AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Faiq Hüseynov: Zəfər Günü xalqımızın qürur, şərəf və milli birlik simvoludur.

  • + A
  • - A
  • 6-11-2026, 09:06

    Faiq Hüseynov: Zəfər Günü xalqımızın qürur, şərəf və milli birlik simvoludur.

    Faiq Hüseynov
    SOCAR-ın Neft qazma trestinin rəis müavini


    2020-ci il sentyabrın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuza əks-hücum əməliyyatına başlamaq barədə əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları müqəddəs arzuya doğru şanlı bir başlanğıc oldu. Hərbi əməliyyatların elə birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kənd işğaldan azad edildi. Sonradan 44 gün ərzində şanlı ordumuz yalnız irəli getdi, bir gün də dayanmadı, uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd azad olundu.Noyabrın 8-də isə Qarabağın tacı, mədəniyyət beşiyimiz olan keçilməz Şuşa qalası rəşadətli Azərbaycan əsgərinin inanılmaz fədakarlığı, yüksək dağçılıq və əlbəyaxa döyüş bacarığı sayəsində işğaldan azad edildi. Şuşanın azad olunması müharibənin taleyini həlledici şəkildə dəyişdi, düşmənin bütün müqavimət gücünü qırdı və Ermənistanı kapitulyasiya etməyə məcbur etdi. Məhz bu tarixi zəfərin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 8 Noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü elan edildi. 8 Noyabr sadəcə təqvim günü deyil, otuz illik həsrətimizin bitdiyi, əyilmiş qəddimizin düzəldiyi və milli ləyaqətimizin göylərə ucaltdığı müqəddəs bayramdır.Azərbaycan Vətən müharibəsində tətbiq etdiyi innovativ silahlar və yüksək taktikalarla dünyanın hərb tarixində də yeni bir səhifə açdı. Düşmənin yalnız hərbi hədəflərini məhv etməklə müharibəyə də humanizm gətirdi. Müasir silahların verdiyi imkanlarla cəmi bir neçə günün içində müharibənin taleyini həll etdi. “Dəmir yumruq”un sərrast zərbələri ilə düşmənin zəhərli başı əzildi. Ermənistanın illərlə qurduğu istehkamlar, xaricdən cəlb etdiyi muzdlu əcnəbi döyüşçülər bir kara gəlmədi. Azərbaycan Ordusunun gücü qarşısında düşmən darmadağın oldu. Ermənistan 44 günlük Vətən müharibəsi nəticəsində, demək olar ki, ordusuz qaldı. Ən əsası illərlə Ermənistan cəmiyyətində sabun köpüyü kimi şişirdilmiş saxta miflər havaya uçdu. Müharibə zamanı Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdi. Əslində, onlar ən düzgün addımı atdılar. Öz siyasi ambisiyalarını təmin etməkdən ötrü hərbçiləri labüd ölümə göndərənlərin iradəsinə tabe olmaq istəmədilər. Azərbaycan Ordusunda isə 44 günlük Vətən müharibəsi gedişində bir nəfər də olsun fərarilik etmədi. Azərbaycanın hər bir əsgər və zabiti sona qədər şərəflə vuruşaraq tarixi qələbəyə canı-qanı ilə töhfələrini verdi. Bu da Azərbaycanda nə qədər yüksək vətənpərvərlik ruhuna malik nəslin yetişdiyini göstərir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin yüzlərlə hərbi qulluqçusu müxtəlif orden və medallarla təltif olundu. Bu, dövlətimiz və xalqımız tərəfindən onların fədakarlığına verilən yüksək qiymət idi. Bu gün döyüşlərdə həlak olmuş müqəddəs şəhidlərimizin ailələrinin, yaralanmış qazilərimizin sosial müdafiəsi istiqamətində böyük işlər görülür, onlar mənzillərlə, avtomobillərlə təmin edilir, digər problemləri həll edilir, sağlamlıq durumlarının bərpası üçün tədbirlər görülür. Bu tədbirlər gələcəkdə daha geniş şəkildə aparılacaqdır. Bu, bir daha dövlətin hər zaman öz vətəndaşının yanında olmasının bariz göstəricisidir. 2023-cü il isə tariximizə daha sevincli günlər yazdı. Sentyabrın 19-da cəmi bir gün davam edən lokal antiterror tədbirlərindən sonra qanunsuz erməni silahlılarının qaldığı ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşu tam bərpa edildi, suverenliyimiz 100% təmin olundu. Noyabrın 8-də təməli qoyulan şanlı Qələbə 2023-cü ilin oktyabrında Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə bayrağımızın ucaldilması ilə öz zəfər tacına qovuşdu.Bu gün Vətən müharibəsində işğaldan azad edilən şəhər və qəsəbələrdə bərpa-quruculuq işləri böyük sürətlə həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına "Böyük Qayıdış" proqramı çərçivəsində dönüşü davam edir. Bu da hər bir azərbaycanlının böyük sevincinə və qüruruna səbəb olur. Bu gün artıq Xankəndinin mərkəzində Azərbaycan Bayrağı dalğalanır, Azərbaycanın gerbi burada öz yerini tutub.Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. 8 Noyabr Zəfər Günü bizim yenilməzliyimizin, birliyimizin, şəhidlərimizin müqəddəs ruhunun və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan ən muhtəşəm Zəfər dastanımızdır!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR