AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qədim Şabran: Orta əsrlərin şəhər mədəniyyəti arxeoloji tapıntılar kontekstində” - FOTOLAR

  • + A
  • - A
  • 14-08-2024, 19:01

    “Qədim Şabran: Orta əsrlərin şəhər mədəniyyəti arxeoloji tapıntılar kontekstində” -


    Bakı, 14 avqust — Azadmedia.az


    Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mətbuat katibi Abutalib Turabovun verdiyi məlumata görə, kompleksdə tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müəllimi, arxeoloq Laçın Mustafayevin “Qədim Şabran: Orta əsrlərin şəhər mədəniyyəti arxeoloji tapıntılar kontekstində” adlı ustad dərsi təşkil olunmuşdur.

    İlk olaraq torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Dr.Rəxşəndə Bayramova tədbir iştirakçılarını salamlayaraq 1918-ci il hadisələri, Kompleksin fəaliyyəti barədə ətraflı məlumat verib. Daha sonra çıxış edən“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva muzeylər arasında sıx əməkdaşlığın əhəmiyyətli rol oynadığını bildirmiş, ölkə başçısı İlham Əliyevin 22 oktyabr 2019-cu il sərəncamı ilə “Çıraqqala” və “Şabran” qoruqları birləşdirilərək “Çıraqqala-Şabran” dövlət tarix-mədəniyyət qoruğu yaradıldığını qeyd etmişdir. Şabran şəhərinin qalıqları arasından aşkar edilmiş maddi-mədəniyyət nümunələri, dəmir və dulusçuluq məhsullarından ibarət sərgiyə istinad edən arxeoloq Laçın Mustafayev Alban mədəniyyəti, şəhərsalma mədəniyyəti haqqında ətraflı çıxış edərək bildirmişdir ki, “Çıraqqala-Şabran” qoruğu 7 tarixi abidəni özündə birləşdirir. Onlardan üçü dünya əhəmiyyətlidir. Natiq vurğulamışdır ki, hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində də öz təsdiqini tapır. Daş dövründən bu günə kimi bir-birini əvəz etmiş ictimai-iqtisadi formasiyalarda xalq sənətkarlığı nümunələri də inkişaf yolu keçib. Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları sonralar həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevriliblər. Belə sənətkarlıq nümunələrindən sayılan dulusçuluq Azərbaycanda ən qədim istehsal sahələrindən biri sayılmaqla, öz əhəmiyyətini nəinki qoruyub saxlayıb, hətta bəşər mədəniyyəti inciləri sırasına qəbul edilib. Aparılan arxeoloji tədqiqatlar təsdiqləyib ki, dulusçuluq neolit dövrünün yadigarıdır. Təşkil olunmuş ustad dərsində 50-yə yaxın regionun tarixlə əlaqəli müəssisələrinin əməkdaşı, tələbə və gənclər, mədəniyyət işçiləri iştirak edib.
    Qeyd edək ki, avqust ayının 1-dən etibarən Quba şəhərində “Soyqırımı Memorial Kompleksinin muzey hissəsində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aid sərgi nümayiş olunmaqdadır.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR