AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyasi Analitik Ülkər Piriyeva, Daşkənddən Xəzərə uzanan strateji xətt - Özəl

  • + A
  • - A
  • 24-08-2026, 23:16

    Siyasi Analitik Ülkər Piriyeva, Daşkənddən Xəzərə uzanan strateji xətt - Özəl
    Siyasi Analitik Ülkər Piriyeva

    Bakı, Daşkənd - 24 avqust - Azadmedia.az

    Daşkənddən Xəzərə uzanan strateji xətt -


    Prezident İlham Əliyevin Özbəkistana 23–24 avqust tarixlərində baş tutan dövlət səfəri Bakı–Daşkənd münasibətlərinin yeni siyasi mərhələyə keçdiyini nümayiş etdirdi.

    Bu səfərin əsas fərqi ondadır ki, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər artıq yalnız tarixi və mədəni yaxınlıqla izah olunmur. İki ölkə arasında siyasi etimad konkret dövlətlərarası mexanizmlərə, iqtisadi layihələrə və nəqliyyat strategiyasına çevrilir.

    “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması və Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi bu münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir. Səfər çərçivəsində Özbəkistanda Azərbaycan layihələrinin açılışı və yeni layihələrin təməlinin qoyulması isə siyasi dialoqun real iqtisadi əməkdaşlıqla tamamlandığını nümayiş etdirir.

    Elə bu baxımdan səfərin ən mühüm tərəfi isə Azərbaycanın Cənubi Qafqazdakı mövqeyi ilə Özbəkistanın Mərkəzi Asiyadakı imkanlarının bir-birini tamamlamasıdır.

    Azərbaycan Xəzərin qərb sahilində, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm geoiqtisadi məkanında yerləşir. Bu coğrafi reallıq iki ölkənin əməkdaşlığını Orta Dəhliz, logistika, investisiya və Avropa bazarlarına çıxış baxımından daha strateji edir.
    Daşkənd səfərinə bu prizmadan baxdıqda, söhbət yalnız iki dövlətin münasibətlərindən getmir. Burada Cənubi Qafqazla Mərkəzi Asiyanı daha sıx bağlayan yeni siyasi-iqtisadi xəttin formalaşması müşahidə olunur.

    Səfərin digər mühüm istiqaməti nəqliyyat və logistika məsələsidir. Azərbaycan üçün Özbəkistan Mərkəzi Asiyanın mühüm iqtisadi və coğrafi tərəfdaşlarından biridir. Özbəkistan üçün isə Azərbaycan Xəzər üzərindən Qafqaza və Avropa bazarlarına çıxış baxımından strateji əhəmiyyət daşıyır. Bu baxımdan Orta Dəhliz iki ölkəni birləşdirən adi nəqliyyat marşrutu deyil, daha geniş geoiqtisadi əməkdaşlıq platformasına çevrilir.

    Bu istiqamətdə səfər çərçivəsində səsləndirilən Transxəzər marşrutunun inkişafı və Xəzərdə birgə imkanların artırılması ilə bağlı yanaşmalar xüsusi əhəmiyyət daşıyır. Burada Azərbaycanın üstünlüyü onun Xəzər ilə Cənubi Qafqaz arasında təbii bağlantı nöqtəsi olmasıdır.

    Başqa mühüm məqam isə, iqtisadi əməkdaşlığın real layihələrlə müşayiət olunmasıdır. Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələr, bankçılıq, sənaye, enerji və digər sahələr üzrə əməkdaşlıq siyasi münasibətlərin iqtisadi dayaqlarını gücləndirir. Bu, münasibətlərin yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını göstərir.

    Qənaətimcə, Prezident İlham Əliyevin Daşkənd səfərinin əsas mesajı məhz budur: Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərini genişləndirməklə yanaşı, özünü Xəzər, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında formalaşan yeni bağlantının mühüm siyasi aktoru kimi möhkəmləndirir.

    Hesab edirəm ki, Daşkənd səfəri bir səfərdən daha artıqdır. Bu, Azərbaycanın xarici siyasətində Qafqazdan Xəzərə, Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji xəttin daha da möhkəmləndirilməsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR