Azadmedia.az Deputat Etibar Əliyevin Azərbaycan filosofu, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov barədə xüsusi yazısını təqdim edir.
22 fevral Azərbaycan filosofu, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun anadan olduğu günüdür.
Səlahəddin Xəlilovu görkəmli filosof olmaqla yanaşı həm də təhsil bilicisi və təhsil təşkilatçısı kimi tanıyırıq.
Qurub - yaratdığı Azərbaycan Universiteti nümunəvi ali məktəb statusunu qazanmışdı.
Məmləkətin ən yaxşı müəllimlərini ətrafına toplamışdı. Universitetdə Nəhəng kitabxana qurmuşdu. Mən onun kitaba olan münasibətini çox yaxşı bilirəm. Kitabxanada ölkənin tanınmış alimləri vaxtaşırı diskussiyalara dəvət olunurdular.
S. Xəlilov 24 yaşında fəlsəfə üzrə namizədlik, 38 yaşında isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Elm adamlarının bioqrafiyası ilə maraqlananlar bilirlər ki, elmlə məşğul olmağa qərar verənlər gənc yaşlarından alimlik dərəcəsi qazanırlarsa, onların gələcəkdə elmi və yaradıcılıq imkanları daha da genişlənir. Səlahəddin müəllim bu kateqoriyadan olan filosof, alimdir. Onun yazdığı bütün kitabları son dərəcə maraqlıdır. Çünki həmin kitabları filosof-intellektual yazıb.
Bir dəfə böyük riyaziyyatçı, filosof Bertran Rasseldən soruşurlar ki, kimi əsl centlmen hesab etmək olar. Məşhur britaniyalı cavab verir: «Centlmen o adamdır ki, onunla ünsiyyətdə hər bir kəs istər-istəməz centlmen olur». Rasselin bu fikri Səlahəddin müəllimə də aiddir.
Professor S. Xəlilovun aşağıda adını çəkdiyim kitabları filosof, ədəbiyyatşünaslar və geniş oxucu kütləsi üçün əsl xəzinədir:
Cavid fəlsəfəsi. Bakı 1996
Təhsil sistemi: nəzəriyyə və praktika. Bakı "Azərbaycan Universiteti”, 1999
Сavid və Сabbarlı. Bakı “Elm”, 2001
Lider, dövlət, cəmiyyət. Bakı "Azərbaycan Universiteti”, 2001
Şərq və Qərb: ümumbəşəri ideala doğru. Bakı, "Azərbaycan Universiteti”, 2004.
Təhsil. Təlim. Tərbiyə. Bakı "Azərbaycan Universiteti”, 2005
İşraqilik və müasir fəlsəfi təlimlər. Bakı "Azərbaycan Universiteti”, 2005
Məhəbbət və intellekt. Fəlsəfi esselər. Bakı "Nurlan”, 2006
Mənəviyyat fəlsəfəsi . Bakı "Nurlan”, 2007
Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyeva yaradıcılıq axtarışlarının izi ilə. Bakı, “Şərq-Qərb”, 2009
Azərbaycanda elm və onun təşkilati formaları. Bakı, “Oskar”, 2010
Elm adamları elm haqqında. Professor Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu”, 2010
Elmşünaslığa giriş. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2010
Elm haqqında elm. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2011
Əbu Turxanın hikmət dünyası. Prof.Dr.Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu”, 2012
Aforizmlər. Seçilmişlərin seçilmişləri. Prof.Dr.Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu”, 2012
Xatirələrdə davam edən dostluq. Şəxsiyyətlər, portretlər. Bakı “Çaşıoğlu”, 2013
Felsefe Optiğinden Aşkin Renkleri. Bınyıl Yayınevi, Ankara, 2015.
"Görkəmli şəxsiyyətlərin həyatı" seriyası bərpa olunsaydı, böyük məmnuniyyətlə professor Səlahəddin Xəlilovun bioqrafiyasını yazardım.
Və bizdə oxumağa kitab yoxdur deyənlərin nəzərinə: Səlahəddin Xəlilovu, Qorxmaz Quliyevi, Azad Mirzəcanzadəni, Həsən Quliyevi, Xudu Məmmədovu oxuyun. Bunlardan öncə Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu, Həsən bəy Zərdabini, Mirzə Fətəli Axundovu, Firudun bəy Köçərlini, Yusif Vəzir Çəmənzəminlini dərində bilirikmi?
P.S.
S. Xəlilov 2000-ci ildə Avropa Ali Təhsil Cəmiyyətinin, Amerika Fəlsəfə Assosiasiyasının , 2004 -cü ildən Beynəlxalq Hüsserl və Fenomenoloji Tədqiqatlar Cəmiyyətinin, 2009-cu ildən Amerika Siyasi Elmlər Assosiasiyasının, Mühiyəddin İbn Ərəbi Cəmiyyətinin, Avropa Elm fəlsəfəsi Assosiasiyasının üzvüdür. 2010-cu ildən Elm, Mühəndislik və Texnologiya Beynəlxalq Akademiyasının Humanitar və sosial elmlər üzrə ekspertidir.
Ülkər Piriyeva/Azərbaycan Universitetinin məzunu