Çində bıçaqlı şəxsi zərərsizləşdirən və avtomobil qapısını sındıran xilasedici robot təqdim olunub

Çinin Unitree Robotics şirkəti fövqəladə vəziyyətlərdə insanlara kömək etmək üçün nəzərdə tutulan H2-X adlı humanoid robotu təqdim edib. Robotun reklam videosunda bıçaqlı şəxsi zərərsizləşdirdiyi, avtomobilin qapısını açmaq üçün güc tətbiq etdiyi və qəza zamanı avtomobilin altında sıxışan insanı xilas etmək məqsədilə nəqliyyat vasitəsini qaldırdığı göstərilir.
Interesting Engineering nəşrinin məlumatına görə, Çinin Hançjou şəhərində fəaliyyət göstərən şirkət H2-X modelini təhlükəli vəziyyətlərə müdaxilə edə və insanların həyatını xilas edə bilən robot kimi təqdim edib.
Videoda robotun həmçinin yolu keçən piyadanı yaxınlaşan avtomobilin hərəkət istiqamətindən kənara çəkdiyi görünür. Bununla belə, şirkət nümayiş etdirilən hərəkətlərin süni intellekt vasitəsilə tam müstəqil şəkildə yerinə yetirilib-yetirilmədiyini açıqlamayıb.
Robotun texniki imkanları tam açıqlanmayıb
H2-X əvvəlki H2 humanoid robotunun platforması əsasında hazırlanıb. Şirkətin əvvəlki model üçün açıqladığı göstəricilərə əsasən, robotun hündürlüyü təxminən 1,8 metr, çəkisi isə 70 kiloqramdır. Onun 31 sərbəstlik dərəcəsi var. Ayaq oynaqlarında maksimal fırlanma momentinin 360 nyuton-metrə çatdığı bildirilir.
Unitree H2-X modelinin təxminən səkkiz saat işləyə bildiyini də iddia edib. Lakin batareyanın tutumu, ağır fiziki işlər zamanı enerji sərfiyyatı və robotun real şəraitdə nə qədər yük qaldıra biləcəyi barədə ətraflı məlumat verilməyib.
Robot təhlükəni özü müəyyən edə bilirmi?
H2-X-in real fövqəladə vəziyyətlərdə istifadəsi ilə bağlı əsas suallardan biri onun qərarvermə qabiliyyətidir. Bıçaqlı şəxsin zərərsizləşdirilməsi və ya yol qəzası zamanı insana müdaxilə edilməsi robotdan ətraf mühiti təhlil etməyi, insanların hərəkətlərini proqnozlaşdırmağı və təhlükəsiz qərarlar qəbul etməyi tələb edir.
Şirkət robotun hansı sensorlardan və idarəetmə sistemlərindən istifadə etdiyini, eləcə də nümayiş etdirilən hərəkətlərin uzaqdan idarəetmə, əvvəlcədən hazırlanmış ssenari və ya avtonom sistem vasitəsilə həyata keçirildiyini açıqlamayıb.
Unitree daha əvvəl insanabənzər robotlar üçün döyüş hərəkətlərini yerinə yetirməyə imkan verən UnifoLM-X2-1.0 adlı süni intellekt modelini də təqdim edib. Şirkətin məlumatına görə, bu model zərbələr endirmək, hücumların qarşısını almaq və onlardan yayınmaq kimi hərəkətləri dəstəkləyir.
H2-X-in təqdimatı şirkətin robotların fiziki imkanlarını süni intellekt əsaslı idarəetmə ilə birləşdirmək istiqamətində işlərini davam etdirdiyini göstərir.
Reklam videosunun sonunda Unitree robotun müstəqil şəkildə dəyişdirilməsinin və icazəsiz istifadəsinin təhlükəli olduğu barədə xəbərdarlıq edib. Şirkət robotdan istifadə zamanı ən azı 2–3 metr məsafə saxlamağı tövsiyə edib.
Qeyd edək ki, təqdim olunan görüntülər robotun real fövqəladə vəziyyətlərdə bütün bu tapşırıqları müstəqil və etibarlı şəkildə yerinə yetirə bildiyini təsdiqləmir. Bunun üçün əlavə texniki məlumatlar və real şəraitdə sınaqların nəticələri tələb olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.