“Kontakt Home”dan daha bir şikayət: - 1400 manata televizor aldı, amma...
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər səngimək bilmir.
Bu günlərdə Qaynarinfo-nun redaksiyasına daxil olan növbəti şikayətdə bildirir ki, mağaza vətəndaşın hüquqlarını kobud kəskin şəkildə pozub. Belə ki, zərərçəkmiş Ruslan Qafarov 14.05.2017-ci il tarixində mağazadan 1399 manat 99 qəpiyə televizor aldığını deyir. Lakin 2 ay sonra televizorun ekranın qırmızı xətt yaranır. “Kontakt Home”un texniki servis işçiləri yoxladıqdan sonra televizoru təmir etmək məqsədilə aparır və 2 həftə sonra geri gətirirlər. Lakin 2 ay sonra problem təkrar olunur. Yenidən evə çağrılan ustalar televizoru aparır və 2 həftə sonra geri gətirirlər. Lakin bir neçə ay sonra televizorun başqa problemi yaranır. Televizor bu qaydada müxtəlif problemlərlə 4-cü dəfə texniki servisə aparılır və geri gətirilmir. Alıcı mağaza səlahiyyətliləri ilə danışıb ya pulunun, ya malının geri qaytarılmasını tələb etsə də, nəticə əldə edə bilmir. Hətta “Kontakt Home” əlavə ödəniş etməklə müştəriyə yeni televizor vermək təklifini də ləğv edir. Zərərçəkmiş indi ya pulunun, ya da televizorunun qaytarılmasını tələb edir.
Məsələylə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyub Hüseynov problemi araşdırmağa çalışıb. Amma heç bir nəticə olmayıb:
“Şikayəti araşdırmaq üçün rəhbərliklə heç cür əlaqə qurmaq mümkün deyil. Nəzərinizə çatdırım ki, bu şikayəti də məcbur olub iqtisadiyyat naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu, nazirliyin də bir iş görəcəyinə ümid yoxdur. Onlar hamını məhkəməyə yönəldir”.