Elməddin Bağıyev
Orbita MTK-nın meneceriAzərbaycan xalqı üçün 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Rəşadətli ordumuz qısa müddətdə 30 il ərzində düşmənin milyonlarla vəsait və resurs sarf edərək qurduğu nəhəng istehkamları darmadağın etdi, xalqımızın uzun illər qəlbində daşıdığı torpaq həsrətinə son qoydu. Şəhər və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əsgərləri əsl qəhrəmanlıq, mərdlik, şücaət və rəşadət nümunəsinə çevrildilər. Əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin və şəhərin azad olunması xalqımız tərəfindən böyük sevinclə, əsl bayram kimi qarşılandı.
Bu 44 günlük müharibənin ən parlaq və həlledici məqamı isə noyabrın 8-də yaşandı. Qarabağın tacı, mədəniyyət və tarix beşiyimiz olan keçilməz Şuşa qalası Azərbaycan əsgərinin inanılmaz fədakarlığı və misilsiz şücaəti sayəsində azad edildi. Şuşanın azad olunması müharibənin taleyini həlledici şəkildə dəyişərək düşmənin müqavimət gücünü tamamilə qırdı və Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Məhz bu tarixi zəfərin, milli qürurumuzun təntənəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 8 Noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis olundu. Noyabrın 8-i təkcə hərbi uğur günü deyil, otuz illik həsrətin bitdiyi, milli ləyaqətimizin və əyilmiş qəddimizin düzəldiyi müqəddəs bir gündür.
2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli bəyanatın bütün bəndləri Azərbaycanın milli və dövlət maraqlarına tam uyğun idi. Sənədin bəndləri işğal altında qalan digər rayonların da döyüşsüz, siyasi yolla azad olunmasını nəzərdə tuturdu. Beləliklə, Ermənistanın kapitulyasiyasına uyğun olaraq 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonları Azərbaycana qaytarıldı və uca bayrağımız həmin torpaqlarda da dalğalandı. Zəfər Savaşı adlandırılan, bütün dünyanın diqqət mərkəzində olan və hələ də hərbi mütəxəssislər tərəfindən araşdırılaraq örnək götürülən 44 günlük müharibə hər zaman sülh şəraitində yaşamaq istəyən Azərbaycan xalqının arzusunu reallığa çevirdi. Bu reallıq sülh istəyinin müqabilində müharibəyə hazır olmaqla, şərəfli və müzəffər orduya sahib olmaqla gerçəkləşdi.
Prezident İlham Əliyev tərəfindən Azərbaycanda müasir ordu quruculuğu prosesi yeni mərhələyə çatdırıldı, müasir silahların, texnikanın və texnologiyanın əsasında silah-sursatın alınması reallaşdırıldı. Təsadüfi deyil ki, 44 günlük müharibə 21-ci əsrin müharibəsi kimi dəyərləndirilib və yeni nəsil silahlar, onların tətbiqi, yüksək dəqiqlikli döyüş taktikası dünyanın aparıcı hərbi dairələrində hələ də geniş müzakirə olunur. Bütün dünyaya işğal faktı ilə heç vaxt barışmayacağını qətiyyətlə bəyan edən Azərbaycan xalqının və dövlətinin iradəsini hər kəs aydın izlədi. Dünya ölkələrinə bir daha əyan oldu ki, Prezident İlham Əliyevin hərb, siyasət və diplomatiya müstəvisində uğurlu fəaliyyəti nəticəsində qüdrətli Azərbaycan dövləti erməni faşizminin başını əzdi və təcavüzkarı layiqincə cəzalandırdı.
Müzəffər Ali Baş Komandanın prinsipial siyasəti, qətiyyətli mövqeyi, xalqımızın onun ətrafında "Dəmir yumruq" kimi sıx birləşməsi və Ordumuzun gücü sayəsində qazanılan bu tarixi Zəfər tariximizə böyük bir töhfə bəxş etdi. 2023-cü il oktyabrın 15-də isə şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev müdrik xalqımıza növbəti böyük qələbə sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda ucaltmaqla xalqımızın arzularını tam çin etdi, dövlətimizin şan-şöhrətini bütün dünyaya yaydı. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət yenilməzdir, öz torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil.
Bu gün şəhidlərimiz də məzarlarında rahat uyuya bilərlər. Həm onların qisasları alınıb, həm də can verdikləri Vətən torpaqları tam azaddır. Şəhid valideynləri, ailələri və övladları bu gün haqlı olaraq qürur duyurlar ki, qəhrəmanlarımızın qanı yerdə qalmadı. 8 Noyabr Zəfər Günü ilə taclanan bu şanlı yol göstərir ki, torpaqlarımızı hərbi-siyasi yolla işğalçılardan azad edən Prezident İlham Əliyev Şərqi Zəngəzurda və Qarabağda başlanan genişmiqyaslı abadlıq işlərini, Böyük Qayıdış proqramını da eyni uğurla tamamlayacaq, bu torpaqlarda əbədi sülh və quruculuq dövrünü bərqərar edəcəkdir.