AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sükan arxasında telefondan istifadəyə görə cərimələr kameralarla tətbiq oluna bilər

  • + A
  • - A
  • Bu gün, 10:45

    Sükan arxasında telefondan istifadəyə görə cərimələr kameralarla tətbiq oluna bilər

    Milli Məclisdə sürücülərin hərəkət zamanı telefondan istifadə etməsinə görə cərimələrin elektron qərarla rəsmiləşdirilməsi təklif edilib.

    Təklif Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılıb.

    Nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov məsələ ilə bağlı bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində elektron qərarla rəsmiləşdirilə bilən xətalar sırasına 342.6-cı maddədə nəzərdə tutulan xətanın da əlavə edilməsi təklif olunur.

    Ekspertin sözlərinə görə, təklif qəbul edilərsə, qanunvericilik prosedurlarından asılı olaraq, 2027-ci ilin ilk aylarından sürücülərin bu qayda pozuntusuna görə kameralar vasitəsilə cərimələnməsi mümkün ola bilər.

    Ə.Hüseynov qeyd edib ki, qayda pozuntusunun kameralar vasitəsilə müəyyən edilməsi texniki baxımdan asan olmayacaq. Belə ki, sistem sürücünün hərəkət zamanı telefonu əlində tutaraq istifadə etdiyini dəqiq qeydə almalıdır.

    Onun fikrincə, elektron nəzarət sistemi elə təkmilləşdirilməlidir ki, qayda pozuntusunu təsdiqləyən şübhəsiz və etibarlı görüntülər əldə olunsun. Əks halda, çoxsaylı mübahisələr yarana bilər.

    Ekspert sürücülərin sükan arxasında telefondan istifadəsinin yol hərəkəti təhlükəsizliyi üçün ciddi problem olduğunu vurğulayıb. Onun sözlərinə görə, zəncirvari qəzalar, arxadan toqquşmalar və nəqliyyat axınında yaranan problemlərin bir qismi sürücülərin diqqətinin telefon səbəbindən yayınması ilə əlaqədardır.

    Ə.Hüseynov bildirib ki, avtomobil 90 km/saat sürətlə hərəkət edərkən cəmi iki saniyədə təxminən 50 metr məsafə qət edir. Bu müddətdə sürücünün yola diqqət yetirməməsi ağır nəticələrə səbəb ola bilər.

    O əlavə edib ki, telefonun yaratdığı təhlükə yalnız ekrana baxmaq və ya cihazı əldə saxlamaqla məhdudlaşmır. Telefon vasitəsilə qəbul edilən məlumatlar da sürücünün diqqətini yayındıra, yol şəraitini düzgün qiymətləndirməsinə və vaxtında reaksiya verməsinə mane ola bilər.

    Ekspert qanun layihəsi dərc edildikdən sonra təklifin detalları barədə daha ətraflı məlumat əldə etməyin mümkün olacağını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR