Medvedev süni intellektin bəşəriyyət üçün təhlükə yaradacağına inanmır

Medvedev süni intellektin bəşəriyyəti məhv edəcəyi ssenarisinə inanmır
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev süni intellektin inkişafının bəşəriyyətin məhvinə gətirib çıxaracağı ehtimalını real hesab etmir.
Medvedev bu barədə süni intellekt sahəsində tanınmış şəxslərin, o cümlədən “xAI” şirkətinin rəhbəri İlon Maskın texnologiyanın inkişafına fasilə verilməsi ilə bağlı çağırışlarını şərh edərkən danışıb.
Onun sözlərinə görə, süni intellektin bəşəriyyəti tamamilə məhv etməsi ssenarisi “dumanlı perspektivdir”. Bununla belə, Medvedev süni intellekt texnologiyasının ciddi və böyükmiqyaslı zərər vurmasının daha real təhlükə olduğunu bildirib.
Rusiya rəsmisinin fikrincə, əsas risk süni intellekt əsasında hazırlanmış proqramların iri istehsal müəssisələrinin və ya nəqliyyat qovşaqlarının idarə olunmasına cəlb edilməsi ilə bağlıdır. Belə sistemin səhv qərarı böyük fəlakətə səbəb ola bilər. Medvedev nümunə olaraq təyyarələrin toqquşması və yanacaqdoldurma məntəqələrinin məhv edilməsini göstərib.
Medvedev hesab edir ki, süni intellektin tənzimlənməsi ilə bağlı beynəlxalq razılaşmaların əldə olunması məntiqli olardı. Lakin onun fikrincə, buna korporasiyaların maraqları və insanların nəzarətsiz ambisiyaları mane ola bilər.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini gələcəkdə süni intellektin hansı səviyyəyə çatacağının məlum olmadığını da vurğulayıb. O bildirib ki, hazırda süni intellektin aşkar emosiyaları yoxdur, lakin gələcəkdə meydana çıxa biləcək “superintellektin” davranışının necə olacağını heç kim dəqiq bilmir.
Medvedev ironik şəkildə qeyd edib ki, bəşəriyyət gələcəkdə məhz süni intellektin mərhəmətinə ümid etməli ola bilər: “Bəlkə valideynlərinə yazığı gələr”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.