İsrail və Livan arasında növbəti məsləhətləşmələr 4–6 avqustda Romada keçiriləcək

Bakı, – İsrail və Livan nümayəndələri arasında növbəti texniki məsləhətləşmələrin 4–6 avqust tarixlərində İtaliyanın paytaxtı Romada keçirilməsi planlaşdırılır. Bu barədə Axios portalının və İsrailin 12-ci televiziya kanalının jurnalisti Barak Ravid ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, görüşdə İsrail, Livan və ABŞ nümayəndələri İsrail ordusunun Livanın cənubundan mərhələli şəkildə geri çəkilməsi prosesinin genişləndirilməsini, həmçinin iki ölkə arasında mövcud olan quru sərhədi mübahisələrinin həllini müzakirə edəcəklər.
ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Romada keçiriləcək texniki məsləhətləşmələr tərəflər arasında imzalanmış çərçivə sazişinin tam icrasına dəstəyin təmin edilməsinə yönələcək. Gündəlikdə Livanda İsrail qoşunlarının çıxarılacağı “pilot zonaların” sayının artırılması, sərhəd mübahisələrinin aradan qaldırılması və sülh və təhlükəsizlik üzrə hərtərəfli razılaşmanın hazırlanması məsələləri yer alacaq.
Xatırladaq ki, iyunun 26-da Livan və İsrail ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən beş raund danışıqların yekununda çərçivə sazişi imzalayıblar. Sazişə əsasən, Livan Silahlı Qüvvələri ölkə ərazisində mərhələli şəkildə effektiv suveren nəzarəti bərpa etməli, İsrail isə nəzarət etdiyi ərazilərdən qoşunlarını çıxarmalıdır.
İyulun 15-də Romada keçirilən altıncı danışıqlar raundunun nəticəsi olaraq ilk “pilot zona”nın yaradılması barədə razılıq əldə olunub. İyulun 20-də isə ABŞ Dövlət Departamenti İsrail qoşunlarının çıxarılması nəzərdə tutulan üç “pilot zona”nın Livanda fəaliyyətə başladığını açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.