Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində 29–30 oktyabr 2026-cı il tarixlərində Neftçala rayonunda maarifləndirici tədbirlər təşkil olunub.
Səfər çərçivəsində R. Gözəlov adına Xıllı qəsəbəsi 1 saylı tam orta məktəbində və S. Kərimov adına Qədimkənd kənd tam orta məktəbində şagirdlərlə görüş və seminarlar keçirilib.
Tədbirlərdə Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin sədri Elnurə Abuşova, uşaq hüquqları üzrə ekspert Kəmalə Aşumova və uşaq klinik psixoloqu Gülnar Salmanova iştirak ediblər.
İnteraktiv formatda keçirilən məşğələlər zamanı şagirdlərə siqaret, elektron siqaret (veyp), alkoqol, narkotik və psixoaktiv maddələr, qumar, internet və oyun asılılığı kimi zərərli vərdişlərin fəsadları, risk amilləri və onlardan qorunma yolları barədə nəzəri və praktik biliklər təqdim olunub.
Mütəxəssislərin iştirakı ilə təşkil edilən interaktiv məşğələlərdə uşaqlar müxtəlif tapşırıqlar və birgə fəaliyyətlər vasitəsilə mövzu ətrafında fikir mübadiləsi aparıb, öz düşüncələrini bölüşüb, suallar ünvanlayıb və əldə etdikləri bilikləri praktik nümunələr üzərindən möhkəmləndiriblər.
Görüşlərdə uşaqların zərərli vərdişlərdən qorunması, risklərin erkən müəyyən edilməsi, sağlam seçim etmək bacarıqlarının inkişafı və uşaqlarla profilaktik işin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Eyni zamanda, şagirdlərin rəyləri və təklifləri dinlənilib, mütəxəssislər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Layihənin əsas məqsədi uşaqlarda sağlam həyat tərzinin formalaşdırılması, zərərli vərdişlərin qarşısının alınması, uşaqların, valideynlərin və pedaqoqların məlumatlılığının artırılması, eləcə də aidiyyəti qurumlar və ictimai institutlar arasında əməkdaşlığın gücləndirilməsidir.
İnanırıq ki, uşaqların sağlam və təhlükəsiz gələcəyinin təmin olunması davamlı maarifləndirmə, erkən profilaktika, etibarlı ünsiyyət və birgə məsuliyyətlə mümkündür.
Layihə çərçivəsində maarifləndirmə tədbirlərinin Salyan və Masallıda davam etdirilməsi nəzərdə tutulur.
https://www.instagram.com/reel/DfR5DOyMNAC/?mdxt=MWtnMHg1cjBocWVkYw==https://www.instagram.com/reel/DfSD5dAMnAC/?rpxt=MWhrN3VrOGt5bXRqeg==



