“Dəyər” İnkişaf və Maarifləndirməyə Dəstək İctimai Birliyi, “Qərbi Azərbaycanda mövcud olmuş toponimlərin dünya ictimaiyyətinə tanıdılmasına dəstək” layihəsinin icrasına başlayıb.
Birliyin sədri Elçin Nağıyev açıqlamasımda qeyd edib ki, layihə, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur: "İyulun 1-də başlayıb üç ay müddətində həyata keçiriləcək. 1828-ci il Türkmənçay sülh müqaviləsindən dərhal sonra Çar Rusiyası işğal edilmiş Azərbaycan xanlıqlarının ərazilərinə kütləvi surətdə erməniləri köçürməyə başlayıb. Etnik azərbaycanlılar bu torpaqlardan qovulub, regionun etnik tərkibi tamamilə dəyişdirilib. 1918-ci il də, Qərbi Azərbaycan ərazisində, tarixdə heç vaxt mövcud olmayan Ermənistan dövləti yaradılıb. Bu proses Sovet dövründə də, davam etdirilib, region tamamilə etnik azərbaycanlılardan təmizlənib".
Elçin Nağıyev həmçinin bildirib ki, Ermənilər bu torpaqların onlara aid olduğunu sübut etməyə çalışmış, regionda mövcud olmuş azərbaycan-türk tarixi abidələrini məhv ediblər: "Zaman zaman bu prosesi davam etdirərək tarixi Azərbaycan torpaqları olan İrəvan, Zəngəzur, Göycə, Dərələyəz, Vedibasar, Zəngibasar, Ağbaba və s mahallarda erməniləşmə siyasəti apararaq tarixi ata-baba yurdlarımızda mövcud olan yaşayış məntəqələrimizin adları dəyişdirilərək erməni mənşəli yeni adlar verilib. Məqsədyönlü şəkildə bu torpaqların qədim erməni torpaqları kimi dünya ictimaiyyətinə tanıtmağa çalışıblar".
Birliyin sədri tarixdə saxtakarlıq etməkdə mahir olan ermənilər 200 ilə yaxındır türklərə aid torpaqları ələ keçirərək, minlərlə türk mənşəli toponimin dəyişdirilməsini həyata keçirib, kənd, rayon adlarını erməniləşdirməklə işlərini bitmiş hesab etmir, dağ, meşə, bulaq və s. adlarını da saxtalaşdırdıqlarını da bildirib.
Qeyd edək ki, layihənin məqsədi tarixi Azərbaycan torpaqları olan qərbi Azərbaycanda mövcud olmuş türk mənşəli toponimləri toplayaraq yaradılacaq ingilis dilli veb saytda dərc etməklə dünya ictimaiyyətində tanıtmaqdır. Layihənin sonunda veb saytın, mətbuatın iştirakı ilə təqdimat mərasimi keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.