JuHİ sədri
Müşfiq ƏləsgərliJurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2021-ci il üzrə sosial durumları və media məkanı ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb.
Azadmedia.az-a JuHİ-dən verilən məlumata görə, 10 yanvar 2022-ci il tarixdə, Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2021-ci ildə sosial durumlarını və media məkanı ilə bağlı baş vermiş önəmli hadisləri əks etdirən hesabatını açıqlayıb.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, hesabat 60 KIV redaksiyasını əhatə edən jurnalistlər arasında keçirilən sorğu, həmçinin, 2021-ci il ərzində aparılan monitorinqin nəticələri əsasında hazırlanıb.
Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, həmçinin, 2021-ci ildə diqqət çəkən media hadisələri barədə sualları cavablandırıblar. Sorğu və monitorinqin yekunu olaraq aşağıdakı nəticələr əldə edilib:QEYD: təsviri verilən nəticələr yalnız KİV-lərdə jurnalistlərin durumunu əks etdirir, redaktor heyəti və digərlərinə aid deyil
Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində durum
Azərbaycanda aparılan struktur islahatları KİV redaksiyalarında əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də müsbət təsir göstərib. 2021-ci ildə KİV redaksiyalarında işçilərlə əmək müqavilələrinin bağlanılması sahəsində uğurlu nəticələr əldə edilib. Həmçinin, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) media subyektlərinə dəstək layihələri müsabiqəsi kontekstində irəli sürdüyü şərtlər sırasında KİV redaksiyalarında əmək müqavilələrinin bağlanması tələbini də irəli sürməsi redaksiyalarda işçilərlə müqavilələrin bağlanılmasını stimullaşdırıb. Sorğuya cəlb edilənlərin 90 %-dən çoxu bildiriblər ki, çalışdıqları redaksiyalarda əməkdaşlarla əmək müqavilələri bağlanılır. Bununla yanaşı, əvvəlki illərdə bu müstəvidə müşahidə edilən bəzi problemlər də qalmaqdadır. Xüsusi olaraq 3 məqam diqqəti çəkir:
- KİV redaksiyalarında əmək müqavilələrinin yalnız bir qrup işçiyə tətbiq edilməsi. Sorğunun nəticələri göstərir ki, redaksiyalarda işçilərin 30-40% ilə müqavilələr bağlanılır, qalan işçilər müqaviləsiz, şifahi razılaşmalarla çalışdırılır. Bu yanaşma sorğu keçirilən redaksiyaların 25%-də müşahidə edilib.
- Fərdi əmək müqavilələrinin müddətli bağlanılması və ya fərdi əmək müqaviləsi əvəvzinə “xidmət müqaviləsi”nin tətbiq edilməsi,
- Real əmək haqqının əmək rəsmi sənədlərdə göstərilənlərlə uyğunsuzluğu.
Qeyd edək ki, daimi çalışan jurnalistlərə “müddətli müqavilənin”nin tətbiq edilməsi və ya onlarla əmək müqaviləsi əvəzinə “xidmət müqaviləsi”nin bağlanılması, əmək haqqının uyğunsuz rəsmiləşdirilməsi əmək münasibətlərinə xitam verilmə, ixtisarlar və digər hallarında jurnalistlər üçün əlverişsiz durum yaradır.
Əmək haqqı, orta aylıq gəlirlər sahəsində durum
Bu kontekstdə 2021-ci ildə ötən illə müqayisədə ciddi dəyişiklik müşahidə edilməyib. Rəyi soruşulanlardan:
• 54 faizi aylıq gəlirlərinin 700-1000 manat;
• 31 faizi aylıq gəlirlərinin 500-700 manat;
• 15 faizi aylıq gəlirlərinin 250-500 manat civarında olduğunu bildiriblər.
Əmək haqqı sahəsində aşağı göstəricilər daha çox regional KİV-lərdə qeydə alınıb. Sorğu iştirakçıları qeyd ediblər ki, region KİV-ləri təkcə əmək haqqı, maliyyə-iqtisadi baxımdan deyil, digər çətinliklərlə də üzləşirlər. Regional KİV-lərlə bağlı xüsusi proqramın hazırlanması təklifləri səsləndirilib.
Media sahəsində 2021-ci ildə diqqət çəkən hadisə və tendensiyalar
• Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana uyğun olaraq, 2021-ci ildə Azərbaycan media industriyasında struktur, kadr və qanunvericilik islahatları davam edtirilib.
• Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilib, “Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
• “Media haqqında” yeni qanun layihəsi işlənib hazırlanıb. Layihə Milli Məclisdə üçüncü oxunuşda təsdiq edilib.
• Dövlət və hökumət təmsilçilərinin sosial media müstəvisində aktivliyi, auditoriya ilə interaktiv münasibətləri, KİV-lərlə təmasları intensiv olaraq davam edib. 2018-ci ildən etibarən müşahidə edilməyə başlayan bu tendensiya 2021-ci ildə də yüksələn xəttlə davam edib. Bu dönəmdə Prezident İlham Əliyevin həm milli, həm də transmilli KİV-lərlə canlı təmasları intensiv olub. Prezidentin köməkçisi Hikmət Hacıyevin, bir sıra nazirlərin, komitə və şirkət rəhbərlərinin KİV təmsilçiləri ilə vasitəsiz görüşləri xarakterik hal alıb.
• “Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin edilib. Müvafiq sərəncama əsasən, Ağabəy Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azd edilib, Leyla Güləliyeva direktor vəzifəsinə təyin edilib.
• Milli Məclis “Kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair” təkliflərin reallaşdırılması üçün Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi yönündə müzakirələrə başlayıb. Bu, çap media subyektlərinin durumuna müsbət təsir edən mühüm addımlardan biri kimi dəyərləndirilib.
• "Space" TV-nin rəhbəri Vaqif Mustafayev tutduğu vəzifədən istefa verib. Müşfiq Hətəmov "Space" TV-nin rəhbəri təyin edilib.
• Media sahəsində Azərbaycan-Türkiyə əlaqələrinin daha da gücləndirilməsi yönündə önəmli addımlar atılıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə keçirilən görüşdə iki ölkənin media və kommunikasiya sahələri üzrə rəsmi şəxslərlərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.
Türk Şurasına üzv dövlətlərin KİV nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfərlərii təşkil edilib. Bu missiyada Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Herseqovinadan olan 20-dən çox jurnalist təmsil olunub.
• “Trend” İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”unun birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimatı olub.
• Milli media məkanında peşəkarlığın artırılması yönündə həyata keçirilən sistemli fəaliyyət də diqqət mərkəzində olub. MEDİA Agentliyi ADA Universiteti ilə birgə media peşəkarlığı müstəvisində çoxsaylı proqramalar hazırlayaraq, icra edib. Bu sırada “Mediada islahatlara doğru” mövzusunda keçirilən seminar, “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlimlər və digər tədbirlər müsbət dəyərləndirilib.
• COVİD-19 pandemiyasının təsirləri 2021-ci ildə də özünü göstərib. Monitorinqin nəticələrinə görə, jurnalistlər arasında yoluxanların sayı 288 nəfərə yaxın olub (2020-ci ildə 117 nəfər olmuşdu ). Bununla da 2020 və 2021-ci illərdə yoluxanların ümumi sayı 405 nəfərə çatıb. COVİD-19-a yoluxma səbəbindən həyatını itirən jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da 2020 və 2021-ci illərdə koronavirusdan həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb.
• Tibbi Ərazi Birliklərinin İdarəetmə Birliyi (TƏBİB) Mətbuat Şurasının müraciətini nəzərə alaraq, jurnalistlər üçün növbədənkənar peyvəndləmə kampaniyasını həyata keçirib. Kampaniya çərçivəsində 800 nəfərdən çox jurnalistə növbədənkənar peyvəndləmə həyata keçirilib.
• Ermənistanın yaratdığı gərginlik fonunda azərbaycanlı jurnalistlərin ciddi insidentlərlə üzləşməsi halları davam edib. 2021-ci ildə bu səbəbdən Azərbaycanın 2 media işçisi- AzərTAc-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov -Kəlbəcər rayonu ərazisində minaya düşərək həyatlarını itiriblər. 22 iyul - Milli Mətbuat günündə Prezident İlham Əliyev hər iki şəhid jurnalistin ailələrinə mənzillər hədiyyə edib.
• KİV-dən sui-istifadə hallarına qarşı mübarizə tədbirləri intensivləşdirilib. 2021-ci ildə özünü jurnalist, KİV qurumu işçisi kimi tədim edərək sui-istifadə hallarına yol verən, şantaj, hədə yolu ilə vətəndaşlardan qanunsuz vəsait tələb edən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barələrində hüquqi ölçü götürülüb. 2021-ci ildə bu hallar üzrə barələrində hüquqi ölçü götürülən “KİV” və “jurnalistlərin” sayı 18 nəfər olub . Bu sırada “Bəyaz TV” adlı Youtube kanalının, “Cia.az” informasiya portalının, “Azadinfo.az” MMC-nin, “Xəbər kanalı” səhifəsinin, "Ltv -7” xəbər kanalının, Şəhid ailələrindən “çəkiliş aparmaq” adı ilə maddi vəsait alan “İnform Xəbər TV”nin (Azər Kazımov, Rübabə Vəliyeva), “www.sheffaf.az” xəbər portalının, “www.azinfo.tv”-nin və digərlərinin (ümumilikdə 18 KİV qurumu) adları xüsusilə diqqət çəkib.
• "Qərb bölgəsi press" adlı qəzetin təsisçisi Bəxtiyar Əliyev isə Aslanov Vasif Elman oğlu tərəfindən qətlə yetirilib. Rəsmi məlumatda qeyd edilib ki, Vasif Aslanov Bəxtiyar Əliyevi KİV adından şantaj əməlləri ilə məşğul olduğuna, onu şantaj etdiyinə görə qətlə yetirib.
• 2021-ci ildə ümumrespublika yayımlı KİV qurumlarından biri - Lider TV - öz fəaliyyətini dayandırıb. Bakı Kommersiya Məhkəməsi Lider televiziyasının müflis elan edilməsi ilə bağlı iddianı təmin edib. Bağlanan anda Lider TV əməkdaşlarının sayı təqribən 224 nəfər göstərilirdi.
• 2020-ci ildə 5 yeni onlayn KİV qurumu fəaliyyətə başlayıb.
• Adları beynəlxalq təşkilatların hesabatlarında həbsdə olan jurnalistlər kimi hallandırılan şəxslərdən bir qismi 2021-ci ildə sərbəst buraxılıblar və ya üzərlərindən şərti məhkumluq götürülüb. "Azadlıq" qəzetinin həbsdə olan bölgə müxbiri Elçin İsmayıllı Prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncamla əfv edilib. “Bakupress” İnformasiya Agentliyinin həbsdə olan rəhbəri Şəfəq Ağacan (Ağabalayeva) da azadlığa çıxıb. Jurnalist Elçin Həsənzadə isə həbs cəzasını tam çəkdikdən sonra azadlığa çıxıb.
• Jurnalistlər üçün tikilən 3-cü binanın Şəhid ailələrinə verilməsi ilə bağlı təşəbbüs gündəmə gətirilib. Bu məqsədlə Prezidentə müraciət edilib. Müraciəti 38 nəfər KİV, jurnalist təşkilatı və QHT rəhbəri imzalayıb. Təşəbbüs birmənalı qarşılanmayıb. 132 nəfər jurnalist bu təşəbbüsün əleyhinə çıxıb. Mövzu qərar verilməmiş saxlanılıb.
• 2021-ci ildə bəzi rəsmi qurumlar tərəfindən jurnalistlərin informasiya almaq hüququnu zorakılıqla məhdudlaşdırma halları da qeydə alınıb. Dövlət Sərhəd Xidməti Mətbuat Xidmətinin rəhbəri mayor Rövşən Cahangirovun “Baku TV”nin əməkdaşlarına qarşı fiziki təzyiq göstərməsi ciddi tənqidlə qarşılanıb.
• Yazdıqları yazılara görə “Yeni Çağ” Media Qrupunun əməkdaşı Səxavət Həmidin yüksək məbləğdə cərimələnməsi, “Bumeranq" TV-nin baş redaktoru Elçin Rəhimzadənin uzun müddətli sorğu-sual edilməsi, "Kanal 13"-ün əməkdaşı Əvəz Hafizlinin reportaj hazırladığı anda fiziki zorakılığa məruz qalması media məkanında neqativ hadisələr kimi qeydə alınıb.
Hesabat haqqında daha ətraflı məlumat almaq üçün JuHİ sədri Müşfiq Ələsgərli ilə əlaqə saxlayın.
Email: mushfig.juhi@gmail.com
tel: +99450-324-6530
JuHİ Mətbuat Xidməti
Ülkər Piriyeva