Avropa İttifaqı Ukraynada sülh əldə olunsa belə, Rusiya qazının idxalını bərpa etməyəcək

Avropa İttifaqı Ukraynada sülh əldə olunsa belə, Rusiya qazının idxalını bərpa etməyəcək
Avropa Komissiyası Ukraynada sülh sazişi imzalansa belə, Avropa İttifaqı ölkələrinin Rusiya qazının alışını bərpa etməsinin mümkün olmadığını bəyan edib.
Komissiyanın rəsmi nümayəndəsi Paula Pinyu oktyabrın 28-də Brüsseldə keçirilən brifinqdə bildirib ki, Avropa İttifaqının qüvvədə olan qanunvericiliyi Rusiyadan qaz idxalının yenidən başlanmasına imkan vermir. Onun sözlərinə görə, bu mövqe Ukraynada müharibənin gedişindən və mümkün siyasi razılaşmalardan asılı deyil.
Avropa Komissiyasının energetika məsələləri üzrə nümayəndəsi Anna-Kaysa İtkonen isə xatırladıb ki, Avropa İttifaqı Rusiya mənşəli boru kəməri qazının və mayeləşdirilmiş təbii qazın idxalından mərhələli şəkildə imtina etmək barədə qanun qəbul edib.
Təsdiqlənmiş qrafikə əsasən, Rusiya mayeləşdirilmiş təbii qazının idxalına tam qadağanın 2027-ci ilin əvvəlindən, boru kəməri ilə nəql olunan qazın idxalına qadağanın isə həmin ilin payızından qüvvəyə minməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.