AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Regional məsələlər komitəsinin iclasında

  • + A
  • - A
  • 15-02-2023, 18:01

    Regional məsələlər komitəsinin iclasında

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azadmedia.az-a verilən məlumata görə fevralın 15-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Siyavuş Novruzov iclasda 1 məsələnin – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirə olunacağını deyib.
    Komitə sədri bildirib ki, Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə illik məruzəsi dolğun və əhatəli hazırlanıb. Məruzədə həm bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, həm də onlara metodoloji yardım üzrə il ərzində həyata keçirilən məqsədyönlü işlər, digər əhəmiyyətli tədbirlər barədə ətraflı məlumat verilib.
    O, ilk növbədə, vurğulayıb ki, dövlət başçısının Sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bununla əlaqədar olaraq bütün dövlət orqanlarında, o cümlədən Milli Məclisdə parlamentin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə tədbirlər planı qəbul olunub. Bildirilib ki, Azərbaycan Konstitusiyasında bələdiyyələrlə bağlı müddəaların öz əksini tapması, onların formalaşması və inkişafı, özünüidarəetmə orqanlarının fəaliyyətinə dair qanunvericilik bazasının yaradılması Ümummilli Liderin adı ilə bağlıdır.
    Siyavuş Novruzov qeyd edib ki, ölkəmizdə bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə, qəbul etdiyi qərarların qanunvericiliyə uyğun olmasına nəzarət həyata keçirilir. Hər hansı qanun pozuntusu zamanı aidiyyəti strukturlar tərəfindən bunların aradan qaldırılması istiqamətində lazımi işlər görülür və bununla bağlı göstəricilər məruzədə geniş şəkildə öz əksini tapıb. Sənəddə bildirilir ki, hesabat dövründə qanunsuz bələdiyyə aktlarının ləğvi, bir sıra aktların dəyişdirilməsi məqsədilə təkliflər verilib. Bəzi təkliflər bələdiyyələr tərəfindən təmin edilmədiyinə görə Ədliyyə Nazirliyi tərəfindən məhkəmələrdə iddialar qaldırılıb. Bununla yanaşı, bələdiyyələrin gəlirləri, yerli vergi və ödənişlər, hüquqi maarifləndirmə, bələdiyyə torpaqlarının icarəyə verilməsi, onların effektiv istifadəsi ilə bağlı məqamlar məruzəyə daxil edilib.
    Hesabatda bələdiyyələrin beynəlxalq əlaqələrinin qurulması, dünyanın aparıcı ölkələrinin təcrübəsinin öyrənilməsi, bələdiyyə işçilərinin etik-davranış qaydalarına əməl etməsi, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təşkilində informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması, ictimaiyyətlə əlaqələrin qurulması ilə bağlı məlumatlar da verilib.
    Ölkə həyatının bütün sahələrində olduğu kimi, regional inkişafla bağlı islahatların da aparıldığını deyən komitə sədri, bu sahədə yeni formaların tətbiq olunduğunu və bu baxımdan bələdiyyələrin yeni strukturlara uyğunlaşdırılması məsələsinin vacibliyini qeyd edib. O, həmçinin bələdiyyə seçkiləri ilə bağlı məsələyə də toxunub, bununla əlaqədar lazımi hüququ bazanın olduğunu söyləyib, bu sahədə mövcud qaydalar barədə fikirlərini açıqlayıb.
    Sonra ədliyyə nazirinin müavini Vilayət Zahirov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib.
    Diqqətə çatdırılıb ki, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrlə iş iki əsas istiqamət - bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və bələdiyyələrlə metodoloji iş və maarifləndirmə üzrə aparılıb. O, qeyd edib ki, ilk dəfə olaraq 2022-ci ildə inzibati nəzarət orqanına təqdim olunan bələdiyyə aktlarının sayı 95 mindən çox olub. Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı 3800-ə yaxın aktın dəyişdirilməsi və ya ləğvi məqsədi ilə bələdiyyələrə təkliflər verilib. İnzibati nəzarət icraatı zamanı 27 halda ciddi qanun pozuntuları aşkar edilərək, toplanmış sənədlər ümumi qiymətləndirmə üçün aidiyyəti üzrə göndərilib. Ötən il ərzində inzibati nəzarət orqanının təklifi və ya məhkəmə iddiaları əsasında ümumilikdə 13 min hektardan çox torpaq sahəsinin qanunsuz verilməsi barədə bələdiyyə qərarları ləğv edilib.
    Bildirilib ki, hesabat ilində bələdiyyələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılmasına diqqət daha da artırılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmış 4594 müraciətdən 4008-i təmin edilib və bu, əvvəlki illə müqayisədə 39 faiz çoxdur. Qeyd edilib ki, xüsusi nəzarətə götürülən şəhid ailələrinin, müharibə əlilləri və iştirakçılarının müraciətlərindən 132-si təmin edilib. Bu da əvvəlki illə müqayisədə 30 faiz çoxdur.
    Nazir müavini deyib ki, 2022-ci ildə bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə yardım tədbirlərinin səmərəliliyinin artırılması da diqqət mərkəzində saxlanılıb. Bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı müsbət nəticələr əldə edilib, yerli büdcə gəlirlərində artım müşahidə olunub. Ötən il ərzində fiziki şəxslərin torpaq və əmlak vergisi üzrə yerli büdcələrə 2021-ci illə müqayisədə 2 milyon manat çox vəsait daxil olub. Son iki ildə bununla bağlı yerli büdcələrə 6.5 milyon manata yaxın, yəni 2020-ci illə müqayisədə 50 faiz çox əlavə vəsait daxil olub.
    Qeyd edilib ki, bələdiyyə torpaqlarından qanunauyğun, səmərəli istifadə olunması da yerli büdcə gəlirlərinin artımına müsbət təsir göstərir. Bu sahədə işlərin davamlılığı il ərzində diqqətdə saxlanılıb. Belə ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min ha torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
    Bildirilib ki, bələdiyyələrə yerli büdcə məsələləri ilə bağlı metodoloji yardım göstərilməsinə, müxtəlif metodik vəsait və tövsiyələrin hazırlanmasına baxmayaraq, bu sahədə bir sıra pozuntulara hələ də yol verilir. Bununla bağlı hər bir bələdiyyə üzrə mövcud nöqsan və çatışmazlıqlar göstərilməklə qanunvericiliyin tələblərini izah edən tövsiyələr göndərilib, maliyyə məsələlərinin düzgün tənzimlənməsi məqsədilə maarifləndirmə işləri aparılıb.
    Diqqətə çatdırılıb ki, ölkəmizdə qəbul olunan dövlət proqramlarında yerli özünüidarəetmə ilə bağlı tapşırıqlarda bələdiyyələrin fəaliyyətində ictimai iştirakçılığın təmini, şəffaflıq və hesabatlılığın gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunur. 2022-ci ildə insanların rifahının yaxşılaşdırılması naminə sosial, iqtisadi və digər sahələrdə tədbirlərin həyata keçirilməsində, yerli əhəmiyyətli məsələlərin həllində iştirak edən bələdiyyələrin rolunun ölkə ictimaiyyətinə çatdırılması məqsədilə "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyası"nda bir sıra hədəflər müəyyənləşdirilərək, onların icrası üzrə bələdiyyələrlə metodoloji iş aparılıb. "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq "Bələdiyyələrlə iş portalı"nın daha təkmil, yeni versiyası hazırlanıb. Yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinin gördüyü işlər, o cümlədən illik məruzələr, bələdiyyələrə metodoloji kömək məqsədilə hazırlanmış metodik vəsait və tövsiyələr, həmçinin bu sahəni tənzimləyən qanunvericilik aktları barədə məlumatlar portalda öz əksini tapıb.
    Qeyd olunub ki, il ərzində yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyi tərəfindən görülən işlər barədə vətəndaşların məlumatlandırılması, eləcə də aktual məsələlərlə bağlı bələdiyyələrin maarifləndirilməsi məqsədilə nazirliyin rəsmi saytından və kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilib.
    Nazir müavini deyib ki, ümumilikdə 2022-ci il ərzində həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına, yerli büdcə gəlirlərinin artırılmasına, bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və digər aktual məsələlərə həsr olunub.
    Sonra təqdim olunan məruzə ətrafında müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən komitənin sədr müavini Elşən Musayev, üzvləri Nizami Cəfərov, Aqil Məmmədov, Kamran Bayramov, Tahir Rzayev, Emin Hacıyev, Səbinə Xasayeva, Səttar Möhbalıyev məruzənin əsaslandırılmış şəkildə və əhatəli hazırlandığını söyləyiblər. Deputatlar bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, onların maliyyə mənbələri, büdcəsinin yaxşılaşdırılması ilə bağlı fikirlərini açıqlayıblar, yerli özünüidarəetmə orqanlarında işin qurulması ilə bağlı metodik vasitələrin hazırlanması, maarifləndirmə prosesinin aparılması, bələdiyyələrin fəaliyyətinin təbliğinin əhəmiyyətindən bəhs ediblər, bir sıra qeyd və təkliflərini bildiriblər.
    Ədliyyə nazirinin müavini Vilayət Zahirov deputatların səsləndirdikləri sualları cavablandırıb, qaldırılan bəzi məsələlərə aydınlıq gətirib.
    Müzakirələrin sonunda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müsbət qiymətləndirilib və Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR