AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Araşdırma: 2036-cı ilə qədər dünyada 80 milyon qadın sonsuzluq problemi ilə üzləşə bilər

  • + A
  • - A
  • Bu gün, 18:53

    Araşdırma: 2036-cı ilə qədər dünyada 80 milyon qadın sonsuzluq problemi ilə üzləşə bilər


    Yeni araşdırmaya görə, 2036-cı ilə qədər dünyada sonsuzluqdan əziyyət çəkən qadınların sayı təxminən 80 milyona çatacaq. Bu göstərici 2023-cü illə müqayisədə təxminən 1,5 dəfə çoxdur və əsas səbəb kimi analığın daha gec yaşlara təxirə salınması göstərilir.

    The Lancet jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, son illərdə xüsusilə 35–49 yaş arası qadınlarda sonsuzluq halları sürətlə artır. Proqnozlara əsasən, 2036-cı ildə bu yaş qrupunda sonsuzluq hallarının sayı 2023-cü ildəki 53,6 milyon göstəricidən 80 milyona yaxınlaşacaq. Ən böyük artımın isə 35–39 yaş qrupunda qeydə alınacağı gözlənilir.

    Tədqiqat müəllifləri bildirirlər ki, bunun əsas səbəbi yaş artdıqca yumurta hüceyrələrinin ehtiyatının azalması və mayalanma qabiliyyətinin zəifləməsidir. Bu isə məhsuldarlığın azalmasına, düşük riskinin artmasına və köməkçi reproduktiv texnologiyaların effektivliyinin aşağı düşməsinə səbəb olur.

    Araşdırmada vurğulanır ki, əhalinin qocalması və sosial-iqtisadi dəyişikliklər fonunda daha çox qadın gec yaşlarda sonsuzluq riski ilə üzləşir və bu problem ictimai səhiyyə üçün getdikcə daha ciddi əhəmiyyət kəsb edir.

    Çinli alimlər Global Burden of Disease 2023 layihəsinin 1990–2023-cü illəri əhatə edən, 204 ölkə və ərazini əhatə edən məlumatlarını təhlil edərək müəyyən ediblər ki, sonsuzluq hallarındakı artım ən çox inkişaf etmiş ölkələrdə müşahidə olunur.

    Mütəxəssislərin fikrincə, bir çox orta gəlirli və sürətlə inkişaf edən ölkələrdə insanların daha gec ailə qurması, övlad sahibi olmağı təxirə salması, 30–40 yaşdan sonra hamilə qalmaq istəyən qadınların sayının artması və reproduktiv sağlamlıq barədə məlumatlılığın yüksəlməsi sonsuzluq hallarının artmasına təsir göstərir.

    Bununla yanaşı, bir çox ölkədə sonsuzluğun diaqnostikası və müalicəsi hələ də bahalı və ya əlçatmaz olduğundan, bu sahədə tibbi xidmətlərə tələbat səhiyyə sisteminin imkanlarını üstələyir.

    Reproduktiv sağlamlıq üzrə ekspert Rosio Nunyes Kalonxe hesab edir ki, problemin həlli yalnız köməkçi reproduktiv texnologiyaların genişləndirilməsi ilə mümkün deyil. Onun sözlərinə görə, analığın gecikməsinə səbəb olan sosial amillər, o cümlədən iş və şəxsi həyat balansı, iqtisadi sabitlik və erkən analığı təşviq edən dövlət dəstəyi də gücləndirilməlidir.

    Mütəxəssislər xatırladırlar ki, sonsuzluq təkcə qadınlara aid problem deyil. Qiymətləndirmələrə görə, dünyada təxminən hər altı nəfərdən biri həyatının müəyyən dövründə bu problemlə qarşılaşır, reproduktiv yaşda olan cütlüklərin isə 8–12 faizi övlad sahibi olmaqda çətinlik yaşayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR