Azərbaycan junalistləri 2022-ci ildə: JuHİ illik görüşünü açıqlayıb.
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2022-ci il üzrə sosial durumları və media məkanında iz qoymuş hadisələrə dair yekun hesabatını açıqlayıb
Bakı, 10 yanvar 2023. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2022-ci ildə sosial durumlarını və media məkanı ilə bağlı baş vermiş önəmli hadisləri əks etdirən hesabatını açıqlayıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, hesabat 70 KIV redaksiyasını təmsil edən jurnalistlər arasında keçirilmiş sorğu, həmçinin, 2022-ci il ərzində təşkilat tərəfindən aparılmış monitorinqin nəticələri əsasında hazırlanıb.
Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, həmçinin, 2022-ci ildə diqqət çəkən media hadisələri barədə sualları cavablandırıblar. Sorğu və monitorinqin yekunu olaraq aşağıdakı nəticələr əldə edilib:
QEYD: Əməkhaqqı və əmək münasibətlərinin rəsmiləşdirilməsi üzrə təsviri verilən nəticələr KİV-lərdə çalışan jurnalistlərin durumunu əks etdirir, rəhbər heyətə aid deyil
Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində durum
Azərbaycanda aparılan struktur islahatları KİV redaksiyalarında əmək münasibətlərinin rəsmiləşdirilməsinə müsbət təsir göstərib, 2022-ci ildə KİV redaksiyalarında işçilərlə əmək müqavilələrinin bağlanılması sahəsində uğurlu nəticələr əldə edilib. Həmçinin, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) media subyektlərinə dəstək proqramları kontekstində tətbiq etdiyi şərtlər sırasında KİV redaksiyalarında əmək müqavilələrinin bağlanması tələbini də irəli sürməsi redaksiyalarda işçilərlə müqavilələrin bağlanılmasını stimullaşdırıb. Sorğuya cəlb edilənlərin 90 %-dən çoxu bildiriblər ki, çalışdıqları redaksiyalarda əməkdaşlarla əmək müqavilələri bağlanılır. Bununla yanaşı, əvvəlki illərdə bu müstəvidə müşahidə edilən bəzi problemlər də qalmaqdadır. Xüsusi olaraq 2 məqam diqqəti çəkir:
- KİV redaksiyalarında əmək müqavilələrinin yalnız bir qrup işçiyə tətbiq edilməsi: Sorğunun nəticələri göstərir ki, redaksiyalarda işçilərin ən yaxşı halda 60-70% ilə müqavilələr bağlanılır, qalan işçilər müqaviləsiz, şifahi razılaşmalarla çalışdırılır.
- Fərdi əmək müqavilələrinin müddətli bağlanılması və ya fərdi əmək müqaviləsi əvəvzinə “xidmət müqaviləsi”nin tətbiq edilməsi:
Qeyd edək ki, daimi çalışan jurnalistlərə “müddətli müqavilənin”nin tətbiq edilməsi və ya onlarla əmək müqaviləsi əvəzinə “xidmət müqaviləsi”nin bağlanılması, əmək haqqının uyğunsuz rəsmiləşdirilməsi əmək münasibətlərinə xitam verilmə, ixtisarlar və digər hallarında jurnalistlər üçün əlverişsiz durum yaradır.
Əmək haqqı, orta aylıq gəlirlər sahəsində durum
Bu kontekstdə 2022-ci ildə müşahidə edilən hal ondan ibarətdir ki, jurnalistlərin aylıq gəlirləri Azərbaycanda ümumi orta aylıq gəlirə müvafiqdir və ya üstündür.
Rəyi soruşulanların:
• 18 faizi aylıq gəlirlərinin 300-500 manat;
• 27 faizi aylıq gəlirlərinin 500-700 manat;
• 49 faizi aylıq gəlirlərinin 700-1000 manat;
• 6 faizi aylıq gəlirlərinin 1000 manatdan yüksək olduğunu bildiriblər.
QEYD: 2022-ci ildə ölkədə əməkhaqqı minimu 300 manat, yaşayış minimumu isə əmək qabiliyyətli insanlar üçün 220 manat məbləğində olub.
Əmək haqqı sahəsində aşağı göstəricilər daha çox regional KİV-lərdə qeydə alınıb. Sorğu iştirakçıları qeyd ediblər ki, region KİV-ləri təkcə əmək haqqı, maliyyə-iqtisadi baxımdan deyil, digər çətinliklərlə də üzləşirlər.Əvvəlki illərdə regional KİV-lərin böyük əksəriyyəti yerli icra hakimiyyətlərinin təsisçiliyində fəaliyyət göstəriblər. 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” yeni qanunun isə icra qurumlarının KİV təsisçisi olmasını istisna edir. Yerli KİV təmsilçiləri Regional KİV-lərin inkişafı ilə bağlı əlahiddə proqramların hazırlanmasını zəruri sayırlar.
Media sahəsində 2022-ci ildə diqqət çəkən hadisə və tendensiyalar
• Dövlət və hökumət təmsilçilərinin KİV-lərlə təmasları, interaktiv münasibətləri intensiv şəkildə davam edib. 2018-ci ildən etibarən müşahidə edilən bu tendensiya 2022-ci ildə də yüksələn xətdə olub. 2022-ci il yanvarın 12-də Prezident İlham Əliyev yerli telekanalların əməkdaşları ilə görüşüb, onlara müsahibə verib. Prezidentin KİV-lərlə canlı təmasları 2022-ci ildə davamlı olub; həm yerli, həm də transsərhəd KİV-ləri əhatə edib. Prezidentin köməkçisi Hikmət Hacıyevin, bir sıra nazirlərin, komitə və şirkət rəhbərlərinin KİV təmsilçiləri ilə vasitəsiz görüşləri xarakterik hal alıb.
• Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərmanı”na uyğun olaraq, 2022-ci ildə də media sahəsində struktur, kadr və qanunvericilik islahatları davam etdirilib.
• 2022-ci il fevralın 8-dən “Media haqqında” qanun qüvvəyə minib. Avropa Şurasının Venesiya Komissiyası "Media haqqında" Qanununa dair rəy verib, qanunda bəzi uyğunlaşdırmaların aparılmasının zəruriliyini qeyd edib. Bununla yanaşı, “Media haqqında” qanunun qüvvəyə minməsinə uyğun olaraq, ölkədə media sahəsində yeniliklərin tətbiqinə başlanılıb. Bu kontekstdə:
- Ölkədə KİV subyektləri və jurnalistlərin Media Reyestrinə alınmasına start verilib. Reyestrə alınmış KİV subyektlərinə arayış, jurnalistlərə isə “jurnalist vəsiqəsi” verilir.
- “Ölkədə çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahısı”nı təsdiq edən Prezident Fərmanı imzalanıb. Fərmana əsasən, çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahısına Prezidentin İşlər İdarəsi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət İmtahan Mərkəzi də əlavə edilib.
- Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də, gənc ailənin üzvü olmayan və ən azı 15 il jurnalist işləyən, Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka krediti ala biləcəklər.
• 2022-ci ildə qlobal hadisəyə çevrilən Rusiya-Ukrayna müharibəsi Azərbaycan mediasında da iz buraxıb. Bu kontekstdə:
- Rusiya Federasiyası “Roskomnadzor”un (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) qərarı ilə müharibə barədə obyektiv məlumat paylaşan rusdilli Azərbaycan KİV-lərinin Rusiya ərazisində yayımlanmasına yasaq qoyulub. Birinci mərhələdə 4 Azərbaycan KİV-nin yayımı Rusiya ərazisində bloklanıb.
- Azərbaycan jurnalistləri Rusiya-Ukrayna müharibəsindən reportajlar hazırlamaq üçün Ukraynaya ezam ediliblər, burada uğurlu fəalyyət göstəriblər. Qeyd edilməsi zəruridir ki, Rusiya-Ukrayna müharibəsinin gedişatından reportajlar hazırlamaq jurnalistlər üçün ciddi risklər yaradıb. Ukrayna milli jurnalist təşkilatlarının hesabatına görə, 2022-ci il fevral ayından başlayaraq Rusiya-Ukrayna cəbhəsində reportaj hazırlayan 42 nəfər jurnalist həyatını itirib. Bunlardan 13 nəfərinin adı beynəlxalq jurnalist təşkilatlarının hesabatlarında təsdiqini tapıb. Qətlə yetirilənlər sırasında həm yerli, həm də xarici jurnalistlər olublar.
- Rusiyanın “RİA Novosti” agentliyinin yayımı Azərbaycan ərazisində bloklanıb. “RİA Novosti”nin bloklanmasına səbəb Qarabağ iqtisadi rayonunda mövcud olan erməni icmasının dövlət kimi təqdim edilmələri olub. Agentlik özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma “dövlət naziri” kimi təqdim edən Artak Beqlaryanla müsahibələr dərc edib.
- "Sputnik Azərbaycan" agentliyinin rusdilli versiyasının dörd redaktoru: Zülfiyyə Əliyeva, Gülzar Mustafayeva, Cəmilə Əfəndiyeva və Yelena Starostina vəzifələrindən istefa veriblər. İstefaya səbəb “Sputnik" İnformasiya Agentliyi rəhbərliyinin Azərbaycanın mövqeyinə zidd materialın yayımlanmasını tələb etməsi olub.
• 2022-ci ildə media sahəsində Azərbaycan-Türkiyə əlaqələrinin daha da gücləndirilməsi, həmçinin, Türk Dövlətlər Təşkilatına üzv olan ölkələrin media qurumlarının əlaqələrinin inkişaf etdirilməsi üçün önəmli addımlar atılıb. O cümlədən, Azərbaycan media təmsilçilərinin beynəlxalq təşkilatlarla təmaslarının intensivləşdirilməsi üçün tədbirlər görülüb. Bu sırada:
- Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
- TRT mütəxəssislərinin Azərbaycan Televiziya və Radio Yayımları QSC-də təlimlər keçmələri razılaşdırılıb.
- ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə yerli media orqanları rəhbərlərinin ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeironun görüşü keçirilib.
• 2022-ci ildə Azərbaycan Jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin yeni üzvləri, o cümlədən, MŞ-nin yeni sədri seçilib.
• Jurnalist Aytən Məmmədova hücuma məruz qalıb. Aytən Məmmədovanı yaşadığı binanın blokunda saxlayıb bıçaqla təhdid edən şəxs ondan məhkəmə reportajlarını dayandırmağı tələb edib və hadisə yerindən qaçıb.
- Bloger / jurnalist Əvəz Hafizli (Şıxməmmədov) məişət zəminində baş vermiş mübahisə zəminində əmisi oğlu Əmrulla Güləliyev tərəfindən qətlə yetirilib.
- Məhkəmə “Meydan TV”nin reportyoru jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyub. Vaqifqızı bildirib ki, Bakı şəhərindəki 251 saylı məktəbin direktor müavini Elmira Alandarovanın iddiası üzrə "məhkəmə qərarını icra etməməkdə" ittiham olunur.
- “Cenub.az” internet saytının rəhbəri Zahir Əmənov fəaliyyəti ilə əlaqədar müvəqqəti saxlanılıb, sonra azadlığa buraxılıb.
- Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə “Baku TV”nin əməkdaşı arasında yaşanmış insident ciddi rezonans doğurub.
• KİV-dən sui-istifadə hallarına yol verməkdə, informasiya dövriyyəsini tənzimləyən qanunlara zidd davranmaqda təqsirli bilinən bir sıra şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barələrində hüquqi ölçü götürülüb. 2022-ci ildə barələrində hüquqi ölçü götürülən KİV və jurnalistlərin, xəbər istehsalçılarının sırasında “Səda TV” internet kanalının rəhbəri Elnur Şükürov, “Patrul.az” xəbər portalının təsisçisi Səməndər Niftəliyev, “KİM.TV”-nin təmsilçisi Abid Qafarov, “Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev), JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğlu, “Yeniavaz.az” saytının təsisçisi Namiq Əliyev, “Xural” TV-nin təsisçisi Əvəz Zeynallı, "Xalq.az" saytlının rəhbəri Zaur Mirzəzadə, “Sizintv.az” saytının rəhbəri Bayram Hacıyev, “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov, “Cenubunsesi.az" saytının rəhbəri Mərhəmət Lələyev və digərləri vardır.
• Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və İnsan Hüquqları Komitəsi "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyinə təhdidlər" mövzusunu araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyalı deputat Hanna Bardelli məruzəçi təyin edib.
• Adları beynəlxalq təşkilatların hesabatlarında həbsdə olan jurnalistlər kimi hallandırılan şəxslərdən bir qismi 2022-ci ildə sərbəst buraxılıblar. Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncama əsasən, həbsdən azad edilənlər sırasında “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov da olub.
• Özünü dini təmayüllü xəbərlər yayan sayt elan edən, buna rəğmən, ictimai rəyi çaşdırmaqda şübhəli bilinən bir sıra xəbər saytlarının fəaliyyətləri dayandırılıb. Bu sırada maide.az, deyerler.az, shia.az, islaminsesi.az və digər saytların adları vardır.
Hesabat haqqında daha ətraflı məlumat almaq üçün JuHİ sədri Müşfiq Ələsgərli ilə əlaqə saxlayın.
Ülkər Piriyeva