Qağaməli Seyfullayev
“Neftqaztikinti” trestinin müdiri Azərbaycan xalqı üçün 2020-ci ilin ən böyük, misilsiz və əbədiyaşar hadisəsi ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası oldu. Sentyabrın 27-də başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu təcavüzkar Ermənistanın onilliklər boyu davam edən işğal siyasətinə son qoydu, düşmənin darmadağın edilməsi ilə otuz illik həsrət başa çatdı.
Müzəffər ordumuz qısa müddətdə düşmənin milyonlarla vəsait sərf edərək illərlə qurduğu nəhəng istehkamları, mühəndis-istehkam maneələrini bir anda darmadağın etdi. Şəhər, qəsəbə və kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əsgərləri əsl qəhrəmanlıq, mərdlik, fədakarlıq və şücaət rəmzinə çevrildilər. Əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Hər bir yaşayış məntəqəsinin azad olunması xalqımız tərəfindən böyük coşqu, misilsiz sevinc və qürur bayramı kimi qarşılandı.
Bu 44 günlük Zəfər Savaşının ən şanlı və kulminasiya nöqtəsi isə noyabrın 8-də yaşandı. Qarabağın tacı, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin düşmən tapdağından azad edilməsi müharibənin taleyini həlledici şəkildə dəyişdi. Məhz bu tarixi qələbənin şərəfinə Prezident İlham Əliyevin Sərəncamı ilə 8 Noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü elan edildi. 8 Noyabr – əyilmiş qəddimizin düzəldiyi, milli ləyaqətimizin və qürurumuzun bütün dünyaya nümayiş etdirildiyi müqəddəs gündür.
Noyabrın 10-da imzalanan Üçtərəfli bəyanat Azərbaycanın milli və dövlət maraqlarına tam uyğun idi. Sənədin şərtlərinə əsasən, işğal altında qalan digər rayonlarımızın da döyüşsüz, siyasi-diplomatik yolla azad olunması təmin edildi. Beləliklə, Ermənistanın kapitulyasiyasına uyğun olaraq 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonları Azərbaycana qaytarıldı və üçrəngli müqəddəs bayrağımız həmin torpaqlarda da ucaldıldı.
Bütün dünyanın diqqət mərkəzində olan və hələ də hərbi mütəxəssislər tərəfindən öyrənilən bu müharibə sülh içində yaşamaq istəyən Azərbaycan xalqının gücünü və iradəsini reallığa çevirdi. Bu reallıq sülh istəyinin qarşılığında istənilən vaxt torpaqları azad etməyə hazır olan güclü, müzəffər orduya sahib olmaqla gerçəkləşdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir ordu quruculuğu, ən son texnologiyaya və innovativ silahlara sahiblənmək 44 günlük müharibəni 21-ci əsrin müharibəsi kimi tarixə yazdı. Düşmənin illərlə yaratdığı saxta miflər, havadarlarına arxayın olması Azərbaycan əsgərinin dəmir iradəsi qarşısında darmadağın oldu.
Bütün dünyaya işğal faktı ilə heç vaxt barışmayacağını qətiyyətlə bəyan edən xalqımızın və dövlətimizin iradəsi hər kəsə sübut etdi ki, Prezident İlham Əliyevin hərb, siyasət və diplomatiya müstəvisindəki uzaqgörən fəaliyyəti nəticəsində qüdrətli Azərbaycan dövləti erməni faşizminin başını əzdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqımızın "Dəmir yumruq" ətrafında sıx birliyi bu tarixi Zəfəri təmin etdi.
2023-cü ilin sentyabr ayında həyata keçirilən birgünlük lokal antiterror tədbirləri ilə suverenliyimiz bütün ölkə ərazisində tam bərpa olundu. Həmin ilin oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda ucaltmaqla xalqımızın çoxəsrlik arzularını çin etdi, şanımızı-şöhrətimizi bütün dünyaya yaydı.
Bu gün şəhidlərimiz məzarlarında rahat uyuya bilərlər, çünki onların qisasları alınıb, can verdikləri Vətən torpaqları tamamilə azaddır. Şəhid ailələrimiz, qazilərimiz fəxr edirlər ki, qəhrəmanlarımızın qanı yerdə qalmadı. Bu gün azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa-quruculuq işləri, "Böyük Qayıdış" proqramı uğurla icra olunur, doğma ocaqlarına qayıdan soydaşlarımızın sevinc səsləri ucalır.
Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Azərbaycan xalqı və onun qurduğu qüdrətli dövlət bundan sonra da əbədi olaraq qalib, güclü və yenilməz olaraq qalacaqdır!