti yaşamaq icazələrinin alınması, xüsusilə də əcnəbinin sahib olduğu özəl müəssisənin qeydiyyata alındığı bölgədə fəaliyyətinin mövcud miqrasiya qanunvericiliyinin tələblərinə uyğun təşkil edilməsi barədə geniş məlumat verib.
Seminarda əcnəbilərin hüquqi statusu ilə bağlı yaranan vəziyyətlər ətrafında müzakirələr aparılıb, onların statusları ilə bağlı yaranan suallar cavablandırılıb. Bununla yanaşı seminar iştirakçıları miqrasiya qanunvericiliyində yer alan dəyişikliklər və pandemiyanın yayıldığı bir şəraitdə miqrasiya sahəsində baş verən yeniliklər barədə məlumatlandırılıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.