8 Noyabr – Zəfər Günü münasibətilə Masallı rayonunda bir sıra tədbirlər keçirilib. Millət vəkili Məşhur Məmmədov da bu əlamətdar gündə rayon rəhbərliyi, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri ilə birlikdə əvvəlcə Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri düzüb, dərin ehtiramını bildirib. Daha sonra Qəhrəmanlar Parkına yollanan millət vəkili rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə birgə şəhidlərin əziz xatirəsini anıb, onların məzarları üzərinə gül dəstələri qoyub.

“Zəfər Günündə bir daha Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə və döyüşçülərimizə cansağlığı arzulayıram. Şəhidlər ölməz, Vətən bölünməz!” – deyə Məşhur Məmmədov vurğulayıb.
Həmin gün millət vəkili həmçinin rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə Hüseynhacılı kəndində təşkil olunan ağacəkmə aksiyasında iştirak edib.
Aksiya zamanı əkilən ağaclar Vətən müharibəsində qazanılmış tarixi Qələbəmizin əbədiliyini, şəhidlərimizin müqəddəs xatirəsinin daim uca tutulduğunu və azad torpaqlarımızın yenidən canlandığını simvolizə edib. Deputat qeyd edib ki, bu cür təşəbbüslər gənc nəsildə torpaq, təbiət və Vətən sevgisinin daha da güclənməsinə xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.