Cücərmiş kartoflar təhlükəlidirmi?
Bəzi kartofların rəng dəyişdirərək, cücərməsini əlbəttə hamımız görmüşük. Bəs bu kartofun qabığındakı cücərmə hansı səbəbə baş verir?
AZTB.info “deyerler.org”a istinadən xəbər verir ki, günəş altında və ya yüksək rütubətə malik şəraitdə uzun müddət saxlanılan kartofların rəngi sarıdan yaşıl rəngə çevrilir. Bu göyərmə kartofda, bütün yaşıl bitkilərdə olan xlorofilin artdığını göstərir.
Kartof qabıqlarının bəzi hissələrində görülən yaşıl rənglər əslində normaldır, bitkilərdə xlorofilə görə bu cür ləkələr yarana bilər. Ancaq məsələ kartof olduğu üçün solanin maddəsi işə başlayır.
Bir qismi və ya hamısı yaşıl rəngə bürünmüş kartoflar, solanin maddəsi səbəbilə zəhərlənmə təsiri verə bilər. Kartofda yaşıl rəngin sıxlığı artdıqca zəhərlənmə riski də artır. Kartofun yaşıl rəngli hissələrində olan solanin maddəsinin yaranması əvvəlcə qabıqdan başlayır. Müəyyən müddətdən sonra dərinə doğru irəliləyərək, kartofun hamısını əhatə edir.
Solanin zəhərlənməsinin insanlarda ortaya çıxardığı reaksiyalar arasında ürək bulanması, baş ağrısı, qarın ağrısı, ishal və qusma sayıla bilər. Şiddətli reaksiyalar arasında isə iflic, koma və ya hallyusinasiya sayıla bilər. Yaşıl kartof hissələrinin acı dada malik olması səbəbindən çox insan və heyvan onu udmur.
Əgər kartof tamamilə yaşıldırsa və ya dadı acıdırsa, birbaşa zibilə atmaqda fayda var. Əgər yaşıl nöqtələr kiçikdirsə, yaşıl olan hissəni bıçaqla kəsib kartofu istifadə etmək olar.