AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstehlakçılar gündəlik ödənişlərdə hansı üsula üstünlük verir?

  • + A
  • - A
  • 7-01-2023, 14:45

    İstehlakçılar gündəlik ödənişlərdə hansı üsula üstünlük verir?

    Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən rəy sorğuları çərçivəsində insanların gündəlik həyatda üstünlük verdikləri ödəniş üsulları öyrənilib.
    Qeyd edək ki, Dünya Bankının ötən il üzrə məlumatına görə, dünyada son 10 il ərzində bank hesabına, yaxud virtual "pul qabı"na malik olanların göstəricisi 51%-dən 76%-ə yüksəlib. Başqa sözlə, 2021-ci ildə hər dörd nəfərdən birinin bank, yaxud mobil pul hesabına malik olduğu bildirilir.
    Pandemiyadan əvvəl dünyada nağd puldan istifadə həcmində müşahidə olunan azalma tendensiyası pandemiyanın təsirləri ilə daha da sürətlənib. Tədqiqatlar postpandemiya mərhələsində kart ödənişlərinin yüksək həcmdə artdığını göstərir.
    Avropa Mərkəzi Bankının məlumatları koronavirus pandemiyası və iqtisadiyyatın davam edən rəqəmsallaşmasının ödəniş üsulları da daxil olmaqla gündəlik həyatın bütün sahələrinə təsir etdiyini göstərir. Rəqəmləri nəzərdən keçirdikdə, Avropa məkanında 2016-cı 79%-ə, 2019-cu ildə 72%-ə bərabər olan nağd ödənişlərin həcmi 2022-ci ildə 59%-ə qədər azalıb.
    Ayrı-ayrı tədqiqatlar Avropa ölkələri arasında kart ödənişlərinin miqyasına görə ilk sırada Norveçin, Finlandiyanın, nağd ödənişlər üzrə isə Bolqarıstanın, Rumıniyanın qərarlaşdığını göstərir. Yəni rəqəmsal ödəniş imkanlarının artmasına baxmayaraq, nağd ödənişlərin hələ də prioritet olaraq qaldığı ölkələr kifayət qədərdir.
    Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələri Azərbaycanda insanların daha çoxunun ödənişlərdə nağd üsuluna üstünlük verdiyini və nağd ödənişlərdən tamamilə imtina etmək istəmədiklərini göstərib. Belə ki, respondentlərin 78.6%-i market və mağaza ödənişlərində daha çox nağd üsulu ilə, 20.4%-i, yəni təqribən hər beş nəfərdən biri kartla ödənişlərə üstünlük verdiyini bildirib.
    Nəticələri sorğuda iştirak edənlərin təhsil göstəriciləri üzrə nəzərdən keçirdikdə iki dəfəyə yaxın fərq qeydə alınıb. Belə ki, orta təhsilə malik respondentlərin 15.7%-i, ali təhsilə malik olanların isə 31.9%-i kartla ödənişə üstünlük verdiyini ifadə edib. Nəticələrə əsasən, 18-24 yaş qrupunda olan hər dörd nəfərdən biri (26.1%), 35-44 yaş qrupunda olanların 22.6%-i, 55-64 yaş qrupunda olanların 14.1%-i kartla ödənişlərə üstünlük verir.
    Dövlət sektorunda işləyənlərin 65.9%-i, özəl sektorda muzdlu işləyənlərin 73.7%-i və fərdi əmək fəaliyyəti ilə məşğul olanların 89.4%-i market və mağaza ödənişlərində nağd üsula üstünlük verdiyini bildirib. Həmçinin nəticələrin təhlilinə əsasən, respondentlərin orta aylıq gəlir səviyyəsinin artması ilə nağd ödəniş üsuluna üstünlük verənlərin sayı arasında neqativ əlaqə qeydə alınıb.
    Qeyd edək ki, sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR