Atlantik okeanında tropik qasırğası formalaşıb

Atlantik okeanında “Kristobal” tropik qasırğası formalaşıb. Associated Press xəbər verir ki, qasırğa Azor adalarının təxminən 1,4 min kilometr qərbində yerləşib.
ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) məlumatına görə, hazırda ABŞ sahilləri üçün hər hansı təhlükə xəbərdarlığı elan edilməyib. Qasırğanın şərq istiqamətində hərəkət etdiyi, küləyin maksimal sürətinin isə saatda 72 kilometrə çatdığı bildirilir. Meteoroloqlar “Kristobal”ın cümə axşamı zəifləyərək dağılacağını proqnozlaşdırırlar.
Eyni zamanda, Sakit okeanda “One-C” potensial tropik siklonu ilə bağlı xəbərdarlıqlar başlayıb. Sistem Havay adalarından təxminən 1,6 min kilometr cənub-şərqdə yerləşir və küləyin sürəti saatda 56 kilometrə çatır.
Siklon qərb istiqamətində hərəkət edir. Proqnoza əsasən, Havay adalarına cümə gününün sonunadək yaxınlaşmazdan əvvəl tropik fırtınaya çevrilə bilər. Meteoroloqlar artıq cümə axşamı səhər Havay adaları üçün tropik fırtına və ya qasırğa təhlükəsi ilə bağlı xəbərdarlığın elan edilə biləcəyini istisna etmirlər.
Sistemin Havay adalarına 130–250 millimetr, bəzi ərazilərə isə 510 millimetrədək yağıntı gətirə biləcəyi gözlənilir. Güclü yağışların daşqın və torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.