AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Məişət zorakılığı cinayət qanunvericiliyinə salınmalıdır”

  • + A
  • - A
  • 1-06-2025, 07:53

    “Məişət zorakılığı cinayət qanunvericiliyinə salınmalıdır”


    Zibeydə Sadıqova: “Zorakılıq qurbanları ilə işləyən ixtisaslı vəkil, hakim, polis, ekspert qıtlığı var”



    Ölkədə baş verən məişət zorakılığının səviyyəsini ölçmək üçün sözsüz ki, əlimizdə statistik göstəricilər, hesabatlara əsaslanan tutarlı məlumatlar olmalıdır. Bu məlumatların toplanaraq ictimaiyyətə bəyan edilməlidir. Beynəlxalq konvensiyalar qadın hüquqlarına yönəlik sənədlər də bunu tövsiyə edir. Azərbaycanın hələ də qoşulmadığı İstanbul konvensiyasının 11-ci maddəsi, xüsusiylə qadınlara qarşı hər cür ayrı-seçkiliyin ləğvinə dair CEDAW konvensiyası
    tövsiyələrində dəfələrlə göstərir ki, genderəsaslı zorakılığa dair datalar davamlı toplanmadan problemin aradan qaldırılması mümkün deyil.

    Təəssüf ki, bu gün ölkədə beynəlxalq sənədlərin tələb etdiyi kimi dataların toplanmasında böyük uçurum var. Səbəb, səlahiyyətli orqanların təqdim etdiyi rəqəmlərlə ən azı mediada çıxan rəqəmlərin bir-birinin əksinə olması, başqa sözlə, rəsmi rəqəmlərdə statistikanın reallığı əks etdirməməsidir. Bunun bir tək səbəbi var, femisid qətllərin- qadının elə qadın olduğu üçün öldürülməsinin hələ də hüquqi qiymətini almaması, belə ölümlərə məişət zorakılığının nəticəsi yox, sadəcə qətl hadisəsi kimi baxılmasııdr. Cəmiyyət femisid qətllərin ardını gətirməyə israrlıdır, çünki məişət zorakılığı ilə bağlı məlumatlanma zəifdir və şiddət, zorakılıq hələ də stereotiplərin xidməti sayəsində normal hesab olunur.


    “Məişət zorakılığı ağır cinayət qanunvericiliyə salınmalıdır”



    Qadın hüquqları üzrə vəkil Zibeydə Sadıqova bildirib ki, ölkədə qadın hüquqları ciddi qəbul olunmayan hüquq sahəsidir.
    “Qanunvericilikdə də bu sahədə kifayət qədər boşluq mövcuddur. Mentalitet, ailə, qadının yeri, qız uşağı və sair sözlərlə qadınlara münasibət kişilərə münasibətdən fərqli və qeyri-ciddi formaya salınır. Bu ifadələrin doğurduğu nəticə sayəsində qadınların siyasi və ictimai həyatda iştirakı da təbliğ edilmir. Əlbəttə ki, belə düşüncələrin hökm sürdüyü cəmiyyətdə qadınlara yönəlik zorakılığın durmadan davam etməsi təbiidir.
    Bizim mübarizəmiz də bəzən boş olur çünki, ölkədə qadın hüquqlarının müdafiəsi üçün qanunlar yoxdur. Mövcud qanunlar isə kifayət deyil. Məişət zorakılığı ilə mübarizə üçün xeyli təkliflər vermişəm, təkrar nəzərə çatdırmaq istəyirəm:
    Ağır cinayət kimi məişət zorakılığı cinayət qanunvericiliyinə salınsın,
    məişət zorakılığı törədən şəxslərin bazası yaradılsın,
    həmin şəxslər psixiloji və ya psixiatrik müayinə və müalicələrə məruz qalsın,
    onların yaşadığı yer nəzarət altında olsun (polis nəzarəti və s.),
    məişət zorakılığı qurbanların təhlükəsizliyinin təmin edilməsi üçün qanun yaradılsın, onların gizlənməsi, adlarının dəyişdirilməsi, ətrafdakıların xəbərdar edilməsi və s. qanuna salınsın. Məişət zorakılığının qarşısının alınması üçün TV-də, məktəblərdə davamlı maarifləndirici proqramlar yayımlanmalıdır, məlumatsızlığa son qoyulmalıdır.”
    Son vaxtlar yeniyetmələrin erkən nikah sonrası ana olması və ya doğuş sonrası ölməsi, sonuncu hadisə kimi mayın 19-u Sabirabadda 16 yaşlı qızın 24 yaşlı “əri” tərəfindən öldürülüb kürə atılması və meyitinin aşkarlanması, 15-16 yaşlı qız uşaqlarına toy edilməsi kimi hadisələri tez-tez eşidirik. Əslində, bu da qız uşaqlarına əvvəl valideynləri, sonra da erkən nikaha girən kişilər tərəfindən edilən genderəsaslı zorakılıqdır. İndiyədək, 15 yaşında qızını ərə verən hansı valideyn cəzalandırılıb? Bir nəfər də cəza görməyib, çünki qanunvericilikdə bu cəza yoxdur, nə qədər ki, valideynlər məsuliyyətə cəlb edilməyəcək, yeniyetmə qızlara qarşı zorakılıq da öz axarında davam edəcək, Z.Sadıqova vurğulayıb.

    “Problemin bir tərəfi də odur ki, hansısa qadın məişət zorakılığı zəminində qətl ediləndə, dərhal ölkədə olan qadın hüquqları ilə məşğul olan təşkilatların səsini çıxarmamasıdır. Bu məsələ bütün cəmiyyətin reaksiyasına səbəb olmalıdir, çünki zorakılıq tək bir ailənin bəlası hesab edilməməlidir, hər an ağlımıza gəlməyən insanlardan, ailələrdən bu xəbəri ala bilərik.

    Bəzən düşünürlər ki, ali təhsil zorakılıqdan qoruyur, bu da yalnış düşüncədir. Son illər zorakılığa məruz qalan, qətl edilən qadınlar arasında sayca ali təhsilli, özünü təsdiq etmiş qadınlar az olmayıb.”

    “Cinsi zorakılıq görən qadının tibbi ekspertiza sənədini belə ala bilmirik”

    Vəkilin sözlərinə görə, zorakılıq görən qadının məhkəmə prosesi zamanı müdafiəsində də xeyli sayda problemlərlə üzləşirlər. “ Cinayət işləri(qadını qətl edənlərin cinayət işi) uzanır və tez yekunlaşıb məhkəməyə verilmir. Cinayətkarlar barədə həbs seçilmir. Qurbanların təhlükəsizliyi təmin edilmir. Mühafizə orderləri icra edilmir. Dəfələrlə olub ki, cinsi zorakılığa məruz qalan qadın ekspertiza rəyi almaq üçün ekspert ( qadın ginekoloq) tələb edib, bunun qanunda olmadığını deyib onun tələbini rədd ediblər. Saysız əngəllər və boşluqlar bəzi halda müdafiə edənin əlini- qolunu bağlaya bilir, amma bütün hallarda öz adıma deyə bilərəm ki, bəzən sonadək mübarizə mümkünsüzü də mümkün edə bilir. Qadınların öz hüquqlarına sahib çıxması, öz hüquqları barədə məlumatlı olması da vəziyyətdən çıxışda yardımçı olur. Bir məqam da var ki, qadın cinayətlərinə həssas yanaşan dövlət qurumlarının əməkdaşları çox az saydadadır. və s.

    Ən böyük problem cinsi azadlıq əleyhinə olan cinayətlərdə rastlaşdığımız problemlərdir. Zorlanmış qızlarla və ya qadınlarla ixtisaslaşmamış müstəntiqlər, polislər sorğu keçirir, ifadələrini alır, ekspertlər kişilər olur, məhkəmələrdə hakimlər belə işlərdə ixtisaslaşmamış hakimlər olur, qadınlar və ya qızlar cinayətkarla birbaşa kontakta olur, qurbanların məhkəmədə müdafiəsiz iştirakı təmin edilir, üzləşmələr keçirilir, təhlükəsizlikləri təmin edilmir, konfidensiallıq qorunmur.

    Döyülmədən, fiziki zorakılıqdan şikayət edən qadınlar polis bölmələrində və ya digər qurumlarda anlayışla qarşılanmır, orada da günahlarının olması aşılanır, barışmaları tövsiyə edilir. Bu isə zərərçəkənlərin müdafiə gücünü qırır, nəticədə vaxtiylə fiziki zorakılığına barmaqarası baxılan qadının növbəti dəfə öldürülməsi xəbəri yayılır. Necə ki, təcrübəmdə belə dəhşətli hadisələrə şahidlik etmişəm.

    Raminə Eyvazqızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR