AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azad Muradov: "Dəmir Yumruq" Qüdrəti: Otuz İllik Həsrətin Bitdiyi, Əbədi Zəfərin Başlanğıcı

  • + A
  • - A
  • 6-11-2026, 09:06

    Azad Muradov: "Dəmir Yumruq" Qüdrəti: Otuz İllik Həsrətin Bitdiyi, Əbədi Zəfərin Başlanğıcı

    Azad Muradov
    “ATF” MMC-nin rəhbəri


    Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.

    Bu zəfər yürüşünün ən şanlı, ən möhtəşəm kulminasiya nöqtəsi isə 8 Noyabr tarixi oldu. Qarabağın tacı, mədəniyyət və tarix beşiyimiz olan keçilməz Şuşa qalası rəşadətli Azərbaycan əsgərinin inanılmaz fədakarlığı, yüksək dağçılıq və əlbəyaxa döyüş bacarığı sayəsində işğaldan azad edildi. Şuşanın azad olunması düşmənin belini qırdı, müharibənin taleyini həlledici şəkildə dəyişdi və Ermənistan rəhbərliyini darmadağın edərək kapitulyasiya aktını imzalamağa məcbur etdi. Məhz bu tarixi zəfərin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 8 Noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü təsis edildi. 8 Noyabr sadəcə bir təqvim günü deyil; bu gün əyilmiş qəddimizin düzəldiyi, haqqın və ədalətin bərpa olunduğu, milli ləyaqətimizin göylərə ucaldığı müqəddəs bayramdır.

    Kapitulyasiya aktına əsasən, noyabrın 20-si Ağdam, noyabrın 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında zəfərlə, həm də siyasi müstəvidə qətiyyətlə qazandı.

    Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı hər zaman olduğu kimi qardaş Türkiyənin birmənalı və qəti dəstəyini hiss etdi. Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyi müharibənin taleyini müəyyən etmiş həlledici xarici amillərdən biri oldu. Təcavüzkar ölkə və onun havadarları bir daha gördülər ki, Türkiyə hər zaman Azərbaycanın haqq işində yanındadır və onun milli maraqlarını sonadək qoruyacaq. Bu qardaşlıq müharibədən sonra da daha da dərinləşdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının, 2024-cü il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində, eləcə də işğaldan azad edilmiş digər bölgələrdə təməlqoyma tədbirlərində şəxsən iştirakı bu əbədi və sarsılmaz birliyin bariz nümunəsidir.

    Bu gün Azərbaycan xalqı otuz illik işğaldan azad edilmiş, lakin tamamilə viran qoyulmuş nəhəng ərazilərdə sıfırdan yeni, müasir həyat qurur. Azad edilmiş ərazilərə mütəmadi səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin torpaqları qısa zamanda cənnətə çevirmək əzmində olduğunu əyani nümayiş etdirdi. Bu gün Şərqi Zəngəzurda və Qarabağda genişmiqyaslı inşaat və infrastruktur layihələri həyata keçirilir: ən müasir standartlara cavab verən xəstəxanalar, məktəblər, ağıllı kəndlər, yaşayış binaları, mədəniyyət ocaqları, hava limanları, magistral yollar, tunellər tikilir, dağıdılmış məscidlərimiz və tarixi abidələrimiz bərpa edilir. Qayıdış prosesinin sürətləndirilməsində və bu müqəddəs quruculuq işlərində hər bir Azərbaycan vətəndaşı öz üzərinə düşən məsuliyyəti dərk etməli və fəal olmalıdır.

    Fərəhli və qürurverici haldır ki, Şanlı Zəfərimizin ildönümlərini artıq işğaldan azad olunan bütün torpaqlarımızda böyük coşqu ilə qeyd edirik. 2023-cü il sentyabrın 19-da cəmi bir gün davam edən lokal antiterror tədbirləri nəticəsində Qarabağ iqtisadi rayonunda yuva salmış qanunsuz erməni silahlı dəstələrinin qalığı tamamilə təmizləndi və ölkəmizin suverenliyi bütövlükdə təmin olundu.

    Həmin ilin oktyabrın 15-də xalqımız tarixinə qızıl hərflərlə yazılacaq növbəti möhtəşəm sevincli günü yaşadı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocavənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycanın üçrəngli Müqəddəs Bayrağını ucaltdı. Ölkə başçısı həmçinin Şuşanın Malıbəyli kəndində, Xankəndinin Kərkicahan qəsəbəsində, tarixi Əsgəran qalasında oldu, Suqovuşanda istirahət parkının açılışında iştirak etdi. Bu qürurverici hadisələrin cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə təsadüf etməsi tarixi bir simvolika idi.

    Artıq Qarabağ tamamilə azaddır və hər bir qarışında üçrəngli bayrağımız qürurla dalğalanır. Bu tarihi Zəfərimizin ən unudulmaz və möhtəşəm anlarından biri də 2023-cü il noyabrın 8-də yaşandı. Həmin gün Azərbaycan 44 günlük Vətən savaşındakı möhtəşəm Qələbənin ildönümünü – Zəfər Gününü məhz azad edilmiş Xankəndi şəhərinin mərkəzi meydanında keçirilən qürurverici hərbi paradla qeyd etdi. Məhz 8 Noyabr ruhu ilə azad torpaqlara qayıdan "Böyük Qayıdış" karvanları, doğma ocaqlarında tüstüsü çıxan evlər və uşaqların şən səsləri xalqımızın qələbə əzminin əbədi təntənəsidir. Şəhidlərimizin qanı ilə suvarılan bu torpaqlar artıq əbədi olaraq Azərbaycanın ayrılmaz və toxunulmaz parçasıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR