Rus Pravoslav Kilsəsi keşişlərə kilsənin adından icazəsiz çıxış etməyi qadağan edib

Rus Pravoslav Kilsəsinin (RPK) Müqəddəs Sinodu keşiş və diakonların and mətninə dəyişiklik edib. Yeni qaydalara əsasən, din xadimlərinə kilsə rəhbərliyinin xeyir-duası olmadan kilsənin adından ictimai çıxışlar etmək qadağan olunub.
Bu barədə Moskva Patriarxlığının rəsmi saytında məlumat verilib.
Məhdudiyyətlər sosial şəbəkələrdə və digər sosial media platformalarında yayımlanan paylaşımlara, eləcə də ictimai çıxışlara şamil edilir.
Yeni qaydalara əsasən, din xadimlərinə sosial media platformalarından şəxsi mənfəət əldə etmək, Rus Pravoslav Kilsəsinin nüfuzuna xələl gətirmək və ya onun təlimini təhrif etmək məqsədilə istifadə etmək də qadağan olunub.
Dəyişikliklər Kilsələrarası Şuranın Kilsə idarəçiliyi, pastorluq xidməti və kilsə həyatının təşkili üzrə komissiyası tərəfindən hazırlanıb.
Komissiya hesab edib ki, and mətninin əvvəlki redaksiyası din xadimlərinin ictimai çıxışları və sosial mediadan istifadəsi ilə bağlı bütün məsələləri əhatə etmir. Bu səbəbdən qaydaların yenilənməsinə ehtiyac yaranıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.