Ayı Vinni-Puxun 100 illiyində kitabxanaya girib bal yeyib

ABŞ-ın Kaliforniya ştatında ayı Vinni-Puxun 100 illiyinin qeyd olunduğu gün kitabxanaya daxil olaraq bal yeyib.
Hadisə oktyabrın 15-də, çərşənbə günü, səhər saat 6 radələrində Mamot-Leyks şəhərindəki kitabxana filialında baş verib. Bu barədə UPI agentliyi məlumat yayıb.
Mono dairəsinin kitabxana sistemi əməkdaşları hadisənin görüntülərini sosial şəbəkələrdə paylaşıblar. Onların sözlərinə görə, gözlənilməz qonaq birbaşa əməkdaşlar üçün nəzərdə tutulan ərzaq ehtiyatlarına yönəlib. Ayı səhər yeməyi kimi fıstıq yağı, bir neçə porsiya şaftalı, peçenye və, əlbəttə ki, bir banka bal yeyib.
Yeməkdən sonra heyvan bir müddət kitab rəflərinin ətrafında dolaşıb, daha sonra isə binanı özü tərk edib.
Kitabxana nümayəndələri hadisə ilə bağlı yumoristik açıqlama veriblər: “Təəccüblüdür ki, heç bir zərər aşkarlanmayıb. Rəflər yerində qalıb, kitablar zədələnməyib. Lakin məlumat yayılanadək bal bankası hələ də geri qaytarılmayıb”.
Maraqlıdır ki, ayının kitabxanaya gəlişi məşhur ədəbi personaj Vinni-Puxun ilk kitabının nəşrinin 100 illiyinə təsadüf edib. İngilis yazıçısı Alan Aleksandr Milnin yaratdığı personaj ilk dəfə 1924-cü ildə “Biz çox balaca olanda” adlı şeirlər toplusunda yer alıb. “Vinni-Pux” adlı ayrıca kitab isə 1926-cı ildə nəşr olunub.
Bal sevgisi ilə tanınan məşhur ayının yubiley günündə kitabxanaya gələn qonağın da baldan imtina etməməsi hadisəyə xüsusi maraq qatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.