"Ən yüksək bal yığsam da, pula görə məni kəsdilər": Gənc müəllimə MİKAYIL CABBAROVdan kömək istədi
2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin nəticələri çoxlu sayda narazılığın ortaya çıxmasına səbəb olub.
AZXEBER.COM-a göndərilən məktubda müsahibə yolu ilə imtahan verən Hüseynova Gülnarə Bəxtiyar qızı ona qarşı edilmiş haqsızlıqdan yazıb. Təhsil naziri Mikayıl Cabbarova da müraciət ünvanladığını deyən şikayətçi, nazirlik əməkdaşlarının suni yollarla onu müsabiqədən uzaqlaşdırdıqlarını bildirib.
Belə ki, imtahanda nəzərdə tutulmuş 60 balın öz ixtisası üzrə 56.24-nü toplayan G.Hüseynova Sumqayıt şəhər 24 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləmək şansı qazandığını bildirib:
"Yazıb sizə bildirirəm ki, mən Hüseynova Gülnarə Bəxtiyar qızı 2008-ci ildə Heydər Əliyev adına litseyi bitirmişəm. Elə həmin il 600 balla Bakı Dövlət Universitetinin mexaniki riyaziyyat fakültəsinə daxil olmuşam. 2013-cü ildə isə magistr pilləsi üzrə təhsil almışam. Azərbaycan Respubıikasının Təhsil Nazirliyinin 31 iyul 2017-ci il tarixində keçirdiyi müəllimlərin işə qəbulu imtahanında Riyaziyyat fənni üzrə 56.24 bal toplamağıma və Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbə qəbul olmağıma baxmayaraq, 24 Avqust 2017-ci ildə keçirilən müsahibə mərhələsində mənim dünya görüşümün olmaması kimi əsassız bəhanələr gətirdilər".
Şikayətçinin sözlərinə görə, heç bir əsası olmadan onu kəsən münsiflər "dünya görüşün yoxdur" kimi bir bəhanədən istifadə ediblər. G.Hüseynova bundan öncə bir çox təhsil mərkəzlərində abituriyent hazırlıqı ilə məşğul olduğunu və təhsil işində kifayət qədər təcrübəsi olduğunu münsiflərə bildiriyini deyib. Ancaq gənc xanım işləmək hüququ qazandığı 24 saylı Sumqayıt şəhər orta məktəbindən ikinci turdan uzaqlaşdırılıb:
"Bu nəticədən apelyasiya şikayəti verməyimə baxmayaraq, qərada heç bir dəyişiklik edilmədi. Əgər mən Ümummilli Lider Heydər Əliyevin bitirdiyi bir universitetde 6 il təhsil almışamsa, dünya görüşüm necə zəif ola bilər? Mən ixtisasdan mənə verilən 40 sualın hamısını cavablandırmaqla 100%-lik nəticə göstərmişəm. Xahis edirəm ki, mənə edilmiş bu haqsızlığı aradan götürəsiniz".