AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aqrar sahənin inkişafı kənd təsərrüfatı məhsullarının ixracına da müsbət təsir göstərib

  • + A
  • - A
  • 1-11-2022, 10:18

    Aqrar sahənin inkişafı kənd təsərrüfatı məhsullarının ixracına da müsbət təsir göstərib
    İbrahim Cəfərov,
    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru

    Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

    Strateji əhəmiyyətli və səmərəli olan kənd təsərrüfatının inkişafında aparılan uğurlu aqrar siyasət nəticəsində bu sahə ölkə iqtisadiyyatında xüsusi yerə sahib olub. Qeyri-neft sektorunun ən aparıcı sahəsi olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
    Son illərdə ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib. Aqrar islahatların müasir mərhələsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş qərarlar, ölkədə bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə təkan verib.
    Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılıb. Bu sistemdə şəxsi kabinet yaratmaq, məlumatları ardıcıl şəkildə sistemə daxil etmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə informasiya məsləhət xidməti göstərirlər.
    Aqrar sektorda məhsul istehsalında artım dinamikası bu il də davam etməkdədir. Ölkəmizdə aqrar sahənin inkişafı kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib. Bu sektorun ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb. Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə öz növbəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, fermerlər üçün güzəştli kredit imkanları da yaradılıb. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki məlumatların təhlili göstərir ki, ailə-kəndli təsərrüfatlarının böyük əksəriyyətinin sərəncamında olan pay torpaqlarının sahəsi 3-5 hektardan artıq deyil. Bu səbəbdən ölkədə xırda fermer təsərrüfatları üstünlük təşkil edir. Lakin kiçik fermer təsərrüfatlarının sərəncamında olan torpaq sahələrinin ölçüləri nəinki intensiv istehsalın təşkilini, suvarma işlərinin aparılmasını da çətinləşir, kiçik pay torpaqlarında növbəli əkin sisteminin tətbiqi mümkün olmur və nəticədə istehsalın rentabellik səviyyəsi aşağı düşür.
    Geniş ərazilərdə kiçik torpaq sahəsi olan fermerlərin üzləşdikləri çətinliklər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi təhlil edilib və “Vahid sahədə vahid əkin” layihəsi həyata keçirilməyə başlanılıb. Bu layihə vahid sahələrdə kiçik həcmdə pay torpaqları olan fermerlərin üzləşdikləri problemləri köklü şəkildə aradan qaldıracaq.
    Ölkəmizdə kənd təsərrüfatının inkişafına yönəlmiş daha bir mühüm addım aqrar sığorta sisteminin tətbiqidir. Prezident İlham Əliyevin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmanının icrası ilə əlaqədar dünyadakı mövcud aqrar sığorta modelləri araşdırılıb, mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin bu sahədə təcrübəsi öyrənilib. Həmin modellərin üstün və zəif cəhətləri araşdırılaraq Azərbaycan üçün dövlət-özəl sektor tərəfdaşlığını əsas tutan model hazırlanıb. Həmin modelə əsasən Aqrar Sığorta Fondu yaradılıb və aqrar sığorta mexanizminin tətbiqi təmin olunub.
    Yeni sığorta mexanizminə əsasən, Azərbaycanda ilk dəfə olaraq müştərək sığorta sistemi formalaşıb. Müştərək sığorta sistemi sığortaçıların birgə vəsaitləri ilə təsərrüfat sahələrini sığorta etdirməsidir. Dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayırır. Təkrar sığorta siyasəti və sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində bu sahədə dayanıqlı və effektiv fəaliyyət təmin edilir.
    Ermənistanın hərbi təcavüzü əkin sahələrimizə, iş yerləri yaradan və kəndlərin inkişafını təmin edən ərzaq istehsalına da mənfi təsir göstərib. Bu təcavüz nəticəsində təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf olub, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası sıradan çıxıb. Ümumilikdə hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir göstərib. Artıq o günlər geridə qalıb. İki il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda kənd təsərrüfatının bərpası üçün ilkin işlərə başlanılıb. Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, azad olunmuş ərazilərdəki strateji əhəmiyyətli su anbarları yüz min hektarlarla sahənin suvarılmasını təmin edəcək. Bu torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR