ALİMLƏR İNSAN FƏALİYYƏTİNİN İQLİMƏ TƏSİRİNİ TƏSDİQLƏYƏN YENİ DƏLİLLƏR AŞKARLAYIB

İnsan fəaliyyətinin qlobal istiləşməyə təsirini təsdiqləyən elmi sübutlar son 17 ildə daha da güclənib. Bu nəticə Earth’s Future elmi jurnalında dərc olunan genişmiqyaslı icmalda əksini tapıb.
Tədqiqata rəhbərlik edən Şərqi İngiltərə Universitetinin professoru Benjamin Santer və həmkarları iqlim sistemində insan fəaliyyətinin təsirini üzə çıxaran xarakterik dəyişiklikləri — iqlim “izlərini” araşdırıblar. Müəlliflərin fikrincə, 30 ildən artıq davam edən tədqiqatlar istixana qazı emissiyalarının Yer kürəsinin iqlim sistemində genişmiqyaslı dəyişikliklərə səbəb olduğunu göstərən güclü elmi əsaslar ortaya qoyub.
İstixana qazları iqlim sisteminin müxtəlif qatlarına təsir edir
Araşdırma 2009-cu ildə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) qəbul etdiyi qərarın elmi əsaslarını da dəstəkləyir. Həmin qərarda istixana qazı emissiyalarının əhalinin sağlamlığı və rifahı üçün təhlükə yaratdığı bildirilib. “Endangerment Finding” adlanan bu qərar ABŞ-da istixana qazı emissiyalarının tənzimlənməsi üçün mühüm hüquqi əsaslardan birinə çevrilib.
Yeni icmal 2025-ci ilin iyulunda ABŞ Energetika Nazirliyinin iqlim “izləri” ilə bağlı araşdırmaların etibarlılığını və EPA-nın qərarının elmi əsaslarını şübhə altına alan hesabatından sonra dərc olunub. İcmalın müəllifləri həmin hesabatda ciddi elmi çatışmazlıqlar olduğunu bildirirlər. Onların fikrincə, hesabat həm 2009-cu ilə qədər toplanmış sübutları, həm də sonrakı illərdə iqlimşünaslıq sahəsində əldə olunan mühüm nəticələri lazımi səviyyədə nəzərə almayıb.
Alimlər qeyd edirlər ki, qlobal istiləşmə insan fəaliyyətinin təsirini təbii iqlim dəyişkənliyindən daha aydın fərqləndirməyə imkan verir. Alət ölçmələri ilə qeydə alınan tarix ərzində Yer səthində ən yüksək orta temperatur göstəricilərinə malik 10 ilin hamısı 2009-cu ildən sonra qeydə alınıb.
İqlim dəyişikliklərinin səbəbləri necə müəyyən edilir?
İqlim atribusiyası metodları istixana qazlarının təsirini iqlim sisteminin müxtəlif hissələrində müəyyən etməyə imkan verir. Bu təsirlər stratosferin yuxarı qatlarından okeanın dərinliklərinədək müşahidə olunur.
Həmin metodlar həmçinin iqlim dəyişikliyinin ekstremal hadisələrin tezliyinə və intensivliyinə təsirini qiymətləndirməyə kömək edir. Söhbət güclü istilik dalğaları, daşqınlar, meşə yanğınları və kənd təsərrüfatı məhsullarına dəyən zərər kimi hadisələrdən gedir.
Tədqiqatın həmmüəllifi, Massaçusets Texnologiya İnstitutunun professoru Susan Solomon bildirib ki, müxtəlif müstəqil elmi qrupların araşdırmaları iqlim sisteminin ayrı-ayrı komponentlərində baş verən dəyişikliklərin bir-biri ilə uyğunluğunu göstərir. Bu dəyişikliklər qlobal istiləşmənin gözlənilən nəticələri ilə üst-üstə düşür.
Alimlər iqlim siyasəti ilə bağlı risklərə diqqət çəkirlər
Tədqiqatın müəllifləri xəbərdarlıq edirlər ki, EPA-nın 2009-cu il qərarının ləğvi istixana qazı emissiyalarına nəzarətin zəifləməsinə və ABŞ-da digər ekoloji normalara yenidən baxılması üçün zəmin yaranmasına səbəb ola bilər.
Alimlərin qənaətinə görə, son onilliklər ərzində toplanmış elmi məlumatlar insan fəaliyyətinin iqlim sisteminə təsirini daha aydın göstərir. Bu nəticələr istixana qazı emissiyalarının azaldılması və iqlim risklərinin məhdudlaşdırılması istiqamətində tədbirlərin əhəmiyyətini bir daha gündəmə gətirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.