AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rumıniyanın baş naziri Moldova ilə birləşmə məsələsindən danışıb

  • + A
  • - A
  • Bu gün, 21:42

    Rumıniyanın baş naziri Moldova ilə birləşmə məsələsindən danışıb


    Rumıniya və Moldovanın mümkün birləşməsi hər iki ölkə vətəndaşlarının iradəsindən asılıdır. Bunu Rumıniyanın baş naziri Luka Nikulesku Kişinyovda TVR Moldova telekanalına müsahibəsində bildirib.

    Baş nazirin sözlərinə görə, hazırkı mərhələdə əsas prioritet iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Moldovanın Avropa İttifaqına yaxınlaşmasıdır.
    Nikulesku qeyd edib ki, Rumıniya ilə Moldova arasında çoxsaylı tarixi və digər əlaqələr mövcuddur, iki ölkənin birləşməsi məsələsi isə müxtəlif dövrlərdə, o cümlədən mürəkkəb şəraitdə müzakirə olunur.

    O vurğulayıb ki, birləşmə yalnız hər iki ölkənin vətəndaşları bunu istədikləri halda mümkün ola bilər. Hazırda Buxarestin məqsədi Moldova ilə əlaqələri daha da genişləndirmək, iki ölkə arasında yeni əməkdaşlıq imkanları yaratmaq və Moldovanın Avropa İttifaqına inteqrasiyasına dəstək verməkdir.

    Moldova ilə Rumıniyanın birləşməsi məsələsi Ukraynada davam edən müharibə və Rusiyanın Kişinyova təzyiqi ilə bağlı təhlükəsizlik narahatlıqları fonunda yenidən gündəmə gəlib.
    2026-cı ilin əvvəlində Moldovanın prezidenti Maya Sandu Britaniyalı jurnalistlərə müsahibəsində referendum keçiriləcəyi təqdirdə Rumıniya ilə birləşməyə səs verəcəyini bildirib. Bununla belə, Sandu Moldovada birləşməni dəstəkləyənlərin çoxluq təşkil etmədiyini etiraf edib. Onun fikrincə, ölkə üçün daha real hədəf Avropa İttifaqına üzvlükdür. Bu, Moldovanın suverenliyini qorumasına və demokratiyasını gücləndirməsinə imkan verə bilər.

    Rumıniya prezidenti Nikuşor Dan da 2025-ci ildə Almaniya mediasına müsahibəsində Moldova ilə birləşməni şəxsən dəstəklədiyini açıqlayıb. Bununla yanaşı, o bildirib ki, Moldova vətəndaşları hazırkı dövlətçilik modelini qorumağa üstünlük verdikləri müddətdə Buxarest bu istiqamətdə hər hansı addım atmayacaq.

    Qeyd edək ki, 2018-ci ildə Rumıniya parlamenti iki ölkənin birləşməsini dəstəkləyənlərin mövqeyini qanuni hesab etdiyini bəyan edib. Parlament həmçinin birləşmənin Moldova vətəndaşlarının azad iradəsi əsasında reallaşacağı təqdirdə bu prosesi dəstəkləməyə hazır olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR