AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İngiltərədə 25 il əvvəl tapılan dinozavr yeni cins kimi təsvir edilib

  • + A
  • - A
  • Dünən, 21:30

    İngiltərədə 25 il əvvəl tapılan dinozavr yeni cins kimi təsvir edilib


    İngiltərənin Surrey qraflığında 2001-ci ildə aşkar edilən ot yeyən dinozavrın qalıqları 25 il sonra yenidən araşdırılıb. Alimlər fosillərin əvvəllər elmə məlum olmayan yeni cins və növə aid olduğunu müəyyən ediblər. Dinozavr Paludohadros proudlovii adlandırılıb. Tədqiqatın nəticələri Journal of Systematic Palaeontology jurnalında dərc olunub.

    Dinozavrın qalıqları cənubi İngiltərədəki kərpic zavodunun ərazisində tapılıb. Daha sonra onlar London Təbiət Tarixi Muzeyinin kolleksiyasında saxlanılıb. Yalnız yeni araşdırma zamanı alimlər bu fosillərin ayrıca cins və növü təmsil etdiyini müəyyənləşdiriblər.

    Təxminən 125 milyon il əvvəl yaşayıb
    Paludohadros iquanodontlar qrupuna aid olub. Bu qrupa daxil olan dinozavrlar ot yeyən olmaları və ön ətraflarının baş barmaqlarında iri tikanların olması ilə tanınırlar.

    Yeni növ təxminən 125 milyon il əvvəl, Erkən Təbaşir dövründə yaşayıb. Həmin vaxt müasir İngiltərənin cənub hissəsində geniş bataqlıq düzənliklər mövcud olub. Dinozavrın cins adındakı palus sözü latın dilindən tərcümədə “bataqlıq” deməkdir.

    Tapılmış fərdin uzunluğu təxminən 5 metr, çəkisi isə 1,5–2 ton olub. Ölçülərinə görə o, müasir kərgədanla müqayisə edilə bilər. Bununla belə, sümüklərin tam formalaşmaması onun hələ cavan fərd olduğunu göstərir. Tədqiqatçıların fikrincə, yetkin yaşda bu dinozavrın uzunluğu təxminən iki dəfə arta bilərdi.

    Dinozavrun adı mərhum işçinin xatirəsinə verilib
    Növün adındakı proudlovii sözü fosillərin tapıldığı müəssisənin keçmiş əməkdaşı Uill Praudlovun xatirəsini yaşadır. O, qazıntılardan qısa müddət əvvəl, 35 yaşında vəfat edib. Praudlovun həyat yoldaşı Reyçel və azyaşlı uşaqları qalıb.

    Uill Praudlov dinozavr fosillərinə böyük maraq göstərir, gil qatlarının işlənməsi zamanı yeni tapıntıların üzə çıxmasını həvəslə izləyirdi. Dinozavrın onun şərəfinə adlandırılması ailəsi tərəfindən böyük ehtiram kimi qiymətləndirilib.

    Eyni ərazidə yırtıcı dinozavr da tapılıb
    Paludohadros təxminən 1983-cü ildə eyni müəssisənin ərazisində qalıqları aşkarlanan iri yırtıcı dinozavr Baryonyx walkeri ilə eyni dövrdə yaşayıb. İki dinozavrın fosilləri bir-birindən təxminən 100 metr məsafədə tapılıb.

    Baryonyx əsasən balıqla qidalanıb. Bununla belə, onun qalıqları arasında əvvəllər iquanodont balasına aid sümüklər də aşkarlanıb. Alimlər həmin balanın konkret hansı növə aid olduğunu müəyyənləşdirə bilməyiblər. Buna görə də Baryonyxin cavan Paludohadros fərdlərini ovlamış və ya onların cəsədləri ilə qidalanmış olması istisna edilmir.

    Muzeylərdə yeni növlər aşkar edilə bilər
    Tədqiqatçılar bildirirlər ki, muzey kolleksiyalarında saxlanılan iquanodont fosillərinin yenidən araşdırılması əvvəllər tanınmamış nümunələrin müəyyənləşdirilməsinə imkan verib.

    Alimlər araşdırmaları davam etdirməyi və hələ 1950-ci illərdə toplanmış fosilləri yenidən öyrənməyi planlaşdırırlar. Bu iş nəticəsində uzun illər muzeylərdə saxlanılan, lakin elmi baxımdan düzgün təsnif edilməyən yeni dinozavr növləri aşkar oluna bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR