ÖZÜNÜ DOĞANLAR
Əməkdar Jurnalist - Əntiqə Qonaq
Bir var alın yazısı, bir də var əlinlə yazdıqların. Yəni, iradənlə, qətiyyətinlə, əzminlə, istəyinlə əldə etdiklərin, qazandıqların. Və bu ikincilər səni taleyini yenidən yazmağa, dəyişməyə, başqa səmtə yönləndirməyə, səni özün kimi var olmağa kömək edir. Əslində bu qənaətim yaradıcılığına və dəst-xəttinə yaxından bələd olduğum, ədəbi aləmə töhvə etdiyi əsərlərini – 20-dən çox kitabını mürəkkəbi qurumamış oxumaq şansım olan, bu yazıları həm də böyük bir zövqlə redaktə və mütaliə etdiyim yaxın dostum və həmkarım, uzaq İsveçdə yaşasa da qəlbi hər an Vətən həsrəti ilə döyünən və bütöv Azərbaycan uğrunda yorulmadan, usanmadan mücadilədə olan, bu səpkidə çoxlu müsahibələr verən və kitablar yazan Eluca Atalının yenicə bitirib çapa verdiyi “Ənqa quşu” romanını oxuyarkən yarandı. Ənqa quşu obrazını Elucanın ən sevdiyim “Yenidən doğuş” əsərindən tanıyırdım və çox sevmişdim. Təkrar-təkrar oxusam da, hər dəfə bir ayrı zövq alır, fərqli qənaətlər yaradırdı bu əsər məndə. Və nə gözəl ki, bu əsərlə bağlı mənimlə həmfikir olanların sayı hər gün artmaqdaydı.
Əsərin oxucuları, həmçinin Eluca yaradıcılığını müntəzəm izləyənlər ona bu mövzunu genişləndirməklə uşaq ədəbiyyatı xəzinəsinə qiymətli bir töhvə verə biləcəyinidə təklif etdilər. Demə, müəllifin də kimsəyə bildirmədiyi belə bir qənaəti varmış. İdeyalar və təkliflər üst-üstə gəlincə Eluca kimi məhsuldar və ədəbiyyat sevdalısı bir yazara başqa nə lazım ola bilərdi ki? Əsəri genişləndirmək və bununla bağlı çoxlu mütaliə etmək, quşların etimiologiyasını və xarakteristikasını öyrənmək. Eluca ilə tez-tez internetdən görüşür və həm ədəbiyyat, həm vətənimizdəki mövcud durum, süni yaradılmış Qarabağ münaqişəsi, vəziyyətdən çıxış yollarının tapılması yönümündə ziyalı mövqeyimizi ortaya qoyurduq. Bu söhbətlər zamanı Eluca planlarından və gördüyü işlərdən böyük şövqlə söz açır, mən də mövcud durumdan hali olurdum. O, mağazalardan aldığı müxtəlif quşlar barədə məlumatlarla zəngin olan kitabları göstərərək deyirdi: - Bax, bunların hamısını oxumalıyam. Çünki buradan götürəcəyim bilgilər romanımda mənə gərək olacaq.
Roman hərtərəfli, zəngin məlumatlı olmalıdır. Və bilirdim ki, Eluca bu kitabları böyük həvəslə oxuyur və özünə lazım olan bilgiləri mənimsəyir. Beləcə zəngin mütaliənin və yuxusuz gecələrin məhsulu olan Ənqa quşu romanı hazır oldu. Bunun ilk sevincini mənimlə paylaşdı təbii ki... Və mən də bu əsəri korrektə və redaktə edərkən qarşımda mükəmməl və çox faydalı bir romanın olduğuna sevindim. Sevindim həm rəfiqəmin məhsuldar işinə, həm də uşaq ədəbiyyatına veriləcək bu gözəl töhfəyə.
Yazımın əvvəlində qeyd etdiyim kimi, əsər əsasən gənc nəslə, onun həyatda düzgün yol seçməsinə, doğru istiqamət götürməsinə, arzuladığı hədəfə çatması üçün iradəsini və əzmini sınağa çəkməsinə hesablanıb. Və müəllif bu fikrini oxucusuna aşılamaq üçün onu çox da intizarda qoymur, dolayı yollardan, uzun-uzadı mülahizələrdən istifadə etmir. Əsərin məğzini romanın başlanğıcındakı üç cümlə ilə çatdırmağa çalışır: “Ənqa quşunu görə bilmərəm deyə, bir həsrətlə yaşama. O, səndən kənarda deyil, onu uzaqda axtarma, o, sənin öz içindədir. Əgər özünə güvənərsənsə, ona çatarsan, o olarsan!”
Zənnimcə çox maraqlı və uğurlu başlanğıcdır. Bu cür yanaşma oxucunun əlinə kəmənd verib onu maraqlarına doğru atmasına, sonra da onun arxasınca getməsinə stimul verir. Və usanmadan, bezmədən bu ipi çəkə-çəkə son mənzilə varmaq. Və bu istək, bu maraq da onu əsəri birnəfəsə oxuyub tamamlamağa, özü üçün əldə edəcəyi qənaətə daha tez çatmağa vadar edir. Daha maraqlısı odur ki, müəllif əsərin ideya və məğzinə toxunmamaq şərtilə gənc nəslin gözü önündə quşlar fəsiləsinin böyük və geniş bir aləmini açır. Bu zənginlikdə, bu gözəllikdə yorulmaq, yarıda durmaq olmur. Əsərdəki məlumatların hərtərəfliliyi, sanbalı oxucuya yeni bilgilər verir, onun dünyagörüşünü artırır. Oxuyuruq: “Ənqa quşu öz yolunu özü təyin edən və aqibətini yaradandır! Kolibri quşları başqa canlılardan çox fərqlənərlər. İlk əvvəl onların xislətində tələskənlik olmaz, yuvada bezib yorulana qədər məşq etməmiş övladlarını yuvadan kənara ayaq qoymağa izin verməzlər. Çox da ehtiyatlanarlar balalarının yuvadan düşməsinə. Ən səbrli ana övladı üst libasını geyməmiş, yəni aid olduğu quş növünün və nəslinin əsl rəngini almamış və sahib ola biləcəyi bütün lələkləri dəri altından üstə çıxmamış onun yemini dimdiyində, suyunu boğazında yuvaya daşıyar, uçuş məşqlərini müşahidə edərlər. Bu balaca quşların nəsildən-nəslə ötürülən bir ənənəsi də vardı, balaları dünyaya gələndə onlara ad qoymazlar. Ta o vaxta qədər ki, onlarda özünəməxsus xüsusiyyət bəlli olanacan”. Əsərin bu hissəsində qədim Dədə Qorquddan bizə tanış olan bir adət-ənənəyə rastlanırıq. Dünyaya gələn övlada ad qoymamaq məsələsi. O adı hər kəs bacarığı, özünəməxsus xüsusiyyətləri ilə qazanmalıydı. Balaca Kolibri quşlarında da belə bir nəsil ənənəsi varmış və ana quş da balasını bu məziyyətlərə görə böyüdürmüş. Başarının usanmadan, bezmədən mənzilin sonunanək gedib çatması və bununla da özünü təsdiqi əsərin ana xəttini təşkil edir. Kiçicik, cılız bir quşun hava məkanına və quşlar aləminə meydan oxuyan nəhəglərin – Dovdaq, Şahin, Qartal, Leylək, Durna, Qu, Qızıl quş, Bayquş, Flaminqo – fövqündə məqsədinə doğru inamla uşması və istəyinə nail olması əsərin ideya xəttinin müvəffəqiyyətli həllidir. Beləliklə, kiçik Kolibri özünü əbədiyaşar Ənqa quşu kimi təsdiqlədi və ətrafındakı quşlara da mesaj verdi ki, vücudun böyüklüyü, nəhəngliyi önəmli deyil, əsas ruhun sağlam olsun və gücünə inamını itirməyəsən.
Əsərdə diqqəti cəlb edən, maraqla qarşılanan fikirlərdən biri də özünü təsdiqləmək, təkrarlardan qaçaraq özünə yeni bir xətt cızmaqdır. Diqqət yetirək:“...addımlamaqdan yorulanda uçuş məşqlərini yenidən davam etdirirdi. Lakin az keçmədi, bu da ona yorucu gəldi, yeni heç nə öyrənmirdi, hər şey təkrar idi. Yerə endi, ayaq üstə nə qədər durduğunun fərqində deyildi. Əgər dünyada bir dəfə yaşayacağamsa, nədən yeni bir şey öyrənmədən təkrarlarla ömrümü başa vurum ki?” Bu da balaca kolibrinin bambalaca balasının – Başarının gəldiyi qənaət. Və heç kəsə təəccüblü deyil ki, məhz sonda o qalib gəlir. Bu cür düşüncə sahibi, kiçicik vücuduna rəğmən böyük və hətta əlçatmaz arzularla yaşayan və onları reallaşdıran quşcığaz. Həyat dərsi, yaşam mücadiləsi bu olsa gərək.
Eluca Atalı ədəbiyyatımıza fəlsəfi-miniatür janrını gətirən yazardır. Əsərlərinin dili qismən qəliz və fikirləri ağırdır. Amma bu romanda onun tamam başqa bir dəst-xətti ilə tanış oluruq. Yüyrək dil, qısa dialoqlar, sərrast deyim və oynaq mükalimələr. Bu da əsərin rahat və tez oxunmasına, qavranmasına və həzzinə kömək edən amillərdəndir.
“Məgər onlara indi kimsə “dur!” deyə bilərdi?
Məgər onlar öz istəkləri ilə yola çıxmamışdılar?
Kim onlara ikinci bir xəritə cızar, yol təyin edə bilərdi?
Məgər fikirlərini qət edib, qərar çıxarıb, gələcəkləri üçün hökmü özləri kəsməmişdilərmi?
Bu yetkin yaş sahiblərinə, qanadı bərkimişlərə kimsə sahib çıxa bilərdimi?
Onlar özləri özlərinə, sözlərinə hakim olduqları üçün, özləri də özlərinə sahib idilər.
Bu yolda kimsə onlara böyüklük edib, sahib çıxa bilməzdi!
Yola sahib olmaq istəyənin, gərək hökmü öz içində doğsun!”
Müəllif əsər boyu oxucuya bu mesajı verir: Yol insanın öz içindən başlamalıdı. İnsan özü öz yolunu cızmalı, öz yoluyla getməlidir. Bunun üçünsə ruhunun, qəlbinin səsini dinləməli, onların diktəsi ilə hərəkət etməlisən. Məhz Başarı kimi.
Və əsər Başarının başarısıyla sonunclanır. Başarı bütün quşlara nümunə ola bilir.
“Ağır sınaqlara tab gətirib bura gəlib çatanlar, əvvəlki həyatlarından keçib yenidən doğulurlar. Həm də, ikinci həyatlarında onları heç kimsə doğmur, onlar özləri özlərini yaradırlar. Özü özünün yaradıcısı olanlar ölmürlər...
Yenidən doğulmuş Başarıya, o gündən sonra daha heç kəs “balaca” deyib, çağırmadı. Hamı ona Ənqa quşu dedi və elə o zamandan da o quş yaşayır”.
Zənnimcə, kiçicik Kolibri quşu barədə, onun böyük iradəsi, dönməz əzmi barədə yazılmış bu sanballı və geniş əhatəli roman orta məktəblərdə sinifdənkənar oxu kimi istifadə olunacaq və gənc nəslin doğru-düşgün yola yönləndirilməsində böyük əhəmiyyət kəsb edəcəkdir.
Ülkər Piriyeva