Avropa Parlamenti fermerlərə ayrılan maliyyələşmənin artırılmasını tələb edib — Politico

Avropa Parlamenti (AP) Avropa İttifaqının 2028–2034-cü illəri əhatə edən büdcə planında kənd təsərrüfatı istehsalçılarına ayrılan maliyyənin artırılmasını tələb edib. Aİ ölkələri isə büdcənin azaldılmasını istəyirlər. Avropanın Politico nəşrinin məlumatına görə, tələblər yerinə yetirilmədiyi təqdirdə avroparlamentarilər büdcə üzrə danışıqları bloklamaqla hədələyirlər.
Nəşrin yazdığına görə, müvafiq tələb Avropa Parlamentinin Kənd Təsərrüfatı və Balıqçılıq Komitəsi tərəfindən irəli sürülüb. Bu, Aİ büdcəsinə aldıqlarından daha çox vəsait köçürən donor ölkələrin Avropa Komissiyasının təklif etdiyi büdcə layihəsinin ən azı 13 faiz, bəzi xərc istiqamətləri üzrə isə 17 faiz azaldılmasını tələb etdiyi bir vaxta təsadüf edir.
Politico qeyd edir ki, yaranmış vəziyyət Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın noyabrın 26–27-də keçirilməsi planlaşdırılan büdcə üzrə növbədənkənar sammitə hazırlıq prosesində üzləşdiyi çətinlikləri daha da artırır.
Avropa İttifaqının fermerlərə ödənişləri də əhatə edən Ümumi Kənd Təsərrüfatı Siyasəti onilliklər ərzində qurumun büdcəsinin əsas xərc istiqamətlərindən biri olub. Əvvəllər büdcə vəsaitlərinin təxminən 40 faizi bu sahəyə ayrılırdı.
Avropa Komissiyasının hazırladığı yeni yeddiillik büdcə layihəsi ümumi büdcənin artırılmasını və Aİ tarixində ilk dəfə hərbi xərclər üçün ayrıca maliyyə istiqamətinin yaradılmasını nəzərdə tutur. Bununla yanaşı, kənd təsərrüfatına və İttifaqın iqtisadi cəhətdən geridə qalan regionlarının inkişafına ayrılan vəsaitlərin azaldılması təklif olunur.
Antonio Koşta hazırda layihəni Aİ-yə üzv dövlətlər və qurumlarla razılaşdırmağa çalışır. Lakin büdcə planının əsas müddəaları həm üzv ölkələr, həm də ayrı-ayrı siyasi qüvvələr tərəfindən tənqid olunur.
Avropa siyasi dairələrində hərbi xərclərin artırılması məsələsinə nisbətən daha az etiraz bildirilsə də, əsas mübahisələr bu artımın hansı sahələrin maliyyələşdirilməsi hesabına həyata keçiriləcəyi ətrafında gedir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.