Azərbaycan Texniki Universitetində “Qərbi Azərbaycanın Maarif İrsi: Unudulmaz Məktəblər” layihəsi çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin həyata keçirdiyi “Qərbi Azərbaycanın Maarif İrsi: Unudulmaz Məktəblər” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə layihə rəhbəri, İctimai Birliyin sədri Etibar Məmmədov çıxış edərək layihənin məqsədi, Qərbi Azərbaycanın zəngin maarifçilik tarixi, tarixi məktəbləri və xalqımızın təhsil ənənələri haqqında iştirakçılara ətraflı məlumat verib.
Çıxış zamanı Qərbi Azərbaycanda mövcud olmuş təhsil ocaqlarının tarixi, maarifçilik fəaliyyətinin milli-mədəni irsimizin qorunmasındakı rolu və bu irsin gənc nəslə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində layihə üzrə hazırlanmış 10 qısa video-podkast (Shorts) iştirakçılara təqdim olunub. Sosial şəbəkələrdə yayımlanmaq üçün hazırlanan videoçarxlarda Qərbi Azərbaycanın maarifçilik irsi, tarixi məktəbləri və təhsil ənənələri öz əksini tapıb.
İştirakçılar videoçarxları izlədikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tələbələrə Qərbi Azərbaycanın təhsil tarixi və maarifçilik irsi ilə bağlı əlavə məlumatlar verilib.
Qeyd edək ki, layihənin əsas məqsədi Qərbi Azərbaycanın maarifçilik irsinin araşdırılması, tarixi məktəblərin tanıdılması, milli-mədəni yaddaşın qorunması və bu irsin gənclər arasında təbliğidir.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə üç ay müddətində həyata keçirilir. Layihənin rəhbəri Etibar Məmmədovdur.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.