AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə “Heydər Əliyev və Türk dünyası” adlı tədbir keçirilib - VİDEO

  • + A
  • - A
  • 8-04-2023, 15:30

    Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə “Heydər Əliyev və Türk dünyası” adlı tədbir keçirilib - VİDEO

    Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi və Türk dünyasından gəlmiş aydınların iştirakı ilə “Heydər Əliyev və Türk dünyası” adlı tədbir keçirilib.

    AzadMedia.az xəbər verir ki, türk ölkə və topluluqlarından gəlmiş tanınmış aydınların iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdən öncə iştirakçılar Ümummilli liderin və bütün dövrlərdəki şəhidlərimizin, qardaş Türkiyədə fevral ayında baş vermiş dəhşətli zəlzələdə həlak olan qardaş-bacılarımızın xatirəsinə sayğı duruşuna qalxıb və ardınca Dövlət himni səsləndirilib.

    Tədbirin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı bütün iştirakçıları salamlayaraq, “Heydər Əliyev İli”ndə “Heydər Əliyev və Türk dünyası” adlı tədbir keçirilməsinin zəruriliyinən söz açıb, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü və Komitənin mənəvi dəstəyi ilə keçirilən mühüm tədbirin “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Dünya Gənc Türk Yazarlar Birliyi, “NƏFƏS” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, Beynəlxalq Mətbuat Fondu, “UNİTY-Company”, “NERJ Aləmi” və “Murad LTD”-nin təşkilatçılığı ilə keçirildiyini bildirib, yaradılan şəraitə görə Beynəlxalq Muğam Mərkəzi rəhbərliyinə, kollektivinə təşkilatçıların təşəkkürünü çatdırıb.

    Tədbirdə geniş məruzə ilə çıxış edən MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında danışıb, Ulu öndərlə birgə jurnalist kimi iştirak etdiyi xarici səfərlər barədə təəssüratlarını bölüşüb, gənc nəslə bir sıra çağırışlarda bulunub. Heydər Əliyevin ömrünü nəsillərə örnək ömür adlandıran Komitə sədri, onun Türk dünyasına bəslədiyi dərin ehtiramı, türk böyüklərinə, Türk dünyası tarixi-mədəni irsinə məhəbbətini faktlar əsasında şərh edib, Heydər Əliyev irsinin bütün Türk dünyası üçün bir dəyər olduğunu söyləyib.

    Komitə sədri Ulu öndərin zəngin həyat yolundan, doğma xalqa, müstəqil Azərbaycan dövlətinə və türk birliyinə həsr olunmuş örnək ömründən, ölkəmizin və türk ölkələrinin çiçəklənməsinə xidmət edən, Heydər Əliyevin müəllifi olduğu tarixi hadisələrdən söz açıb. Bu sırada, “Əsrin kontraktı”ndan, “Bakı-Tiflis-Ceyhan” irimiqyaslı layihəsindən söz açıb, türk ölkələrinə rəsmi dövlət səfərlərindən, işgüzar görüşlərindən, tarixi qəbullarından danışıb. Manasın, Abayın yubiley tədbirlərində iştirakından, Dədə Qorqudun, Füzulinin yubileylərinin beynəlxalq səviyyədə keçirilməsindən bəhs edib, bütün bu və bu kimi hadisələrin əcdadın ruhunu şad edən, gələcək nəsillərə yol göstərən hadisələr olduğunu deyib.

    Böyük şəxsiyyətin kəlamlarından sitat gətirən Q.Paşayeva, onun ideya-siyasi xəttindən, humanizmə, tərəqqiyə, beynəlxalq hüquq normalarına əsaslanan çağırışlarından bəhs edib. Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanmasını, gücləndirilməsini ümumtürk birliyinə ən önəmli xidmət kimi xarakterizə edən Komitə sədri, Heydər Əliyevin mühüm tarixi xidmətlərinin Türk ölkələrində daha geniş tanıdılması, dərindən öyrənilməsi və öyrədilməsinin vacibliyinə vurğu edib.

    Q.Paşayeva Türk dünyasının bəşər tarixinə bəxş etdiyi böyük şəxsiyyətin Azərbaycan Respublikasına istər birinci, istərsə ikinci rəhbərliyi dönəmində ölkəmiz üçün həyata keçirdiyi böyük və əvəzsiz xidmətlərindən, o cümlədən ölkədə təhsil, səhiyyə, iqtisadiyyat və digər əməli fəaliyyət sahələrinin inkişafı üçün yaradılan münbit şəraitdən danışıb. Türkçülük, çağdaşlıq və islamçılığı üzvi surətdə birləşdirən dövlət bayrağımızın ən ümdə ismarıclarını, məzmununu şərh edib.

    Q.Paşayeva Ulu öndərlə bağlı xatirələrini, ürək sözlərini bölüşüb.

    Nitqinə davam edən Komitə sədri daha sonra deyib:

    “Azərbaycan dünyaya Günəş kimi doğacaq” deyən Ulu öndər Heydər Əliyev ölkəmizi sabitlik ünvanına çevirdi, sonra, tərəfdaş ölkələrin inkişafında da önəm daşıyan inkişaf xəttinə çıxardı, Türk ölkələrinə, ümumən dünyanın dörd bir yanına çoxsaylı, səmərəli səfərlər edərək, həqiqətlərimizi yaydı. Beynəlxalq aləm Azərbaycanın önəmini dərindən dərk etməyə, dəyərləndirməyə başladı: dostluqlar bərpa olundu, yeni əlaqələr quruldu, bədxahlar mümkün olduğunca neytrallaşdırıldı.

    Gəlin, bu vurğuladığımız məqamlara daha geniş diqqət yetirək:

    Heydər Əliyev bütün imkanları səfərbər edib, dövlət-xalq birliyi ilə dövlətçiliyimizi, ölkəmizi faciələrdən qorudu, siyasi sabitlik, güclü iqtisadi inkişaf yolunu açdı, o cümlədən qlobal enerji-kommunikasiya layihələrini gerçəkləşdirməyə başladı. Həmin layihələr türk ölkələri üçün də fövqəladə önəmə malikdir.

    Ulu öndər Heydər Əliyevin ən çox sevdiyi şeirin misraları ilə desək, o, “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” deyə tərənnüm etdiyi, candan, könüldən bağlı olduğu can Azərbaycana, xalqa, qardaşlıq, dostluq hüququna sadiq qaldı”.

    Heydər Əliyevin həyata keçirdiyi digər böyük işləri yada salan Komitə sədri fikirlərini bir neçə əməli fəaliyyət sahəsi üzrə davam etdirib:

    “Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi ilə aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyi dururdu. Onun rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya müstəqil dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan müstəqil dövlət olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu seçdi. Bu istiqamətdə görülən işlər ardıcıl, məqsədyönlü xarakter aldı. Heydər Əliyevin humanizm prinsipləri əsasında qəbul etdiyi belə qərarlar nəhayətdə, respublikamızda ölüm hökmünün ləğvi ilə nəticələndi. Heydər Əliyevin təşəbbüsü ilə mətbuat üzərindən senzura aradan qaldırıldı, insan hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi.

    Ulu öndər Heydər Əliyevin qlobal düşüncəli, geniş dünyagörüşlü, üfüqügeniş nəhəng siyasətçi, dövlət xadimi, realist insan olması hər çətin anda, mürəkkəb məqamda alternativlərin ən yaxşısını bulmağı təmin edirdi. Təsadüfi deyil ki, gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi yüksək peşəkarlığa görə akademik çevrələr, dünya liderləri onu “siyasət nəhəngi”, “siyasət qrossmeysteri”, “siyasət patriarxı” olaraq tərənnüm edir, ona heyranlıqlarını gizlətmirdilər.

    Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək özəllikləri ilə seçilirdi.

    Bir qədər öncə də vurğuladığım kimi, Ulu öndər beynəlxalq münasibətlər sistemində Azərbaycan həqiqətlərinin yorulmaz carçısı idi. Torpaqlarımızın Ermənistan tərəfindən, onun havadarlarının dəstəyi ilə işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə ağırlıqlı şəkildə gətirən məhz Heydər Əliyev oldu. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi.

    Çıxışımın sonunda Azərbaycan Respublikası tarixinin ən önəmli günlərindən birinə və həmin gün deyilmiş undulmaz sözlərə diqqət yetirmək istərdim. Bu sözlər 8 noyabr 2020-ci ildə, Şuşanın Ermənistanın 28 illik işğalından azad olunması ilə bağlı Prezident İlham Əliyevin xalqa müraciətindəndir: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”! Bəli, ata vəsiyyətinin ali ifadəsi, o vəsiyyətə layiqincə əməl edilməsinin təntənəsi olan bu sözlərlə çıxışıma yekun vurarkən, Ulu öndər Heydər Əliyevi bir daha dərin sayğılarla anır, onun siyasi kursunu ləyaqətlə davam və inkişaf etdirən dövlət başçımıza – Müzəffər Ali Baş Komandan İlham Əliyevə yeni zəfərlər diləyirəm”!

    “Heydər Əliyev və Türk dünyası” adlı tədbirdə Tatarıstan Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Dövlət mükafatı laureatı Rkail Zəydulla, Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar mədəniyyət xadimi Nurlan Kalıbekov, “TRT- Türkmənistan Masası”nın rəhbəri, tanınmış jurnalist, ictimai xadim Murat Toylu, İraq Türkmanlarının tanınmış nümayəndəsi, şair-publisist, araşdır­maçı-jurnalist, ictimai xadim, “Kərkük Mədəniyyət Mərkəzinin başqanı Şəmsəddin Kuzəçi, Qazaxıstanın tanınmış şair-tərcüməçisi, “ABAY Tv”-nin əməkdaşı Tanagöz Tolkınqızı, Çuvaşıstanın Əməkdar incəsənət xadimi, şair-publisist Marina Karyagina, təşkilatçı qurumlardan “UNİTY-Company”in rəhbəri Fikrət Əliyev, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva, RHİMİB sədri Arzu Bağırova, BAMF prezidenti Umud Rəhimoğlu və b. çıxış edərək, Ulu öndərin nəsillərə örnək ömründən, Türk dünyası qarşısında xidmətlərindən danışıblar.

    Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova və tanınmış vokalist, aşıq İlham Əsgəroğlunun möhtəşəm ifaları tədbirə xüsusi rəng qatıb. Sənətçilər öz ifalarında Ulu öndərin sevdiyi şeir və mahnılara, Türk ölkə və topluluqlarının populyar mahnılarına üstünlük verib.

    Tədbirdə şəhid ailələri, qazilər, təhsil işçiləri, yuxarı sinif şagirdləri, Arxangelsk və Çuvaşıstandakı diaspor rəhbərlərimiz, mədəniyyət işçiləri, incəsənət xadimləri, Bakı şəhər Mədəniyyət İdarəsinə, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələrin əməkdaşları, yaradıcı insanlar, alimlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimai fəallar, gənclər və b. iştirak edib.

    Sonda Q.Paşayeva və təşkilatçı qurumlar adından türk ölkə və topluluqlarından gəlmiş aydınlara, ifaçı sənətçilərə xarıbülbül motivli, ümumən Azərbaycan mədəni irsini təcəssüm etdirən xatirə hədiyyələri bağışlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR