Tramp Rusiya, ABŞ və Çin liderlərinin mümkün görüşündə nüvə silahlarının azaldılmasını müzakirə etmək istəyir

ABŞ prezidenti Donald Tramp Rusiya və Çin liderləri ilə mümkün üçtərəfli görüşün əsas mövzularından birinin nüvə silahlarının azaldılması və nüvəsizləşdirmə olmalı olduğunu bildirib.
Tramp jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinlə keçirilməsi nəzərdə tutulan görüşün yalnız bu məsələ ilə məhdudlaşmayacağını, lakin nüvə silahlarının azaldılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Burada söhbət nüvəsizləşdirmədən gedir. Məsələ təkcə bundan ibarət deyil. Qarşıda atılmalı çoxlu addımlar var. Amma düşünürəm ki, bu, indiyədək gördüyüm ən yaxın fürsətdir. Siz də mənim gördüklərimi görürsünüz”, – deyə Tramp jurnalistlərə bildirib.
Bundan əvvəl də ABŞ prezidenti Putin və Si Cinpinlə üçtərəfli görüş keçirmək istədiyini açıqlamışdı. Tramp həmin görüşdə nüvə silahları və nüvəsizləşdirmə məsələlərinin müzakirə olunacağını qeyd etmişdi.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Çinin Rusiya, ABŞ və Çin liderlərinin görüşünün təşkili üzərində artıq işlədiyini bildirib.
Uşakovun sözlərinə görə, şərait əlverişli olarsa, üç ölkə liderinin görüşü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində, Çinin Şençjen şəhərində keçirilə bilər.
Hələlik mümkün üçtərəfli görüşün dəqiq tarixi və gündəliyi ilə bağlı yekun qərarın verildiyi barədə məlumat yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.