İlon Maskın şirkəti Ukraynada Starlink terminallarının sürətini məhdudlaşdırıb

ABŞ-ın SpaceX şirkəti Ukraynada hərəkət zamanı Starlink peyk rabitəsi terminallarının işləmə sürətinə məhdudiyyət tətbiq edib. Ukrayna Prezidentinin müşaviri Sergey Beskrestnovun sözlərinə görə, bu addım nəticəsində Ukrayna müdafiə qüvvələrinin bir sıra əməliyyatları pozulub.
Beskrestnov bildirib ki, məhdudiyyət oktyabrın 13-dən 14-nə keçən gecə tətbiq olunub. Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri bu barədə əvvəlcədən xəbərdar edilməyib.
O qeyd edib ki, hazırda məhdudiyyət StarShield adlı hərbi rabitə xidmətinə şamil edilir və hərəkət sürəti saatda 100 mil, yəni təxminən 160 kilometr müəyyənləşdirilib.
Ukrayna Prezidentinin müşaviri baş verənlərin təsadüf olmadığını və mövcud siyasi vəziyyətlə əlaqəli ola biləcəyini bildirib.
Ukrayna mediasının məlumatına görə, sürət həddinin tətbiqi xüsusilə yüksək sürətlə hərəkət edən pilotsuz uçuş aparatlarının idarə edilməsində çətinliklər yaradır. Cəbhədəki bəzi bölmələr rabitənin qısa müddətə kəsilməsi səbəbindən əməliyyatları ləğv etmək məcburiyyətində qalıb.
Reuters agentliyinin məlumatına görə, SpaceX məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Starlink Ukrayna ordusunun rabitə və pilotsuz uçuş aparatlarının idarə edilməsində mühüm rol oynayır. Sistemin elektron müdaxilələrə qarşı davamlılığı da onun hərbi əməliyyatlarda əhəmiyyətini artırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.