Bu gün Milli Məclisin sədri Sahibə Qafarova və ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaş arasında görüş keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərinin oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında yüksək səviyyədə təmsil olunmasına və Saqr Qobaşın məzmunlu çıxışına görə təşəkkür edib.
Parlamentin spikeri BƏƏ Federal Milli Şurasının sədrinin ölkəmizə ilk rəsmi səfərini yüksək qiymətləndirərək, bu səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi, əməkdaşlıq imkanlarının genişlənməsi və parlamentlərarası münasibətlərin dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Sahibə Qafarova cari ilin may ayında Birləşmiş Ərəb Əmirliklərinə etdiyi rəsmi səfəri məmnunluqla xatırlayaraq, səfər zamanı keçirilən görüşlərin, aparılan danışıqların və parlamentlər arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb.
Azərbaycana ilk rəsmi səfərindən və Beynəlxalq Parlament Konfransında iştirakından məmnunluğunu bildirən BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, ölkə rəhbərləri arasında qarşılıqlı hörmət, etimad və səmimi dostluq prinsiplərinə əsaslanan münasibətlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Qonaq yüksək səviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirib, həmçinin mədəni-humanitar sahələrdə də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qanunverici orqanlar arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna əsaslanaraq əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.