Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən müvafiq məkanlarda monitorinqlər davam etdirilir.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, şənlik mərasimlərinin başlanmasına icazə verildiyi tarixdən bu günə qədər 300-dən çox obyektdə monitorinq aparılıb.
İyulun 10-11-də keçirilmiş monitorinqlər zamanı şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyəti araşdırılıb, tələblərin pozulması hallarının qarşısı alınıb.
Bu, daha çox toylarda qonaqların say məhdudiyyətinin pozulması, mərasimlərə qatılan şəxslərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlərə malik olmamaları ilə bağlıdır. Monitorinqlər zamanı rast gəlinən pozuntu halları yerindəcə aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub.
Monitorinq qrupu tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim olunub.
Şənlik mərasimlərinə nəzarəti həyata keçirən orqanlar bir daha vətəndaşlara müraciət edərək toy, nişan, ad günü və s. tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün təşkilatçılardan qonaqların say məhdudiyyəti amilini nəzərə almalarını, gələn qonaqların müvafiq sənədlərə malik olmasını əvvəlcədən dəqiqləşdirmələrini tövsiyə edir.
Eyni zamanda, şənlik mərasimlərinin təşkili ilə məşğul olan məkan sahibləri mövcud zalların ölçülərinə uyğun sifariş qəbul etməli, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) tam şəkildə təmin etməlidirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.