AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəşad Mahmudov: Səhiyyə islahatları vahid strateji idarəetmə mərhələsinə keçir

  • + A
  • - A
  • Bu gün, 12:50

    [img=left]https://azadmedia.az/uploads/posts/2026-10/1792486146_img_20261020_124823.jpg[/img


    Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən struktur dəyişikliklərini dövlətin uzunmüddətli səhiyyə siyasətinin davamı və islahatların yeni mərhələsi kimi qiymətləndirib.
    O bildirib ki, vaxtilə TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçidin obyektiv zərurətindən irəli gəlirdi. Sovet dövründən miras qalmış səhiyyə idarəçiliyi yeni maliyyələşmə mexanizmlərinə, çevik menecmentə və icbari tibbi sığortanın tələblərinə tam uyğun olmadığı üçün dövlət tibb müəssisələrinin ayrıca və daha operativ struktur vasitəsilə idarə olunması həmin dövrdə zəruri addım idi.

    Rəşad Mahmudovun sözlərinə görə, TƏBİB keçid mərhələsində mühüm funksiyanı yerinə yetirib. Hazırda isə səhiyyə sistemində baş verən dəyişikliklər bu prosesin daha geniş və strateji müstəvidə davam etdirilməsini nəzərdə tutur.
    Deputat hesab edir ki, həyata keçirilən dəyişiklikləri geriyə dönüş kimi deyil, keçid dövrünün başa çatması və səhiyyənin vahid, sistemli idarəetmə mərhələsinə keçidi kimi qiymətləndirmək lazımdır.

    O qeyd edib ki, müasir səhiyyə siyasəti yalnız dövlət xəstəxanalarını deyil, müxtəlif dövlət qurumlarının tabeliyindəki tibb strukturlarını və özəl tibb müəssisələrini də əhatə etməlidir. Bu müəssisələrin vahid səhiyyə siyasəti, ümumi keyfiyyət standartları, hüquqi təminatlar və koordinasiya mexanizmləri çərçivəsində fəaliyyət göstərməsi vacibdir.

    Rəşad Mahmudov Səhiyyə Nazirliyinin strateji rolunun gücləndirilməsini də bu baxımdan əhəmiyyətli hesab edir. Onun fikrincə, əsas məqsəd bütün tibb müəssisələrini inzibati baxımdan vahid mərkəzə tabe etdirmək deyil, mülkiyyət və tabelik formasından asılı olmayaraq, səhiyyə xidmətlərinin vahid dövlət siyasəti əsasında tənzimlənməsini təmin etməkdir.

    Deputat vurğulayıb ki, islahatların növbəti mərhələsində əsas diqqət qurumların adlarına və tabeliyinə deyil, bütövlükdə səhiyyə sisteminin səmərəliliyinin artırılmasına, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsinə yönəlməlidir.

    Onun sözlərinə görə, islahatların uğuru ilk növbədə vətəndaşların gündəlik həyatında hiss olunan müsbət nəticələrlə ölçülməlidir. Bu baxımdan, struktur dəyişiklikləri dövlətin səhiyyə siyasətində ardıcıllığın, mərhələli inkişafın və daha müasir, dayanıqlı səhiyyə sisteminin formalaşdırılması istiqamətində atılan addımların davamı kimi qiymətləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR