Çin Yaxın Şərqdə gərginliyin azaldılmasına hazırdır

Çin Yaxın Şərqdə gərginliyin azaldılmasına və regionda sabitliyin təmin olunmasına töhfə verməyə hazır olduğunu açıqlayıb.
Çinin xarici işlər naziri Van İ Pekində iranlı həmkarı Abbas Əraqçi ilə görüşü zamanı ölkəsinin bu istiqamətdə rol oynamağa hazır olduğunu bildirib. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Van İ qeyd edib ki, Çin gərginliyin azaldılması, dialoqun dəstəklənməsi, eləcə də regionda sülh və sabitliyin bərqərar olmasına yardım göstərməyə hazırdır.
Görüş zamanı Çin-İran münasibətlərinin inkişafı məsələsi də müzakirə olunub. Van İ iki ölkə arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və gücləndirilməsində Pekinin maraqlı olduğunu vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə Tehranla Vaşinqton arasındakı münaqişəyə toxunaraq bildirib ki, İran xalqının hüquqlarını təmin edən diplomatik həll yollarını alqışlayır.
Əraqçinin sözlərinə görə, Tehran regionda sülhün bərpasına və qonşu ölkələrlə dostluq və dinc münasibətlərin qurulmasına çalışır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.