AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ zorakılıq törədəni öz hesabına tərbiyələndirir

  • + A
  • - A
  • 3-06-2025, 21:49

    ABŞ  zorakılıq törədəni öz hesabına tərbiyələndirir


    Qadına qarşı zorakılıq qlobal bəla olaraq davamlılığını qoruyur. İnsan haqlarının pozulması halları varsa, demək ki, belə vəziyyətlərin də insan münasibətlərində ortaya çıxması təbiidir. Misal üçün, ABŞ. Dünyanın lider dövlətlərindən birinin məişət zorakılığı ilə mübarizə təcrübəsinə baxaq.
    Ölkənin statistik göstəriciləri qadın və kişi hüquqlarını bərabər tutaraq müqayisəli rəqəmlər ortaya qoyur.
    ABŞ-da orta hesabla dəqiqədə 24 nəfər intim partnyoru tərəfindən zorlama, fiziki zorakılıq və ya təqib qurbanı olur. Bir il ərzində 12 milyondan çox qadın və kişi zorakılıq halları ilə qarşılaşır.
    ABŞ-da təxminən hər 10 qadından 3-ü (29%) və hər 10 kişidən 1-i (10%) partnyoru tərəfindən təcavüz, fiziki zorakılıq və/və ya təqiblə üzləşib və bunun onların fəaliyyətinə müvafiq təsir göstərdiyini bildirib. ABŞ-da yaşı 18 və daha yuxarı olan hər 4 qadından 1-i (24,3%) və hər 7 kişidən 1-i (13,8%) həyatı boyu intim partnyoru tərəfindən şiddətli fiziki zorakılığın qurbanı olub.
    ABŞ-da hər 3 qadından 1-dən çoxu (35,6%) və hər 4 kişidən 1-i (28,5%) həyatı boyu intim partnyoru tərəfindən zorlama, fiziki zorakılıq və/və ya təqiblə üzləşib.
    ABŞ-da bütün qadınların və kişilərin demək olar ki, yarısı həyatı boyu intim partnyoru tərəfindən psixoloji aqressiyaya məruz qalıb (müvafiq olaraq 48,4% və 48,8%).
    18-24 və 25-34 yaş arası qadınlar, ümumiyyətlə, ən yüksək intim partnyor zorakılığına məruz qalırlar.
    1994-cü ildən 2010-cu ilə qədər partnyor tərəfindən cinsi zorakılığa məruz qalan hər 5 qurbandan təxminən 4-ü qadın olub.
    ABŞ-da yaşayan məişət zoraklığı ilə mübarizə layihələrinin koordinatoru həmyerlimiz Sərmayə Mustafayevanın sözlərinə görə, lider dövlətlər belə zorakılıq və məişət zorakılığı qarşısında həll yollarını axtarır.

    “Gender əsaslı zorakılıq (gender- based violence) və məişət zorakılığı ( domestic violence) ABŞ qanunvericiliyinə əsasən ciddi mübarizə tədbirləri ilə əhatə olunur. Şahidi olduğum praktikaya görə, qadın zorakılıq gördükdə bir neçə yolla bunu bəyan edə bilər. İlk fürsətdə o “911” qaynar xəttinə şikayət edir. Vəziyyət dərhal nəzarətə götürülür, polisin operativ davranışı nəticəsində zorakılıq edən şəxs həbs oluna bilər. Bu riskin qiymətləndirilməsinə əsasən aparılır. Sonrakı mərhələdə araşdırma aparılır.
    Digər halda, zorakılıq görən qadının zəng vurmaq imkanı yoxdursa, o əyani şəkildə polis şöbəsinə müraciət edə bilər. Bu halda ona şikayət ərizəsinin nömrəsi verilir. Həmin nömrədən dəfələrlə zəng gəlirsə, deməli vəziyyət ciddidir, zorakı törədən barədə qəti həbs imkan tədbirinin görülməsini tələb edir. Ağır zorakılıq hallarında qadınlar sığınacağa tək və ya uşaqla birgə yerləşdirilir.”
    Layihə koordinatorunun sözlərinə görə, sığınacaqlar vətandaş cəmiyyətlərinin dövlət tərəfindən aldığı qrantlar hesabına maliyyələşir. Burada zorakılıq qurbanları müəyyən müddətdə psixoloji dəstəklə yanaşı, bir neçə istiqamətdə, bacarıqlarını artırmaq üçün peşəyə yiyələnmk, işlə təmin olunmaq imkanlarından yararlana bilərlər. Sosial işçi, psixoloq, davamlı hesabat və monitorinq aparan şəxslərin əhatəsində daha rahat olurlar. Ümumiyyətlə, zorakılığın bir çox hallarına uyğun mübarizə, müdafiə və islah mexanizmləri var, bu vəziyyətə görə dəyişir, olduqca da mürəkkəb prosesdir.”

    “ABŞ-də ailədaxili məişət zorakılığı qurbanları olan uşaqların hüquqları da nəzarətdədir. Çox halda ana, valideyn bu problemi gizli saxlayır, amma dindirilən uşaq ailədə gördüyü zorakılığı dilə gətirərsə , bu da operativ həllini tapır. ABŞ-də uşaqların müdafiə, mühafizə xidmətləri( Child Protective Services ) fəaliyyət göstərir, bu xidmət birbaşa bu işlə məşğuldur. Əgər təhsil ocağında uşağın şikayəti diqqətdən qaçıb nəzarətə götürülməyibsə, həmin müdriyyət hüquq çərçivəsində cəzalandırılır.
    Bu arada qeyd etmək lazımdır ki, uşaq mühafizəsi xidmətləri uşaqlara qarşı zorakılıq və ya laqeydlik iddialarını araşdıran və təsdiqləndiyi təqdirdə təhlükəsizlik planı, evdə monitorinq, nəzarət və ya təhlükəsizlik tədbirləri vasitəsilə ailəyə xidmətlər göstərməklə müdaxilə edən dövlət qurumlarına aiddir. Uşağa qarşı ciddi zorakılıq aşkarlanırsa, valideynlərinin əlindən alınır və ya hansısa qanuni qəyyumluqdan, himayədən çıxarılır.
    S. Mustafayevanın sözlərinə görə, zorakılıqla bağlı hər zaman cəzlandırma çıxış yolu deyil. “Bir vacib məqam da var. Müvafiq hallarda şikayət araşdırıldıqda valideynlər hər zaman məsuliyyətə cəlb olunmur, ekspertlərin rəyinə əsasən valideynlik edə bilməyən ailə başçıları xüsusi məktəbə göndərilir. Valideynlik məktəbləri işə yarayan institutdur. Çünki insanlar çox halda etdikləri əməlin zorakılıq olduğunu bilmirlər, bunun uşaqlara təsirini anlamırlar. Belə məktəblər xeyli ailənin xilas olmasına səbəb olur”, deyə Sərmay Müstafayeva vurğulayıb.

    Qadın hüquqları üzrə vəkil Vəfa Rüstəmin sözlərinə görə, qadınlara qarşı zorakılıq halları polis orqanlarında hadisələr yox, cinayətlər kitabında yer almalıdır. “Hələ nəzərə alsaq ki, zorakılıq görən qadınların şikayətləri çox halda rəsmi qeydiyyata alınmır, bu vəziyyətin bir az da ciddəyətini tələb edir. Məişət zorakılığı ilə mübarizə tədbirlərindən biri və əsası qadının vaxtında mühafizəyə alınmasıdır. Bunun üçün mühafizə orderinin vaxtında alınması lazımdır kı, qadın zorakılığın ölü qurbanına çevrilməsin. ABŞ təcrübəsini nəzərə çatdırmaq istəyərdim.”

    “ABŞ-da mühafizə orderi 14 günlük- müvəqqəti, yaxud birillik kimi uzunmüddətli növləri var. Zərurət olduqda bu cür orderlər hətta 5-6 illik, 20 illik və hətta ömürlük verilir.
    Mühafizə orderi yalnız zərərçəkmişi deyil, himayəsində olan uşaqlarını və başqa şəxsləri, hətta ev heyvanlarını əhatə edir.
    Təcili hallarda 24 saat ərzində istirahət və bayram günlərində belə qısamüddətli mühafizə orderinin verilməsi təmin edilir. Daha sonra isə iş məhkəməyə gedir və 2 həftə ərzində məhkəmə işi araşdırıb yekun uzunmüddətli order verir. Məhkəmə prosesində zərərçəkmiş iştirak etməlidir. Lakin aqressorun onu təqib etməməsi üçün məhkəmə prosesindən sonra aqressora 10 vərəqli sənəd imzalanmağa təqdim edilir. Həmin müddət ərzində zərərçəkmiş məhkəməni tərk etmək imkanı əldə edir. Sosial işçilər zərərçəkmişi məhkəmədə müşayiət edir.
    Aqressorun öhdəliyinə gəlincə, orderdə aqressordan tələb edilir ki, öz hesabına 25 dollar ödəyib psixoloji yardım (missal üçün, qəzəbin idarə olunması ilə bağlı), habelə narkotik və alkoqol asılılığından xilas olmaq üçün dəstək proqramlarına müraciət etsin.
    Mühafizə orderi pozularsa, bu cinayət məsuliyyətini yaradır. Pozuntu bir telefon zəngidirsə, böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir, üçüncü telefon zəngi daha sərt cinayət məsuliyyəti yaradır və 1 ildən çox azadlıqdan məhrumetmə ilə nəticələnə bilir. Fiziki zor tətbiq edərək hücum edibsə, ağırlıq dərəcəsinə uyğun cəza verilir.”

    Raminə Eyvazqızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR