Albaniyada tələbələr hökumət binasına “Molotov kokteyli” atmağa cəhd ediblər

Tiranada tələbə etirazları iğtişaşlarla müşayiət olunub. Nümayişçilər baş nazirin ofisi də daxil olmaqla bir sıra dövlət qurumlarına hücum edib. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
APA-nın məlumatına görə, bu barədə Albaniyanın ATA agentliyi xəbər yayıb.
Məlumata əsasən, etiraz aksiyası çərşənbə günü yerli vaxtla saat 11:00-da başlayıb. Əvvəlcə Təhsil Nazirliyinə və Durres küçəsində yerləşən obyektlərə hücum edən nümayişçilər daha sonra “Millət Şəhidləri” bulvarı ilə hökumət binasına doğru hərəkət ediblər.
Yol boyunca etirazçılar müşahidə kameralarını, svetoforları və reklam konstruksiyalarını sındırıblar. Daha sonra Daxili İşlər Nazirliyinin, İqtisadiyyat və İnnovasiyalar Nazirliyinin, eləcə də Albaniya Bankının binalarına hücum edilib.
Baş nazirin ofisinin yerləşdiyi əraziyə çatan nümayişçilər binaya fişənglər və yandırıcı qarışıqla doldurulmuş butulkalar atmağa cəhd göstəriblər. Lakin polis onların qarşısını alıb. Gərginliyin artması fonunda hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməklə izdihamı dağıtmağa başlayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.