AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinə yol açdı

  • + A
  • - A
  • Bu gün, 09:36

    ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinə yol açdı


    ABŞ Nümayəndələr Palatası Rusiyaya və İrana qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsinin qəbuluna doğru növbəti addımı atıb.

    “The Hill” yazır ki, qanun layihəsinin yekun səsverməyə çıxarılmasına imkan verən prosedur maneəsinin aradan qaldırılması ilə bağlı qərarı 214 konqresmen dəstəkləyib, 211 nəfər isə əleyhinə səs verib. Qanun layihəsi üzrə yekun səsvermənin sentyabrın 16-da keçirilməsi gözlənilir.

    “Lindsey O. Graham Sanctioning Russia and Iran Act” adlanan sənəd Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini və İrana qarşı mövcud sanksiyaların müddətinin uzadılmasını nəzərdə tutur.

    Bundan əlavə, qanun layihəsi ABŞ prezidentinə Rusiyanın neft və qazını alan ölkələrə qarşı əlavə gömrük tarifləri tətbiq etmək səlahiyyəti verə bilər.

    Sənədə əsasən, Rusiyanın neft və ya təbii qazının beş ən böyük alıcısından olan ölkələrin, eləcə də ABŞ hakimiyyətinin Rusiyanın sanksiyalardan yayınmasına kömək etdiyini müəyyən etdiyi beş ölkənin məhsullarına 100 faizə qədər gömrük rüsumu tətbiq edilə bilər. Potensial olaraq bu tədbirlərdən təsirlənə biləcək ölkələr arasında Çin və Hindistan da göstərilir.

    Qanun layihəsinin irəliləməsi iki demokrat konqresmenin — Men ştatından Jared Golden və Vaşinqton ştatından Marie Gluesenkamp Perezin — respublikaçılarla birlikdə səs verməsindən sonra mümkün olub. Prosedur xarakterli səsvermələr adətən partiya intizamının göstəricisi hesab edilir və demokratlar respublikaçı rəhbərliyin təşəbbüslərini bu mərhələdə nadir hallarda dəstəkləyirlər.

    Qanun layihəsi təxminən il yarım ərzində müzakirə və danışıqlar mərhələsində olub və hər iki partiyanın nümayəndələrinin müqaviməti ilə üzləşib.

    Tennessi ştatından respublikaçı Tim Burchett isə demokratlarla birlikdə prosedur qərarının əleyhinə səs verib. O bildirib ki, partiya rəhbərliyindən ABŞ-da yanacağın qiymətlərinin azaldılmasına yönəlmiş ayrıca tədbirlərin səsverməyə çıxarılacağına dair vəd alıb.

    Qanun layihəsinin əsas tərəfdarlarından olan Texas ştatından respublikaçı Michael McCaul sənədi Rusiya Prezidenti Vladimir Putinə ABŞ-ın Ukraynaya dəstəyini nümayiş etdirən mühüm siqnal kimi qiymətləndirib. Onun sözlərinə görə, qanun layihəsi həmçinin Çinə Tayvana qarşı mümkün təcavüzün nəticələri barədə xəbərdarlıq etməlidir.

    Demokratlar arasında qanun layihəsinin əleyhdarları sənədin prezidentin tarif siyasəti sahəsində səlahiyyətlərini həddindən artıq genişləndirdiyini bildirirlər. Konqresmenlər Don Beyer, Gregory Meeks və Richard Neal daha əvvəl qanun layihəsinin ABŞ-da qiymətlərin artmasına səbəb ola biləcəyini və Ukraynaya uzunmüddətli dəstəyi zəiflədə biləcəyini qeyd ediblər.

    ABŞ-ın Rusiyadakı keçmiş səfiri Michael McFaul da qanun layihəsinin uğursuzluğa düçar olmasına qarşı çıxıb. O bildirib ki, sənədin qəbulunun Ukraynaya dəstək baxımından siyasi təsiri tarif səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı mümkün mənfi nəticələrdən daha əhəmiyyətli ola bilər. Bununla yanaşı, McFaul Donald Trampın ona veriləcək səlahiyyətlərdən maksimum sərt sanksiyalar tətbiq etmək üçün həqiqətən istifadə edib-etməyəcəyinə şübhə etdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR